Bakı-Füzuli-Bakı marşrutu üzrə bu gün səhər yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən iyunun 25-də Bakı-Füzuli-Bakı şəhərlərarası avtobus marşrutu istifadəyə verilib. Artıq marşrut üzrə ilk avtobus erməni işğalından azad olunan Füzuliyə çatıb.
Sərnişinlər – Füzuli sakinləri rayonun Merdinli kəndi, Füzuli şəhər mərkəzi, Füzuli Beynəlxalq Hava Limanı, İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar karvansaray kompleksi və Dövlətyarlı kəndində olacaqlar.
Qeyd edək k, sərnişin avtobusu Bakı-Füzuli-Bakı marşrutu üzrə hər həftənin şənbə günü yola çıxacaq. Avtobus Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunacaq. Sürücülər ANAMA-da xüsusi kurs keçiblər.
Biletlər Ağdam və Şuşa avtobus reyslərində olduğu kimi, “https://yolumuzqarabaga.az/” portalı vasitəsilə yalnız onlayn satılır. Sərnişinlər öncədən hər iki tərəfə bilet almalıdırlar. Çünki eyni gündə də geri dönəcəklər.
Avtobus 59 sərnişin tutumuna malikdir. Biletin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.