1905.az portalının suallarını Azərbaycan Universitetinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Elçin Cəfərov cavablandırır.
-Elçin müəllim, bazar iqtisadiyyatı şəraitində yaşayan cəmiyyətdə… Yeri gəlmişkən, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, yoxsa hələ keçiddəyik?
– Qeyd edim ki, ölkəmiz müstəqillik əldə etdikdən dərhal sonra bazar iqtisadiyyatına əsaslanan iqtisadi sistem əsasında inkişaf edəcəyini elan edib və artıq 20 ildən artıqdır ki, biz bu yoldayıq. Bu sistem sovet cəmiyyətinin planlı iqtisadiyyatından prinsipial olaraq fərqlənir. Bu fərq ilk olara mülkiyyətə münasibətdə üzə çıxır. Belə ki, planlı iqtisadiyyat və ya inzibati amirlik adlanan iqtisadi sistemdə bütün mülkiyyət “ictimai mülkiyyət” adı altında dövlətin əlində cəmləşirdi. Bazar iqtisadiyyatında isə mülkiyyətin ayrı-ayrı şəxslərə və ya şəxslər qrupuna məxsus olması prinsipial şərtdir. Planlı iqtisadiyyatda kimin harda nə istehsal etməsi və neçəyə satması mərkəzləşmiş qaydada müəyyən edildiyi halda, bazar iqtisadiyyatı fərdlərə iqtisadi fəaliyyət növünün seçilməsi, zəruri məhsulu kimdən hansı qiymətə alması, ondan necə istifadə etməsi, kimə və neçəyə satmasında tam azadlıq verir. Belə bir sərbəstlik son nəticədə iqtisadi xaosa gətirib çıxarmır, əksinə, tələb və təklif asılılığı vasitəsilə, görkəmli ingilis iqtisadçısı Adam Smitin təbirincə desək, “görünməz əl”in köməkliyi ilə tənzimlənir. Bu iqtisadi sistemin bəzən “açıq iqtisadiyyat” adlandırılması da bunula bağlıdır. Bazar iqtisadiyyatına dövlətin müdaxiləsi qanunlar və vergilər vasitəsilə məhdudlaşdırılır. Odur ki, dövlət bütün imkanlardan istifadə edərək vətəndaşlarının daha çox gəlir əldə etməsinə şərait yaradır ki, bu gəlirlərdən daha çox vergi, rüsum toplayaraq büdcəni daha da artırsın. Heç təsadüfü deyil ki, büdcəsi böyük olan dövlətlər güclü dövlətlər hesab edilir. Dövlət hamı üçün eyni olan oyun qaydaları müəyyənləşdirir, təsərrüfat sisteminin heç bir həlqəsində inhisarçı-monopolist təmayüllərin yaranmasına imkan vermir. Bunun təmin edilməsi işində sözdə deyil, əməldə qanunun aliliyi və mülkiyyətin toxunulmazlığı prinsiplərini rəhbər tutan müstəqil məhkəmə sistemi xüsusi rol oynayır. Bizim ölkədə də bir vaxtlar tamamilə dövlətə məxsus olan mülkiyyətin əsas hissəsi 90-cı illərin ortalarından başlayarq mərhələli şəkildə özəlləşdirilmiş və ayrı-ayrı vətəndaşların sərancamına verilmişdir.
Dövlət ancaq strateji əhəmiyyət kəsb edən sahələrin mülkiyyət hüququnu öz üzərində saxlamışdır. Burda da qeyri-adi heç nə yoxdur. Çünki klassik kapitalist ölkəsi kimi tanınan İngiltərədə belə dövlətə məxsus mülkiyyət hələ də qalmaqdadır. Bu, dövlətin sosial öhdəliklərini yerini yetirməsi işini asanlaşdırmaq və makroiqtisadi tənzimləməni operativ icra etmək məqsədilə edilir. Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, ölkəmizdə bazar iqtisadiyyatına keçid artıq başa çatıb.
– Çox gözəl. Bütün hallarda çağdaş durum adi vətəndaşdan müəyyən iqtisadi biliklər tələb edir. Özü də planlı iqtisadiyyat cəmiyyətində yaşayan adama lazım olmayan biliklər. Bizim insanların iqtisadi biliklərinə beş ballıq şkala ilə hansı qiyməti vermək olar?
