
Abidələr və tarixi məkanlar öz möhtəşəm görkəmi ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır və Vətənə olan sevgini, sadiqliyini insanlara aşılayır. Abidələr xalqın daş yaddaşıdır. Onları qorumaq, abad saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Bu abidələr bəzən insanlar tərəfindən yaranır, bəzən isə onları təbiət yaradır. Lakin hər iki halda abidələr möhtəşəmliyi ilə malik olduğu xalqın milli sərvəti olmaqla yanaşı qürur mənbəyidir.
Bunlardan biri də Buzovna qayalıqlarıdır. Min illərdir bu qayalar öz möhtəşəmliyi ilə göz oxşayıb. İnsanlar torpaq, dəniz, od və səma kimi möhtəşəm varlıqların təsirini burada tam olaraq hiss edərək öz ağırlıqlarını, yorğunluqlarını unudublar. Bu təbii varlıqlardan güc qüvvət alaraq yaşayıb yaradıblar. Təsadüfi deyil ki, nakam şairimiz Mikayıl Müşfiq Məşhur “Yenə o bağ olaydı” şerini məhz bu qayaların üzərində mavi Xəzərə baxaraq yaradıb.
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara…
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Vaxtilə Xəzərin suları qayaları qucaqlayır, onları bir doğma kimi sığallayarmış. Burada özündə maraqlı bir əfsanəni daşıyan Aslan və Mahnigar adını almış qayalar da var. Sonralar bu yarıəfsanə, yarıtarixi faktlar görkəmli Xalq şairimiz Səməd Vurğunun məşhur poeması üçün mənbə rolunu oynadı. Lakin zaman keçdi, sular çəkildi. Buzovna qayalarının yerləşdiyi ərazi bir sıra filmlərin çəkildiyi məkan oldu. “Torpaq, dəniz, od, səma” filmi kimi. Dünyaca məşhur Müslüm Maqomayev dəniz haqqında məşhur mahnısını burada ifa etdi.
Lakin elə bir zaman da gəldi ki, dövlətin çətin dövründən, başqarışıqlığından, humanizmindən bir para insanlar sui istifadə etdilər. Dənizin sahil məntəqələri qanunsuz olaraq sanki zəbt edildi. Burada qanunsuz tikililər, obyektlər tikildi və təbiətin bu gözəlliyi əslində xalqın üzünə qapandı.
Ancaq bu mərhələ çox davam etmədi. Qanunsuzluqlara son qoymaq üçün xalqın səsi ən yüksək zirvələrdə eşidildi. Qeyd etməliyəm ki, məsələ ilə bağlı ekologiya cəbhəsində mübarizə aparan Buzovna sakinləri qayalıqların azadlığı və bərpası üçün cənab İlham Əliyevə məktub ünvanlamışdılar. Buzovna sakinlərinin səsinə səs verən cənab Prezident məsələnin araşdırılıb, məruzə edilməsiylə bağlı göstəriş verdi. Nəticədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2024-cü il 2 may tarixli Sərəncamı ilə bu əraziyə bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilmişdir. Təbiət abidəsi “Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin – geoloji (paleontoloji) obyektlərin Siyahısı”na daxil edilmişdir. Və bu tarixsevərlər, EKO fəallar üçün bir siqnal oldu. Qəsəbənin fəalları hərəkətə keçdilər. Ərazidə iməcliklər başladı. Qısa bir müddətdə qayalıqlarda 74 iməclik keçirildi. Ərazidə illərlə toplanmuş tullantılar təmizləndi. Buradakı qanunsuz tikililər, iaşə obyektləri müvafiq qurumlar tərəfindən söküldü. Təbiətin bu əsrarəngiz mənzərəsi öz ilkin varlığına qayıtdı. Artıq qayalıqlar azaddır.
Hazırda könüllülər, EKO fəallar, tarixsevərlər mübarizəni davam etdirir. Beləki, nəticədə 31 avqustda ərazidə EKO ART layihə baş tutdu. Xalq Rəssamları Arif Əziz və Arif Hüseynovun, Əməkdar rəssamlar Vüqar Əli və Rəfail Muradovun və digər rəssamların iştirakı ilə reallaşan layihə möhtəşəm idi.
Tədbiri açıq elan edən ictimai fəal Seyfulla Azər tədbirin mahiyyəti, ərazinin tarixi keçmişi, qoruq status alması haqqında iştirakçılara məlumat verdi.
Tədbirdə çoxsaylı qonaqlar iştirak edirdi. Qədim Şaman üslubunda ulu keşmişimizi əks etdirən musiqi nömrələri tədbirə xüsusi rəng qatdı.
“Xəzərin mirvarisi Buzovna qayalıqları” layihəsinin əsas məqsədi qayalıqların hazırkı ekoloji problemlərini mədəni–tarixi əhəmiyyətini tanıtmaq, təbiətlə insan arasındakı güclü bağları incəsənət vasitəsi ilə insanlara çatdırmaq ictimai məsuliyyəti artırmaqdır. Qeyd edək ki, layihənin 3 mərhələdən ibarət olması nəzərdə tutulub. İlk mərhələ rəsm mərhələsi baş tutmuşdur. Təqribən 50 rəssam bu ərazidə təbiətdən ruhlanaraq əsərlər yaratdı. Sonrakı mərhələdə sərgi keçirilməsi nəzərdə tutulur.
Qayalıqlar milyon illərin bizə mirasıdır. Bizim isə borcumuz bu mirası qoruyub gələcək nəsillərə çatdırmaqdır. Bu tədbirdə həm tariximizi həm incəsənətimizi həm də ekologiyamızı göz bəbəyi kimi qurumaq kimi müqəddəs vəzifə durur qarşımızda. Güman edirəm ki, bu əsrarəngiz qayalar qoruq statusunda gələcəkdə Qobustan kimi, Qız qalası kimi daha geniş formada xalqımıza və dünyaya tanıdılacaq.
Elçin Əliyev