
Noyabrın 24-də Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 26-dək davam edəcək forum “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.
Tədbirdə çıxış edən Baş nazirinin müavini Əli Əhmədov bütün qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Nizami Gəncəvinin Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairlərdən biri olduğunu söyləyən Əli Əhmədov deyib: “Nizami Gəncəvinin bütün yaradıcılığı, həyatı bilavasitə Azərbaycanla bağlıdır. O nəinki Gəncədə doğulub, bütün həyatını Gəncədə keçirib. Onun yaradıcılığı nə dərəcədə Azərbaycanla bağlıdırsa, o dərəcədə də ümumbəşəri dəyərlərə xidmət etdiyindən bütün dünyaya örnəkdir. Nizami Gəncəvi yaradıcılığına xas olan bütün dəyərlər – xeyirlə şərin mübarizəsi, gözəlliyin tərənnümü, ədalətli cəmiyyət problemi, hesab edirəm ki, bəşəriyyətin bütün xalqlarına və bütün dövrlərinə aid ümumi problemlərdir. Nizami Gəncəvi böyük şair deyil, eyni zamanda dahi mütəfəkkir, dərin təfəkkürə sahib filosof idi. Onun əsərlərində xalqlar asında dostluq ideyalarını tərənnüm edən tezislər də mövcuddur. İndiki dillə desək, Nizami Gəncəvi xalqlar arasında xoşməramlı səfir idi. Ona görə də bütün dünya o dahi şairi 880 il sonra da böyük hörmətlə yad edirlər. O, 880 ildən çoxdur ki, sevilir, oxunur. Onun poeziyası məzmununu itirməyib. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri iftixarıdır. O, 8 əsrdən çoxdur ki, şeirləri, fikirləri ilə yaşayır. Güman edirəm ki, şairə xas olan dərin fəlsəfi fikirlər bu forumda müzakirə ediləcək, Azərbaycandan kənarda da Nizami Gəncəvi yaradıcılığına marağı daha da artıracaq”.
Bu gün Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf kimi mütərəqqi ideyalarının fəal təbliğatçısı kimi çıxış etdiyini deyən mədəniyyət naziri Anar Kərimov bildirib ki, xalqımızın mədəniyyətinin, onun multikultural dəyərlərinin və baxışlarının formalaşdırılmasında Nizami Gəncəvinin müstəsna rolu olub: “Şərqin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi təkcə öz doğma vətənində deyil, bütün dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətlərdəndir. XII əsr Azərbaycan Atabəylər dövlətinin əsas mərkəzlərindən olan Gəncənin mədəni mühitində dünyaya gəlmiş Nizami, ömrünün sonunadək bu qədim şəhərdə yaşamış, Atabəylər, Şirvanşahlar və digər türk dövlətlərinin hökmdarlarının xahişi ilə dünya mədəniyyəti xəzinəsinə öz misilsiz incilərini bəxş edib.
Nizami ümumbəşəri sevgi və fəlsəfənin təkrarsız lirikasını, ən əsası isə – “Xəmsə” kimi şah əsərini yaratmaqla Şərq intibahının banisi oldu. Şairin sonrakı nəsillərə qoyduğu poetik mirası insanları yaxşılığa, mərhəmətə, dostluğa, millətləri sülhün, ədalətin və harmoniyanın ümumbəşəri səltənətinin qurulmasına çağırıb”.
Nazir vurğulayıb ki, şairin yaratdığı poeziya ənənələri zaman və məkan sərhədlərini aşaraq, əsrlər boyu müxtəlif xalqların dahi şairləri tərəfindən uğurla davam etdirilib: “Mövlanə Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əlişiri Nəvai, Məhəmməd Füzuli, Əbdurrəhman Cami və başqa neçə-neçə Şərqin dahi şairləri Nizami yolunun layiqli davamçılarıdırlar.
Ümumbəşəri əhəmiyyət kəsb edən Nizami mövzularının əks-sədasını Qərb ədəbiyyatının Dante, Bokaçço, Volter, Göte, Qozzi, Şekspir və s. kimi mütəfəkkirlərinin yaradıcılığında da sezmək mümkündür. XIX əsrdən rus dilinə tərcümə olunmağa başlayan Nizaminin əsərlərinə V.Xlebnikov və Ptitsin kimi rus şairləri də nəzirələr yazıb. Başqa sözlə, Nizami şəxsiyyəti və irsi Azərbaycan mədəni mühitində dünyaya gəlsə də bütün bəşəriyyətə məxsus universal bir dəyərdir”.
