Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə oktyabrın 25-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADA Universitetinin, Azərbaycan diasporunun nümayəndələri, yerli ictimaiyyətin tanınmış şəxsləri və media mənsubları iştirak ediblər.
Qivami Rəhimlinin moderatorluğu ilə keçirilən tədbirdə Milli Muğam Müsabiqəsinin münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Cefri Verbokun Azərbaycanla əlaqələrinin tarixindən, uzun illər davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıb. Qeyd edib ki, Cefri Verbok ölkəmizi, xüsusilə mədəniyyətimizi, musiqimizi dünyada uğurla təbliğ edir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Cefri Verbokun uzun illərdir Azərbaycan mədəniyyətinin bütün dünyada tanıdılmasında yorulmadan bir çox işlər gördüyünü deyib.
Komitə sədri Ulu Öndər Heydər Əliyevin yüz illiyinin qeyd olunduğu bu özəl ildə 300-dən çox tədbirin həyata keçirildiyini bildirib. O, Ulu Öndərin hər zaman diaspora xüsusi diqqətlə yanaşdığını və dəstək olduğunu söyləyib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Cefri Verbokun Amerikada Azərbaycanın mədəniyyətini təbliğ etdiyini, bu istiqamətdə böyük işlər gördüyünü bildirib. O, ölkəmizin müstəqilliyin bərpasının ilk illərində məhz C.Verbok kimi şəxslərin mədəniyyət, incəsənət, musiqi yolu ilə Azərbaycanı Amerikada tanıtdığını diqqətə çatdırıb.
Sonra Cefri Verbokun Ümummilli Lider Heydər Əliyevlə görüşü barədə videoçarx nümayiş olunub, həmin görüşdə qeyd olunan məsələlərin bu gün həqiqətə çevrildiyi, ərazi bütövlüyümüzün təmin olunduğu və Azərbaycanın dostlarının da bizimlə bərabər qələbə sevinci yaşadığı diqqətə çatdırılıb.
Tədbirdə digər çıxış edən digər natiqlər Cefri Verbokla bağlı fikirlərini bölüşüblər.
Daha sonra amerikalı musiqiçiyə həsr olunmuş “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmindən fraqmentlər nümayiş etdirilib.
Bədii hissədə Cefri Verbok, Anar İmanov və Əsgər Əsgərzadənin ifasında konsert proqramı təqdim edilib.