Avqustun 31-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlərin Ağdama tanışlıq səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlər Ağdam-Xankəndi yoluna gəliblər.
Onlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olacaqlar.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə Ağdam-Xankəndi yolu ilə 40 ton un məmulatının ünvana çatdırılması nəzərdə tutulur.
Diplomatik korpusun nümayəndələrinin və hərbi attaşelərin Ağdam səfərində 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və sair beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər iştirak edirlər.