Xəbər verildiyi kimi, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəhbərliyi ilə Tacikistan parlamentinin üzvləri və Düşənbə şəhərinin rəsmilərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində nümayəndə heyətinin Bakı Şəhər İcra Hakimiyyətində icra başçısı Eldar Əzizovla görüşü keçirilib.
Şəhər icra hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqları salamlayan Eldar Əzizov paytaxt Bakı şəhərinin tarixi və şəhərdə həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin səyləri ilə Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri onu daha da gözəlləşdirib. Eldar Əzizov bildirib ki, bu səfər hər iki paytaxt şəhərləri arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar açacaq.
Azərbaycan və tacik xalqlarının uzun əsrlərdən bəri dostluq şəraitində yaşadıqlarını söyləyən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. R.Emoməli Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, bu səfərin Bakı və Düşənbə şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.
Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildirib.
Bakı şəhəri haqqında videorolikin nümayişindən sonra Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb və xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əsgərov və Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli iştirak ediblər.
Qeyd edək ki, səfər çərçivəsində tacikistanlı qonaqların Bakı şəhərinin görməli yerlərinə ziyarətləri nəzərdə tutulur.