Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsində çalışmış general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin müstəqil Azərbaycanın daxili işlər orqanları strukturunun formalaşdırılmasında, milli polisimizin yaradılmasında və inkişafında böyük xidmətləri var. Onun gərgin əməyi nəticəsində Azərbaycan polisinin təşəkkülünə dair hüquqi baza – “Polis idarələrinin təşkili haqqında”, “Polis departamenti haqqında”, “Ümumi, qəza və şəhər polisi haqqında” və başqa normativ sənədlər hazırlanıb. Həmçinin general-mayor M.S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda polis məmurları hazırlayan məktəb açılıb.
AZƏRTAC xəbər verir ki, M.S.Ağabəyzadə ömrünün bir hissəsini Lvov şəhərində yaşayıb və burada da dəfn olunub. O, 1927-ci ildən Lvov Universitetinin Fəlsəfə fakültəsində işləyib, türk, fars və ərəb dillərini tədris edib. Bir çox tanınmış şərqşünaslar, alimlər məhz Məhəmməd Sadıq bəy Ağabəyzadənin yetirmələri olub. Bir sözlə, onun həm peşəkar hərbçi, həm alim kimi Azərbaycan dövləti, xalqı qarşısında böyük xidmətləri olub.
Məhəmməd Sadıq bəy Ağabəyzadənin Lvovda baxımsız vəziyyətdə qalan abidəsi Azərbaycan dövlətinin dəstəyi ilə 2017-ci ildə yenidən qurulub.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov AZƏRTAC-a deyib ki, bu gün də Lvov şəhərinin ali təhsil ocaqlarında Məhəmmədsadıq bəy Ağabəyzadənin irsi öyrənilir, araşdırılır. Bu işdə gənclərin də həvəsi böyükdür
“Tanınmış şərqşünaslar, alimlər Teofil Volodarski, Olqa Bak, Tadeuş Levitsin, Ziqmunt Smoqojevski, Kotviç və başqaları həmyerlimiz, general-professor Məhəmmədsadıq bəy Ağabəyzadənin yetirmələri olub”, – deyə o bildirib.
Xatırladaq ki, Məhəmməd Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 1883-cü ildə Bakı real məktəbini bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub.
1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlayıb. 10 il keçdikdən sonra, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunub. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib. 1913-cü ildə Məhəmməd Sadıq bəy (xəstəliyinə görə) general-mayor rütbəsində istefaya çıxıb.
Lakin I Dünya müharibəsi onun həyatını dəyişib. Məhəmməd Sadıq bəy andına sadiq qalaraq müharibəyə könüllü yollanıb. Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə iştirak edib. 1918-ci ilin 23 oktyabrında, Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Məhəmməd Sadıq bəy daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərib. 1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçüb.
Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarıblar. O, şəraitsiz vəziyyətdə yaşamalı olub. Lvov azad ediləndən sonra, 1944-cü il oktyabrın 9-da vəfat edib. Məhəmməd Sadıq bəy Ağabəyzadə Lvovda, şəhər qəbiristanlığında dəfn edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Lvov