1905.az portalının suallarını TV mütəxəssisi Dilşad Məmmədova cavablandırır.
– Televiziya kanallarına baxırsınızmı?
– İndi dəb düşüb, çoxları deyirlər ki, Azərbaycan telekanallarına baxmırlar. Düzü, mən bununla razı deyiləm. Axı heç olmasa, bir vətəndaş kimi ölkəmizdə nə baş verdiyini bilmək üçün yerli telekanallara baxmalı deyilikmi?
Sizcə, bunu bilmək üçün elektron saytlar kifayət etmir?
– Əlbəttə, mənim də mütəmadi olaraq oxuduğum saytlar var. Ən azı müxtəlif mövzularda xəbərlərə harada baxmaq lazım gəldiyindən xəbərim var. Amma bunlarla yanaşı, telekanallarda yayımlanan proqramlara da baxıram. Tək xəbərlər yox, müxtəlif proqramlara da. Xüsusilə Rusiya və Türkiyə kanallarından daim izlədiyim proqramların pis “kopiya”larına. Düzdür, indi tamaşaçını təəccübləndirmək çox çətindir. Nər şey haqqında danışılıb, çəkilib, göstərilib. Amma hər halda mən öz kanallarımızın öz məhsullarının sayını artırmasını arzu edirəm.
– Belə başa düşdüm ki, Siz telekanallara ölkədə və dünyada baş verən hadisələri təqib etmək üçün baxırsınız.
– Etiraf edirəm ki, xəbərləri Azərbaycan Dövlət Televiziyasından almağa calışıram. AzTV-nin ana xəbər proqramını və analitik verilişlərini izləyirəm. Dövlət kanalımız olduğu üçün mənim baş verən hadisələrdən məlumatım olmalıdır. Paralel olaraq digər kanallara da baxıram. Amma xoşuma gəlməyən aparıcıların verilişlərinə baxmıram.
– Siz hiss edirsiniz ki, hansısa kanala xəbər istehlakçısı və tamaşaçı kimi deyil, televiziya işçisi kimi baxırsınız?
– Əlbəttə, mən həmişə televiziya işçisi kimi telekanallara baxıram. Kanallarımızda tamaşaçı kimi mənim maraqla gözlədiyim proqramlar təəəssüf ki, yoxdur. Bunun da günahı kanalların özlərindədir. Ən pisi odur ki, TV-də “xoşuna gəlmirsə, zəhmət çəkib baxma” prinsipi ilə işləyənlər kifayət qədərdir. ( gulur) Bu cür düşünən TV mənsubu ya insanların zövqünü korlamaq istəyirlər sadəcə olaraq, ya da ancaq pul qazanmaq barədə düşünür.
– Telekanallarımızda Sizi qane edən və qane etməyən nədir?
– Bu sahədə mütəxəssis olan insanlardan üzr istəyirəm. Mənim mütəxəssis kimi danışmağımın nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma hər halda verilişlərə baxıram, qulaq asıram və fikirlərimi sosial şəbəkələrdə, öz səhifəmdən bildirirəm. İndi hamımızı narahat edən mücərrəd reytinq söhbətləri var. Mən reytinqli teleproqramlar içərisində öz baxdığım verilişləri görmürəm. Mən o proqramlara baxıram ki, görünür, ona ya az adam, intellektuallar baxır, ya da reytinqi müəyyənləşdirənlər baxmırlar.
– Dilşad xanım, televiziya müstəvisində bizim kanalların rəqibləri var. Bunlar Rusiya və Türkiyə kanallarıdır. Rus və türk dillərini də başa düşürük. Bu iki ölkə Azərbaycana nisbətən böyük ölkələrdir və onların televiziya kanalları daha çoxdur. Ayrı-ayrılıqda hər biri bizim televiziya kanallarından istər kadr potensialı, istər maddi-texniki avadanlıq, istərsə də auditoriya baxımından güclüdürlər. Əlbəttə Rusiyanın və Türkiyənin bizim baxmadığımız kiçik kanalları da var. Televiziya qarşısındakı vaxtınızı onlarla da bölüşürsünüzmü?
