Zəfərlə başa çatmış Vətən müharibəsi nəticəsində Azərbaycanın Qarabağ bölgəsindəki su ehtiyatları yenidən özünə qaytarıldı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 6 yanvar 2021-ci il tarixində 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Cənab Prezident keçən ilin yekunlarına və 2021-ci ildə görüləcək işlərin müzakirəsinə həsr edilmiş müşavirəni giriş nitqi ilə açaraq vurğuladı ki, “keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu”.