
İlyas Babayev – 90
Dünən Azərbayacn Milli Elmlər Akademiyasında görkəmli arxeoloq, AMEA-nın müxbir üzvü, professor İlyas Babayevin anadan olmasının 90 illiyinə həsr olunan “Antik dövrdə Qafqaz və ətrafında urbanizasiya prosesləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən yubiley məclisində Azərbaycan alimləri ilə yanaşı, ABŞ, Koreya, Almaniya və Türkiyənin müvafiq sahə üzrə aparıcı alim və mütəxəssisləri, tanınmış arxeoloqlar, AMEA əməkdaşları, KİV mənsubları və digər qonaqlar iştirak edirdilər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransı geniş giriş sözü ilə açaraq görkəmli alim İlyas Babayevin səmərəli elmi fəaliyyətindən, böyük elm fədaisinin ölkəmizdə arxeologiya elminin inkişafındakı müstəsna xidmətlərindən söz açdı. Professor İlyas Babayevin Azərbaycanda elmi məktəb yaratmış arxeoloqlardan biri olduğunu söyləyən AMEA rəhbəri onun əsas tədqiqatlarının qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixinə və arxeoloji problemlərinə həsr edildiyini bildirdi.
AMEA rəhbəri qeyd etdi ki, fədakar arxeoloqun tədqiqatları təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edərək aktuallığını qoruyur və Azərbaycanda arxeologiya elminin nailiyyətləri sırasındadır: “Mənalı ömrünü bütünlüklə tarix elminə və arxeoloji fəaliyyətə həsr etmiş İlyas Babayev bütün varlığı ilə öz işinə bağlı arxeoloq, arxeologiyanın romantikasını, fəlsəfəsini, ideologiyasını öz üzərində daşıyan görkəmli alim idi. Onun tədqiqatları zəngin tariximizi və mədəniyyətimizi dünyaya göstərir. AMEA-nın müxbir üzvü İlyas Babayevin inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar. Tarixin qaranlıq qatlarındakı keçmişimizi işıqlandıran professor İlyas Babayevin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans onun elmi irsinin dünya miqyasında tanındığını və yüksək dəyərləndirildiyinin göstəricisidir”.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev konfransın mövzusunun aktuallığının İlyas Babayevin tədqiqatlarının bəşəri önəmindən və elmi irsinin zənginliyindən qaynaqlandığını söylədi.
Seul–Bakı, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, fəlsəfə doktoru Ruhəngiz Heydərova, Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri tarix elmləri doktoru, professor Qafar Cəbiyev İlyas Babayevin 1959-cu ildən ömrünün sonuna qədər – 58 il Qəbələdə tədqiqatlar apardığını və bu tarixi məkana son dərəcə bağlı insan olduğunu, arxeoloq alimin yolunu onun yetirmələrinin layiqincə davam etdirdiklərini söylədilər.
Konfransda çıxış edən alimin oğlu Arxeologiya və Antropologiya İnstitutu Həmkarlar Təşkilatının sədri Faiq Babayev və bacısı oğlu Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanov yubiliyarın xatirəsinə göstərilən diqqət və ehtirama görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildiriblər.
Mərasimi AMEA-nın müxbir üzvü İlyas Babayevin həyat və elmi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.
Beynəlxalq konfrans öz işini bölmə iclasları ilə davam etdirib və bugün yekunlaşacaq.
Tahir AYDINOĞLU
xalqqazeti.az


















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