– Təbii ki. Məsələn, digər ölkələrin siz deyən kimi, kiçik kanalları var və mən bax həmin kanalların bəzi proqramları var ki, televizor qarşısında oturub istirahət edəndə o proqramları seçirəm. Məsələn indi Azərbaycanda da imkanlar çoxdur. Başqa kanallara meyli olan insanları hansısa verilişlərlə təəccübləndirmək mümkün deyil. Azərbaycan telekanallarındakı hansısa “kopiya” proqrami görəndə, həmən anda həmin layihə ilə bağlı Facebookdakı səhifəmdən öz mülahizələrimi bölüşürəm. Bəzi proqramlar məni qətiyyən qane etmir.
– Siz kiminsə adını çəkmək istəyirsiniz
-Bəli, çəkəcəyəm. Təzəlikcə “Səs Azərbaycan” proqramı yayımlanmağa başlayıb. Tərtibat, dekorasiya, iştirakçılar çox yaxşıdır. Amma mən bu prroqrama baxa bilmirəm. Bu proqramın Türkəyədəki analoqu olan “O səs Türkiyə”yə isə böyük maraqla baxıram. Hətta bir buraxılışını ötürdüyümdə belə, “Youtube”dan təkrarını izləyirəm. “O səs Türkiyə”nin aparıcılarının özlərini aparmalarına, yaratdıqları şouya diqqət edin. Necə maraqlıdır, necə gözəldir, təbiidir, ürəkdən gələndir. Bizdə isə çox sünidir.
Mən proqramın Azərbaycan versiyasını izləyə bilmirəm. Türkiyənin auditoriyasına və bizim auditoriyaya baxın. Fərq çox böyükdür. Eləcə də aparıcılar arasındakı fərq.
Eləyək, amma ya ondan daha yaxşısını etməliyik, ya da özümüzə aid olan nələrisə qatıb, bir az təkmilləşdirməliyik və özümüz də təkmilləşməliyik.
– Siz televiziya ilə təmasdasınız. Bayaq reytinq məsələsinə toxundunuz. Reytinqlərin obyektivliyi və reytinq institutuna səcdə etmək, onu az qala bütə çevirməklə bağlı düşüncələriniz necədir?
– Olduqca pis. Mən bu reytinq söhbətini anlamadım. Sanki düşündürən, aglilli proqramlari kimlərsə istəmir?!
– Bizdə reytinq söhbətini anlamadınız, yoxsa ümümiyyətlə reytinqə münasibətiniz belədir?
– Bizdə anlamadım. Bu necə reytinqdir ki, baxmadığım verilişə mənim əvəzimdən rəy verir. Səhv etmirəmsə, 15-20 mərtəbəli binanın hansısa hissəsinə qurğu quraşdırılır, kimlərsə mənim əvəzimə rəy verir. Aylıq paketi 10-15 min manat oalan sponsor layihələri reytinqdə öndədirlər. Halbuki mən o proqramlara baxmıram. Mənə maraqlı deyil onlar.
– Amma etiraf edin ki, Sizə maraqlı olmaması hələ onun reytinqsız olmaması deyil.
