Bakıda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplama kampaniyası davam edir.
AZƏRTAC xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq, yardım kampaniyasında vətəndaşların böyük fəallığı müşahidə olunur.
Paytaxtımızda zəlzələdən zərər çəkənlərə yardımlar əsasən iki ünvanda toplanılır. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi yardım kampaniyası Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Kompleksində, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yardım kampaniyası isə Əl Oyunları Sarayında keçirilir.
Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.
Heydər Əliyev adına İdman Kompleksində yüzlərlə şəxs könüllü kimi fəaliyyət göstərir.
Toplanan əşyalar arasında əsasən qış paltarları, o cümlədən əlcək, gödəkcələr, şalvar, şərf, qalın yun corablar, həmçinin yataq dəstləri, təmizlik ləvazimatları, ərzaq, su, xalça, fənər, generatorlar və odun sobaları üstünlük təşkil edir.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə ard-arda iki güclü zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, 14 mindən çox insan ölüb, 63 min 794 insan yaralanıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.
Türkiyəyə ilk yardım əlini uzadan ölkə Azərbaycan olub. Zəlzələ xəbərindən dərhal sonra – fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb. Hazırda zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti fəaliyyət göstərir. Faciədən zərər çəkmiş şəxslər üçün fevralın 8-də Heydər Əliyev Fondu tərəfindən daha 36 ton humanitar yardım göndərilib.