Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən səkkiz il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş uğurlu əks-hücum əməliyyatı hərb tariximizə əbədi yazılıb. Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşləri Vətən müharibəsinin ilkin məşqi və tarixi Zəfərə aparan yolun başlanğıcı kimi dəyərləndirilir.
AZƏRTAC Aprel döyüşlərinin gedişinə və tarixi əhəmiyyətinə bir daha nəzər salır.
2016-cı il aprelin 2-də Ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Aprel döyüşlərinin əsas hədəfləri və tarixi əhəmiyyəti
Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk böyük qələbə sevinci bəxş etdi.
Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatının əsas hədəfi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrimizə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı il aprelin 2-nə keçən gecə düşmən bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutmağa başladı. Azərbaycan komandanlığı dərhal adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul etdi. Ordumuzun cavab zərbələri ilə düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən çox sayda canlı qüvvə və hərbi texnika sıradan çıxarıldı.
O vaxt cəbhənin ən gərgin nöqtələrindən biri Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Bununla da Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırılmış oldu. Həmçinin geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdi.
Ağır döyüşlərin gedişində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, erməni tərəfinin ölü və yaralı olaraq 800-dən çox hərbçisi zərərsizləşdirildi. Suqovuşan yaşayış məntəqəsinə yerləşən düşmən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq imkanı əldə olundu.
Unudulmayan və yüksək qiymətləndirilən qəhrəmanlıq
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup hərbçi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri ada, orden və medallara layiq görülüb.
Vətən qarşısındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
“Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”, – Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə dediyi bu sözlər həmin qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir.
Onu da qeyd edək ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində mülki əhalinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışı mümkün oldu. Bu kəndin sakinlərinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunacağına dərin inam yaratdı.
Azadlığa qovuşmuş ərazilərin əzəli sahibləri Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz yurdlarına dönəcəklər. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün azad olunmuş torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına pənah gətirirlər və bu il bu proses davam edəcək. Bu günədək işğaldan azad olunmuş üç kəndə və iki şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə, Laçın şəhərinə, Füzuli şəhərinə çoxlu sayda ailələr qayıdıb.
Aprel döyüşlərindən Vətən müharibəsinədək şanlı döyüş yolu
Uğurlu Aprel döyüşlərindən ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.
Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Səkkiz il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün böyük təcrübə oldu. Bu döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Məhz bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi.
Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.
Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı Azərbaycanın gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.
Səkkiz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan Aprel döyüşləri Vətən müharibəsindəki böyük Qələbənin müjdəçisi olan tarix kimi əbədiləşib.