– Amma mənim ətrafımda olan, tanıdığım adamlar arasında da həmin proqrama baxanlar yoxdur. Düzdür, həmin verilişi görməmişəm desəm, düz olmaz. Bütün günü pult əlimizdədir. Hansısa kanala keçirəndə, yaxud bir yerə qonaq gedəndə anidən gözümə dəyir. Amma sabit olaraq bu verilişə baxım, səbirsizliklə onu gözləyim, belə bir şey yoxdur. Hərdən bu qəti fikirlərimə görə özümü də tənqid edirəm. Anlayıram ki, televiziya elə bir yerdir ki, burada ən müxtəlif adamlar olmalıdırlar. Televiziyanın konkret maarifləndirici funksiyasını önə çəkib, onu ağsaqqal babaya, ağbircək nənəyə döndərməyin də əleyhinəyəm. Amma bir insanın həyat taleyinə qulaq asıb və “reklamlardan sonra davam edəcəyik”, deyib, insanların psixikasına mənfi təsir göstərənlərin də əleyhinəyəm. İnsan taleyi ilə bağlı əhvalatlarla alver edən proqramları və proqram aparıcılarını heç vaxt qəbul etməmişəm və onları anlamıram. Bu baxımdan Milli Teleradio Şirkətinin son dövrlərdə atdığı addımları yüksək qiymətləndirirəm. Qəribə bir tendensiya var. Sanki hansı proqram insanları ağladır, inildədir, harada ki, bir zarıltı, gurultu var, tamaşaçılarımız da həmin proqramı xoşlayır. Əlbəttə, zövqlər müxtəlifdir, hər kəsin öz sevdiyi proqramlar var. Şəxsən mən kriminal verilişlərə baxdığımı xatırlamıram. Mən pozitivliyi sevən insanam. Ona görə də belə verilişlər gözümə girəndə reaksiya verməyə bilmərəm.
– Dilşad xanım, gəlin, Sizin öz televiziya yolunuzdan danışaq. Necə başladınız?
– Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasına təyinatla gəlmişəm. Sonra iş elə gətirdi ki, yeni rəhbərlik gəldi, müqavilə bağlamadı və mən də çıxıb getdım. Bu 1995-1999–cu illərdə olub. AzTV-dən çıxandan sonra 2000-ci ildə “Space” kanalında “Söyüdlü baxça” adlı uşaq layihəsi etdim. Animasiya ilə əyləncəni bir yerə salmışdıq. Maddi baxımdan çox bahalı layihə idi. Proqram sponsorların dəstəyi ilə yayımlanırdı. Bu proqram iki il “Space” kanalında, bir il də ATV-də yayımlandı. Sonra bu layihə məni yorduğu üçün, onu bağladım. Sonra 2004-cü il 7 noyabr tarixindən “Lider” kanalında “Ailə əhvalatı” proqramını açdım. Aparıcısı da özüm idim. Bu veriliş də 5 ilə yaxın getdi. Proqrama əlavə kimi jurnal da nəşr edirdim. Lider TV mənim ata ocagim oldu bu zaman. Mənim zənnimcə, “Lider” simasını dəyişməyən yeganə kanaldır. Bu gün də o kanalla əməkdaşlığımdan qurur duyuram. Reytinqə gəlincə, bu kanal “Milyonçu”, “Zəif bənd” kimi çox maraqlı layihələrə imza atıb. Sonra ANS kanalında “İkinci həyat” adli layihəm oldu. Bu günə qədər davam edən işsizliyimlə bağlı həmin layihə ilə əlaqədar məqamlar oldu. Sponsorla kanal arasındakı mübahisənin arasında qaldım. Bu ayrı bir mövzudur. Sonra “Yaşıl şəhər” adlı ekoloji bir layihə üzərində işə başladım. İlk verilişi çəkib, kanallardan birinə təqdim etdim. Əvvəlcə razılıq versələr də, sonra müvafiq nazirliyin əməkdaşının kanala zəngi verilişin qarşısını aldı. Anlaşılan deyil, ekoloji proqram kimə mane ola bilərdi? Buna görə də həmin layihəni “Region TV”yə təqdim etdim. Təxminən 2 ay “Yaşıl şəhər” proqramım Region TV-də nümayiş olundu. Lakin reklam sahibləri regional kanala reklam vermədiklərindən, iki ay sonra layihə dayandı. Son işim hələlik “Lider” kanalında “Axşamçağı” adlı layihədir. O da sponsorlarin devalvasiya ilə bağlı problemləri səbəbindən dayanib.
– İntizamlı tamaşaçısınız və son 20 ilə yaxın müddətdə enişli-yoxuşlu bir yol keçmiş TV təşkilatçısı, jurnalist, aparıcısınız. 2016-cı ildən gözləntiləriniz nədir?
– 2016-cı ildən mənim gözləntilərim çoxdur. İnşallah böyük layihələrimiz olacaq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az