Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Miroslav Layçak ilə Davosdakı qısa görüşünü məmnunluqla xatırlayaraq, onun ölkəmizə bu səfərinin regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.
Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən edilmiş prioritetlər barədə dövlətimizin başçısına məlumat verərək, bu sırada münaqişələrin qarşısının alınmasının və vasitəçiliyin mühüm yer tutduğunu diqqətə çatdırdı, bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmində olduqlarını dedi. Miroslav Layçak münaqişə ilə bağlı vəziyyətlə yerindəcə tanış olmaq və fikir mübadiləsi aparmaq üçün bu səfərin yaxşı fürsət yaratdığını bildirdi.
Ölkəmizin ATƏT-ə üzvlüyə böyük önəm verdiyini deyən dövlətimizin başçısı Azərbaycanın həm bu təşkilat çərçivəsində, həm də təşkilata üzv olan dövlətlərlə fəal iş apardığını və səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu dedi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Prezident İlham Əliyev bu münaqişənin uzun illərdir ki, davam etdiyini və Azərbaycan ərazilərinin bütün beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozularaq Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, ATƏT və digər təşkilatların bu cür qərar və qətnamələrinə baxmayaraq, 25 ildən artıqdır ki, bu tələblər yerinə yetirilmir. İşğal nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, torpaqlarımızın zəbt edildiyini, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və demoqrafik vəziyyətin dəyişdirilməsi siyasətinin həyata keçirildiyini deyən dövlətimizin başçısı Azərbaycanın bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu bildirdi. Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını qeyd edən dövlətimizin başçısı Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirdi. Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd etdi.
Görüşdə, həmçinin ATƏT-in gündəliyində duran məsələlərə, Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikri mübadiləsi aparıldı.