HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xocalı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri,24 fevral 2004-cü il

…1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən yer üzündən silindi. Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri, 23 fevral 2007-ci il

…1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri,29 mart 2007-ci il

…1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi – bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında nitqindən – 17 noyabr 2007-ci il

…Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir?..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinə dair birgə mətbuat konfransında bəyanatından – 26 fevral 2008-ci il

…1992-ci il fevralın 26-da Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparması qeydə alınmışdır. Məhz o gün Azərbaycan şəhəri Xocalı Ermənistanın təcavüzünə məruz qalmışdır və azərbaycanlılara qarşı soyqırımı törədilmişdir. O gecə 600-dən çox dinc insan qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı isə qadın olmuşdur. Bu, çox böyük cinayətdir…