İyulun 30-u Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olub və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri aparılıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, sentyabrın 24-də rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl-Kəlbəcər rayonunun Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minaya düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmovun meyit fraqmentləri aşkarlanıb.
Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkarlanıb. Həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir.
Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.