İyunun 24-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, QHGT-nin Baş katibi Nigar Bağırlı tədbir iştirakçılarının beş gün ərzində Bakı və Şamaxı şəhərlərində keçirilən Forumda apardıqları fəal müzakirələrin və innovativ təkliflərin beynəlxalq iqlim prosesində önəmindən danışıb. Qeyd edib ki, müzakirələrin yekununda qəbul edilən sənəd COP29 Sədrliyinə təqdim olunacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi, COP29-un baş danışıqçısının müavini Samir Becanov çıxışında gəncləri Forumu uğurla başa çatdırmaları münasibətilə təbrik edib.
S.Becanov COP29 Sədrliyinin gənclərin iqlim danışıqlarında iştirakının dəyərindən bəhs edərək Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini bu prosesdə fəal iştiraka çağırıb.
Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
Forumda QHGT-nin bir sıra milli bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak ediblər.
Forum müddətində gənc iştirakçılar mədəniyyətlərarası qarşılıqlı əlaqə yaratmaq üçün imkanlar əldə edib və xüsusilə mühüm qlobal problemlərin həlli üçün nəzərdə tutulmuş müxtəlif sessiyalara qatılıblar.
Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirakı ilə QH Gənclər Şəbəkəsi tərəfindən ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzv dövlətlər üzrə 59 milli bölməsi nəzdində fəaliyyət göstərən yüzlərlə fəal gənc QH ölkələri arasında beynəlxalq dialoqa təkan verir.