Tutaq ki, Azərbaycan səfirliyinin və ya konsulluğunun fəaliyyətdə olduğu hansısa ölkədə gənc bir araşdırmaçı Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı elmi iş, məsələn, diplom işi yazmaq qərarına gəlir.
Və üz tutduğu mənbələr sırasında diplomatik nümayəndəliyimizin saytı da olur. Gəlin, belə bir hadisənin baş verə biləcəyini istisna etməyək. Görəsən, həmin yarıməsatiri araşdırmaçı həmin ölkədəki “diplomatik” saytımızdan bu mövzu ilə bağlı nəsə tapa bilərmi?
İkinci yazı
“DİPLOMATİK” SAYTLAR VƏ ERMƏNİ TƏCAVÜZÜNDƏN “DİPLOM İŞİ”
Azərbaycan Respublikasının xarici ölkələrdə 79 diplomatik nümayəndəliyi, bu nümayəndəlikləri cəmi 60 saytı var. Bosniya və Hersoqovina, Braziliya, Kuba, Qırğızıstan, Litva, Liviya, Monteneqro, Sloveniya, Suriyadakı səfirliklərin, UNESCO yanında daimi nümayəndəliyin, Təbriz, Sankt Peterburq və Yekaterinburqdakı Baş Konsulluğun və Genuyada, Santa Fedə fəaliyyətdə olan Fəxri Konsulluqların saytı yoxdur. Mövcud olan 60 saytdan da bəzilərinin qaraçuxası yatıb. Məsələn, Azərbaycanın Polşadakı Səfirliyinin saytı açılmır və Gürcüstan Səfirliyinin saytı “təmir”ə bağlanıb. Yerdə qalır 58 sayt.
Bəs bu saytlar bizim Qarabağ dərdimizdən yazırmı?
İlkin araşdırma göstərir ki, Azərbaycanın Avstriya, İsveç və Türkmənistandakı səfirlikləri, Dubay və İstanbuldakı baş konsulluqları və Ştuttqartdakı Fəxri konsulluğu öz saytlarında Qarabağ mövzusuna yer ayırmayıb.
Beləliklə, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin altısı öz saytlarında ümumiyyətlə Qarabağ problemindən yazmır.
Bu mıvzuda yazan saytlarda necə informasiyalar mütəmadi olaraq yenilənirmi?
Azərbaycanın diplomatik nümayəndəliklərinin saytlarının çoxunda Qarabağ haqqında ayrıca bölmə olmasına baxmayaraq, bu məlumatlar daimi şəkildə yenilənmir. Belə ki, danışıqlar prosesinin gedişi, problemlə bağlı keçirilmiş görüşlər təəssüf ki, həmin bölmələrdə işıqlandırılmır. Hərçənd ki, bəzi səfirliklərimizin saytlarında sosial şəbəkələr vasitəsilə məlumatlar müntəzəm olaraq yenilənir. Məsələn, Azərbaycanın Amerika Birləşmiş Ştatları, İtaliya, Cənubi Koreya, Argentina və Avstraliyadakı səfirlikləri tvitter sosial şəbəkəsinin daimi istifadəçiləridir.
Digər bir məqam isə mövzu ilə əlaqədar olan müvafiq bölmələrdəki məlumatların yetərincə dolğun olub olmaması ilə bağlıdır. Azərbaycanın “qan yaddaşı” heç də bütün saytlarda eyni dərəcədə işıqlandırılmır. Saytlarda yerləşdirilmiş məlumatları dolğunluq dərəcəsinə görə qruplaşdırdıqda aşağıdakı mənzərə meydana gəlir. Qeyd etmək istərdik ki, bu qruplaşdırılma məlumatların həcminə, təsnifatına və aktuallığına görə aparılıb.
Bəzi “diplomatik” saytlar Ermənistanın təcavüzündən söz açmaq üçün ya Xarici İşlər Nazirliyinin rəsmi səhifəsinə yönlənir, ya da başqa müvafiq saytlara keçidlərdən bəhrələnir. Almaniya, Belçika, Fransa orta bölmədə verilən digər diplomatik nümayəndəliklərin saytlarında kiçik həcmdə məlumatlar yerləşdirilib.
