Qafqaz Müsəlmanları İdarəsində 31 Mart – Azərbaycanlılarının Soyqırım Günü ilə bağlı keçirilən tədbirdə ölkədəki dini konfessiyaların adından dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət qəbul edilib.
APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı böyük günahlardan hesab olunur.
Sənəddə vurğulanır ki, belə faciəvi soyqırım cinayətlərinə məruz qalan xalqlardan biri də azərbaycanlılardır və bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini, o cümlədən dini ictimaiyyəti daim narahat edir. Daha sonra tarixdən müasir dövrə qədər Azərbaycan xalqına qarşı törədilən cinayətlər, qətllər, ərazilərin işğalı faktları xatırladılır.
Müraciətdə qeyd edilir ki, dövlətlər və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgə yaşayış normalarının tətbiq olunması zəruridir: “Lakin təəssüflər olsun ki, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıblar, işğal etdikləri Qarabağ və ətraf rayonlardan qoşunların qeyd-şərtsiz və dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini bu günədək yerinə yetirməyiblər. Azərbaycanın illərdir beynəlxalq ictimaiyyətə etdiyi müraciətlərə baxmayaraq, Xocalı soyqırımı faktı hələ də lazımi səviyyədə siyasi, hüquqi qiymətini almayıb. Biz dini ictimaiyyətimiz adından bir daha dünya ictimaiyyətinə müraciət edir, erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq”.
Müraciəti QMİ sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri İcmasının rəhbəri Melix Yevdayev, Azərbaycan Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç, Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili, katolik icmasının rəhbəri, ordinari Vladimir Fekete imzalayıblar.