İyulun 8-də Bakıda “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər, hüquqşünaslar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransın məqsədi Qərbi Azərbaycan ərazilərinə tarixi, mədəni və hüquqi baxışlar əsasında qayıdışın yollarını müzakirə etməkdir.
Tədbirdə çıxış edən “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin sədri Xəyyam Əsgərov bildirib ki, Azərbaycan 30 il ərzində erməni separatizminə qarşı mübarizə aparıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Zəfər qazanıb, ərazi bütövlüyümüzü bərpa edib. Bu gün Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda bərpa-yenidənqurma işləri həyata keçirir, keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Qərbi azərbaycanlı vətəndaşlarımız da öz dədə-baba yurdlarına qayıdıb orada yaşamalıdırlar.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxışında tədbirin mövzusunun aktuallığına və əhəmiyyətinə toxunub. Bildirib ki, son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı Ermənistan tərəfindən deportasiya, soyqırımı siyasəti həyata keçirilib. Soydaşlarımız etnik təmizləməyə məruz qalıb, ermənilər hər tarixi fürsətdə onları doğma yurdlarından qovub çıxarıblar.
Ə.Ələkbərli əcdadlarımızın həmin ərazilərdə yaratdığı mədəni-mənəvi dəyərlərin də vandalizmə məruz qaldığını söyləyib. Qeyd edib ki, ermənilər bu ərazilərə gəldikdən sonra oradakı Azərbaycan izlərini yer üzündən silmək siyasəti yürüdüblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib, ya da tamamilə məhv edilib.
Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç diqqətə çatdırıb ki, Qərbi Azərbaycana yaşayan 380 mindən çox Azərbaycan türkü zorla evlərindən çıxarılıb, bütün mülkləri müsadirə edilib. Bu gün Ermənistanı müdafiə edənlər Qarabağdan öz arzuları ilə çıxan ermənilərin geri dönmələri üçün təminat istəyirlər. Bəs niyə 380 mindən çox Qərbi azərbaycanlının doğma torpaqlarına qayıtması üçün təminat tələb edilmir?
Hulusi Kılıç, həmçinin deyib ki, ermənilər Azərbaycan torpaqlarındakı tarixi izləri dəyişdiriblər. Bu gün dünyada heç kim bu barədə danışmır. Bu, azmış kimi, hətta Ermənistanı müdafiə edirlər. Biz beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək istəyirik. Türkiyə olaraq biz hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında dayanmışıq, bundan sonra da olacağıq.
Tədbir mövzu ətrafında çıxışlarla davam edib. Çıxışlar zamanı Qərbi Azərbaycanın qədim dövrlərdən bəri xalqımızın doğma vətəni olduğunu sübut edən faktlar təqdim edilib. Həmçinin Qərbi Azərbaycan ərazilərində Azərbaycanın mədəni irsi və bu irsin qorunması, yenidən canlandırılması yolları müzakirə olunub. Beynəlxalq hüququn normalarına əsaslanaraq, Qərbi Azərbaycan ərazilərinə qayıdışın hüquqi aspektləri və bu prosesi həyata keçirmək üçün hüquqi mexanizmlərə diqqət çəkilib.