ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “Twitter” şəbəkəsindəki səhifəsində yazıb ki, ştatların qanunvericilik məclislərinin Dağlıq Qarabağla bağlı hərəkətləri icbari qüvvəyə malik deyil və Amerika Birləşmiş Ştatlarının xarici siyasətini əks etdirmir.
Amerikalı diplomatın bəyanatı martın 2-də Corciya ştatı Nümayəndələr Palatasında Xankəndidəki oyuncaq rejimi tanıyan 1580 saylı qətnamə ilə bağlı olub. Sənəd Pet Qardner və Duqlas Demetrius tərəfindən Nümayəndələr Palatasının müzakirəsinə çıxarılıb. Corciya ştatı qanunvericilik orqanından verilən məlumata görə, sənəd Palatada hətta səsverməyə belə çıxarılmayıb. Erməni diasporunun hazırladığı layihə ştatın qanunvericilik orqanının müvafiq komitələrində də müzakirə edilməyib. Hərçənd prosedura görə, istənilən qanun layihəsinin Nümayəndələr Palatasına təqdimatından əvvəl o, müəyyən komitələrdən keçir.
Ermənipərəst qətnamədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində oyuncaq rejimin keçirdiyi qeyri-qanuni “parlament” seçkilərinin legitimliyi müşahidəçilər tərəfindən tanınıb. Lakin sənəddə ABŞ administrasiyasının bu “seçkiləri” tanımaması faktı bilərəkdən qeyd olunmayıb.
AZƏRTAC–ın xüsusi müxbiri ABŞ Dövlət Departamentinin nümayəndələrinə 2015-ci ilin may və sentyabr aylarında Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş “parlament” və“bələdiyyə“ seçkilərinin legitimliyi haqda sual ünvanlayıb. Dövlət Departamentindən cavab olaraq bildirilib ki, Vaşinqton bu “seçkilərin” nəticələrini tanımır, çünki Dağlıq Qarabağın müstəqilliyi də tanınmır.
Deməli, Corciya ştatı Nümayəndələr Palatasının uydurmalarla aldadılmış iki üzvünə erməni lobbisi cızma-qara təqdim edib. Bu sənəddəki “faktları” və mətnin həqiqəti əks etdirib-etdirməməsi yoxlanılmayıb. Bundan əlavə, qanunvericilər heç başa düşməyiblər ki, Dağlıq Qarabağ münaqişəsinə dair ABŞ-ın rəsmi mövqeyi Atlantada deyil, Vaşinqtonda açıqlanır və parlamentarilərin hərəkətləri Birləşmiş Ştatların milli maraqlarına ziddir.
AZƏRTAC