Adından da göründüyü kimi məlumatlarla yetərincə təmin olunmuş saytlar həm təsnifat, həm də həcm baxımından qənaətbəxşdir. Belə ki, burada yerləşdirilmiş materiallar mövzuya uyğun olaraq qruplaşdırılaraq Qazaxıstan, İtaliya, Amerika və qeyd olunmuş digər səfirliklərin saytlarında olduğu kimi tarixi arayış, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü: səbəbləri və sonrakı mərhələləri, BMT qətnamələri, münaqişənin hüquqi aspektləri, münaqişənin nəticələri, 31 mart – azərbaycanlıların soyqırımı günü, erməni terrorizmi, Xocalı soyqırımı, münaqişənin tarixi və nizamlanma prosesi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı iqtisadi ziyan kimi bölmələr halında təsnifləşdirilib.
Minimum | Orta | Yetərincə |
AR-nın Los Ancelesdəki Konsulluğu | AR-nın Almaniyadakı Səfirliyi | AR-nın ABŞ-dakı Səfirliyi |
AR-nın Argentinadakı Səfirliyi | AR-nın Belçikadakı Səfirliyi | AR-nın Avstraliyadakı Səfirliyi |
AR-nın Bolqarıstandakı Səfirliyi | AR-nın NATO yanında Nümayəndəliyi | AR-nın Belarusdakı Səfirliyi |
AR-nın Cənubi Afrika Respublikasındakı Səfirliyi | AR-nın Fransadakı Səfirliyi | AR-nın Böyük Britaniyadakı Səfirliyi |
AR-nın İndoneziyadakı Səfirliyi | AR-nın Xorvatiyadakı Səfirliyi | AR-nın Çexiyadakı Səfirliyi |
AR-nın Rumıniyadakı Səfirliyi | AR-nın İrandakı Səfirliyi | AR-nın Çindəki Səfirliyi |
AR-nın İspaniyadakı Səfirliyi | AR-nın Estoniyadakı Səfirliyi | |
AR-nın İsveçrədəki Səfirliyi | AR-nın Avropa Şurası yanında Daimi Nümayəndəliyi | |
AR-nın Kanadadakı Səfirliyi | AR-nın Batumidəki Baş Konsulluğu | |
AR-nın Cənubi Koreyadakı Səfirliyi | AR-nın Hindistandakı Səfirliyi | |
AR-nın Küveytdəki Səfirliyi | AR-nın İordaniyadakı Səfirliyi | |
AR-nın Aktaudakı Baş Konsulluğu | AR-nın Cenevrə şəhərindəki BMT bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi | |
AR-nın Latviyadakı Səfirliyi | AR-nın İtaliyadakı Səfirliyi | |
AR-nın Meksikadakı Səfirliyi | AR-nın Qazaxıstandakı Səfirliyi | |
AR-nın Mərakeşdəki Səfirliyi | AR-nın Qətərdəki Səfirliyi | |
AR-nın Moldovadakı Səfirliyi | AR-nın Macarıstandakı Səfirliyi | |
AR-nın Rusiyadakı Səfirliyi | AR-nın Malayziyadakı Səfirliyi | |
AR-nın Slovakiyadakı Fəxri Konsulu | AR-nın Misirdəki Səfirliyi | |
AR-nın Niderlanddakı Səfirliyi | ||
AR-nın Özbəkistandakı Səfirliyi | ||
AR-nın Pakistandakı Səfirliyi | ||
AR-nın Serbiyadakı Səfirliyi | ||
AR-nın Türkiyədəki Səfirliyi | ||
AR-nın Ukraynadakı Səfirliyi | ||
AR-nın Yaponiyadakı Səfirliyi | ||
AR-nın Yunanıstandakı Səfirliyi |
Beləliklə, internet səhifələrin demək olar ki, çoxu Ermənistanın Azərbaycana qarşı təcavüzü mövzusuna həssaslıqla yanaşaraq müvafiq olaraq ona uyğun bölmələr yaradıb. Lakin Rumıniya, Cənubi Afrika Respublikası və Argentinada yerləşən səfirliklərimizin saytları mövzu ilə əlaqədar Xarici İşlər Nazirliyinin internet səhifəsinə “müraciət” edir, oxucunu ora yönləndirir. Bolqarıstanda fəaliyyət göstərən səfirliyimizin saytı da Dağlıq Qarabağ haqqında kiçik bir məlumat verdikdən sonra bizə başqa saytlara keçməyimizi “məsləhət” görür.
Deyə bilərik ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri əsasən Ermənistanın Azərbaycana təcavüzü məsələsinə diqqət ayıraraq soyqırımı, azərbaycanlıların deportasiyası məsələlərini bir qədər arxa planda saxlamağa üstünlük verir.
İndi qalır “diplom işi”ni yazmaq…
Türkan Manaflı