A.Kərimov qeyd edib ki, Nizami təkcə poeziya və fəlsəfə tarixində deyil, həm də ötən 8 əsrdən artıq bir müddətdə, mədəniyyətin bir çox sahələrində şah əsərlərin yaranması üçün ilham mənbəyi kimi çıxış edib: “Onun əsərlərindəki motivlərə həsr olunmuş orta əsr miniatürləri və tətbiqi dekorativ sənət nümunələri bu gün dünyanın aparıcı muzeylərinin ən dəyərli eksponatları sırasında nümayiş etdirilir.
Əsrlər ötüb keçsə də, Nizami irsi öz aktuallığını daim qoruyub saxlayır, dahi şairin insan cəmiyyətində xoşbəxtlik və tərəqqinin bərqərar olunması üçün XII əsrdə təqdim etdiyi sosial həllər müasir dövrdə də gələcəyi işıqlandırmağa davam edir. Onun insan cəmiyyətinə ensiklopedik yanaşması bugünkü dünyada da parlaq gələcək üçün çalışan müxtəlif din, dil, peşə sahibləri üçün ilham mənbəyi olmağa layiqdir”.
Nizami Gəncəvi ilə əlaqədar Mədəniyyət Nazirliyinin bir təşəbbüsünü tədbir iştirakçıları ilə bölüşən nazir deyib: “Bəllidir ki, BMT-nin 2030 Gündəliyi çərçivəsində qəbul olunmuş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) bütün qlobal problemlərin həllini nəzərdə tutur.
Mədəniyyət Nazirliyi olaraq biz bu istiqamətdə yeni yanaşmanı təklif edirik. Bu yanaşma DİM-lərə nail olunmasında cəmiyyətlərin rolunun gücləndirilməsini hədəfləyir. Bu yanaşmaya uyğun olaraq dayanıqlı inkişaf naminə 17 məqsəddən hər biri Nizami Gəncəvi prizmasından nəzərdən keçirilib. Beləliklə, DİM-lərin əksəriyyətinin tarixən insanlıq problemi olduğu müəyyən edilib.
Təklif edilən bu yanaşma ölkələrin DİM-ləri həmçinin öz mədəniyyətləri çərçivəsində qəbul etmələrini dəstəkləyərək problemlərin həllində mədəni irsin vacibliyini qeyd edir. Bununla əlaqədar olaraq əslində burada DİM və mədəniyyət kəsişməsinin önəmini xüsusilə göstərmək istəyirik. Biz istəyirik ki, BMT ölkələri DİM-lərin təmin edilməsi üçün özünün mədəniyyət siyasətini, məcazi mənada hamı öz “Nizami Gəncəvi”sini tapsın”.
Forumda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, “Nizami Gəncəvi kimdir?” sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı, astronomiya, fəlsəfə, coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda 7 dili mükəmməl bilən alimdir. Nizami Gəncəvi ürəyində və beynində mürəkkəb düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni, istər duyğu, istərsə də fikirləri mükəmməl şəkildə sözə çevirib insanlıq üçün miras qoyub: “Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək. Biz, türk dünyasının mədəniyyət körpüsünü var edən əcdadlarımıza idarəçisindən sənətkarına, aliminə qədər sahib çıxmağın məsuliyyətini daşıyırıq. Əks halda, bizi bir və bütöv edən bu bənzərsiz insanlar ya unudulacaq, ya da öz millətindən, soyumuzdan, tariximizdən, birliyimizdən qoparılıb yadlaşdırılacaq. Nə atalarımız, nə də uşaqlarımız belə bir günahın hesabını verə bilmərik. Bir olub minillik illik tariximizə birlikdə sahib çıxacağıq.
Tədbirdə Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov və Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Forumun keçirilməsini yüksək qiymətləndiriblər.
Bildirilib ki, öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz xidmətləri vardır. Bu baxımdan tarixdə onunla eyni sırada dayanacaq ikinci söz və fikir adamı yoxdur. Nizami poeziyası bir daha sübut edir ki, Azərbaycan xalqı əsrlər boyu humanizm ideyalarının daşıyıcısı olmuşdur.
Qeyd edək ki, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var. Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.
Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir. Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlər keçiriləcək.
Sonda Forumun 8 bənddən ibarət Birgə Kommünikesi qəbul edilib.
Forum işini panel müzakirələrlə davam etdirir.