Azərbaycan əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyi ilə hər zaman maraqlanıb və bununla bağlı bütün mümkün beynəlxalq platformalarda məsələ qaldırıb.
Azərbaycan Prezidenti Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında keçirilən görüşdə Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 azərbaycanlı barədə bu günədək heç bir məlumatın olmaması barədə danışdı. Dövlətimizin başçısı Ermənistanın bu istiqamətdə əməkdaşlıqdan yayınması, beynəlxalq hüquq normalarına əməl etməməsi barədə məlumat verdi. Vacib məqam odur ki, Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə keçirilən görüşdə Ermənistanın baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib. Bu, ümumilikdə müsbət inkişaf kimi qeyd edilə bilər. Amma təəccüblüdür ki, bir neçə gün sonra Ermənistan Xarici İşlər Nazirliyi (XİN) çox təzadlı, suallar doğuran və heç bir məntiqə, insanlığa sığmayan, beynəlxalq hüquqa uyğun olmayan bir formatda açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Ceyhun Bayramov deyib ki, Ermənistanın pozduğu beynəlxalq humanitar hüququn normaları göstərilməklə, BMT və onun müxtəlif agentlikləri, ümumiyyətlə, bütün beynəlxalq təsisatlarda bununla bağlı məsələlər qaldırılır.
Nazir vurğulayıb ki, Ermənistan XİN bu istiqamətdə hansısa öhdəliklərin götürüldüyünü inkar edib. Azərbaycan bu istiqamətdə Ermənistana bir nümunə göstərir. Ölkəmiz 44 günlük Vətən müharibəsi başa çatandan sonra həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm Rusiya, həm də Ermənistan hərbçiləri ilə bu istiqamətdə əlaqələr yaratdı, birgə fəaliyyət apardı. Bu fəaliyyət nəticəsində 1709 erməni hərbçisinin cəsədi tapılaraq qarşı tərəfə təhvil verildi. Hərbi əməliyyatlar 2020-ci ilin noyabr ayında bitib və sonrakı mərhələdə, yəni, qış aylarında, ağır şəraitdə, dağlarda, minalanmış ərazilərdə bu fəaliyyət həyata keçirilib. Azərbaycan hərbçiləri də bu işlərdə iştirak ediblər. Ancaq 30 il keçəndən sonra Ermənistan tərəfindən bu istiqamətdə heç bir tədbir görülmür.
Xarici işlər naziri işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqlar tapıldığını da qeyd edib. Bildirilib ki, qısa müddət ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərdə məzarlıqları müəyyən edib tapa bilibsə, təbii ki, bu işləri törətmiş erməni tərəfi bu barədə daha çox məlumatlıdır. Ona görə də Ermənistan tərəfinin itkinlərlə bağlı məntiqsiz izahatlarının heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək. Azərbaycan tərəfi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.
Nazir bildirib ki, Azərbaycan bu gün UNESCO-nun işğaldan azad olunmuş yerlərə missiya göndərməsi məsələsini qaldırıb. Vətəndaşlarımız, cəmiyyət tam əmin olmalıdır ki, bütün müvafiq beynəlxalq platformalarda Azərbaycan dövləti bütün lazımi addımları atır. Lakin Ermənistan tərəfi bütün beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozaraq, müvafiq olaraq tarixi-mədəni abidələrin qorunmasına dair öhdəlikləri pozaraq, o cümlədən UNESCO-ya bu müddət ərzində ərazilərə daxil olmaq imkanı verməyib. Bu, sənədlərdə də əks olunur. Bu, yalnız Azərbaycanın səsləndirdiyi və qeyd etdiyi məqamlar deyil.