– Azad iqtisadiyyatının hərəkətverici qüvvəsi maddi maraqdır. İqtisadiyyat elmində bu, mürəkkəb utilitarizm kimi təqdim edilir. Yəni hər bir fərd öz potensialından maksimum istifadə etdiyi halda buna adekvat gəlir əldə edəcəyini bilir, başqa sözlə, fəaliyyətin səmərəliliyi ona sərf edilən enerjinin həcmindən, keyfiyyətindən bilavasitə asılı olur. Planlı iqtisadiyyat isə elə tənzimlənirdi ki, belə utilitarizm digərlərinin mənafeyini tapdalamaqdan keçirdi və cinayət hesab edilirdi. Bazar iqtisadiyyatında isə bu, heç kimə mane olmur, əksinə inkişaf üçün stimul yaradan rəqabətə meydan açır. Bu imkanların mövcudluğundan xəbəri olmayan məlumatsız insanların maarifləndirilməsi cəmiyyət üçün həmişə aktual olmalıdır, çünki bu biliklər son nəticədə ümumi inkişafın əsas təkanverici qüvvəsinə çevrilir. Aydındır ki, hamının varlı yaşadığı dövlət də varlı və güclü olur – vergi daxilolmaları artır, sosial xərclər azalır. Yeni iqtisadi sistem işgüzar insanların yaxşı yaşaması üçün düşünülüb. Odur ki, vətəndaşlarında bu cür qabiliyyətlərin üzə çıxması üçün dövlət bütün vasitələrdən istifadə etməli, onların lazımı iqtisadi biliklərə yiyələnmələri üçün enerji sərf etməlidir. Burda mənim yadıma ABŞ universitetlərinin birində bir neçə il əvvəl balıqlarla bağlı aparılan eksperiment düşür. İçərisində o baş bu başa uzun müddət rahat üzən balıqların qarşısı akvariumun ortasında yerləşdirilən şüşə lövhə ilə kəsilir. Bir neçə gün bu görünməz maneəni dəf etmək istəyən balıqlar özlərini şüşə lövhəyə çırpır və zədələnirlər. Bəlli bir zamandan sonra balıqlar akvarium içərisində öz sərhədlərini müəyyənləşdirir və şüşə arakəsməyə yaxın düşmürlər. Müşahidənin sonrakı mərhələsində şüşə arakəsmə götürülür və balıqların davranışları izlənir. Balıqlar bir də heç vaxt akvariumun digər hissəsində üzməyə cəhd etmirlər. Bunu deməkdə məqsədim odur ki, sovet dövründə uzun müddət ərzində insanlarımıza aşılanmış iqtisadi təfəkkür tərzi hələ də öz yerini yeni və ona tamamilə zidd olan iqtisadi düşüncə tərzinə tam verməyib. Qanunlar çox qısa müddət ərzində dəyişsə də köhnə qanunların təsirindən həmin sürətlə azad olmaq mümkün olmur. İnsanlarımızın iqtisadi biliklərinin qiymətləndirilməsinə cavab olaraq deyə bilərəm ki, onların böyük əksəriyyəti bu kursdan “kəsilirlər”.
– Bu biliklərin dərinləşməsi, informasiyalılığın artırılması üçün media, iqtisadçılarımız nə etməlidirlər?
– Yeni iqtisadi bilikləri, bazar iqtisadiyyatının qarşımızda açdığı unikal imkanları insanlarımıza aşılamaq üçün hər şeydən öncə, bu yolu artıq keçmiş ölkələrin təcrübəsi öyrənilməli və yerli şəraitə uyğunlaşdırılaraq təbliğ edilməlidir. Kütləvi informasiya vasitələrinin imkanlarından yararlanaraq bu boşluğun aradan qaldırılması istiqamətində ciddi addımlar atmaq mümkündür, xüsusən televiziya kanallarının imkanlarından bəhrələnmək olar. Dövlət vəsaiti hesabına çəkilən telefilmlərdə çeynənmiş bayağı mövzulara deyil, iqtisadi uğur və uğursuzluq üzərində qurulan mövzulara yer verilə bilər. QHT-lər regionlarda təlim-treninqlər təşkil edərək vətəndaşlarımızın müasir iqtisadi biliklərə yiyələnməsi işinə öz töhvələrini verə bilərlər. Dünyada geniş tətbiq edilən “biznes inkubatoru” ideyasından bəhrələnmək yerinə düşər. “Biznes inkubatoru” dedikdə, regionun iqtisadi resursları nəzərə alınır və üstünlük təşkil edən həmin resursların istehsal, satış və emalı ilə bağlı kiçik bir şirkət modeli yaradılır. İdeya uğurlu olduqda digər sahibkarların bu nümunə əsasında fəaliyyətə başlamasına istər dövlət, istərsə də QHT-lər, qrant təşkilatları səviyyəsində dəstək olunur. Bu cür ideyaların ölkə üzrə tətbiqinə başlamaq, fikrimcə, qənaətbəxş nəticələrə gətirib çıxarar. Peşəkar iqtisadçıların sahibkarlarla, bank-maliyyə qurumları, yerli icra hakimiyyəti orqanları ilə birgə əməkdaşlığı mütləq pozitiv nəticələrin əldə edilməsinə səbəb olar.
– İndi də peşəkar iqtisadçı kadrların hazırlanması barədə. Bu sahədə durum necədir Sizin qənaətinizcə?
– Yaxşı sualdır. Hazırda istər dövlət, istərsə də özəl ali məktəblərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə peşəkar iqtisadçıların hazırlanması işi təşkil edilib və həmin akademik mühitə yaxın olduğumdan deməliyəm ki, bu proqramlar dünyanın aparıcı universitetlərinin kurrikulumlarından prinsipial fərqlənmir. Lakin iqtisadçı peşəsinə bizim cəmiyyətdə olan ehtiyac mühasib vəzifəsindən uzağa getmir. Ona görə də 4 il ali məktəbdə iqtisadi idarəetmə ixtisasına yiyələnmiş gənc mütəxəssis işəgötürənlərin tələbi ilə 2 aylıq mühasib kursu keçdikdən sonra özünə iş tapa bilir. Əslində isə həmin bu gənc şirkətdə iqtisadçı və ya iqtisadçı assistenti vəzifəsinə işə alınmalı, şirkətin real vəziyyəti haqqında əsas sənədlərlə onun tanış olmasına şərait yaradılmalı idi. Bundan sonra ona şirkətin perspektiv inkişafı üçün yeni ideyalardan ibarət sənədin hazırlanması tapşırılmalı idi. Mən inanıram ki, ali məktəbi uğurla bitirmiş istənilən gənc iqtisadçı böyük və ya kiçikliyindən asılı olmayarq ixtiyari şirkətin inkişafına öz kreativ ideyaları ilə mütləq kömək edərdi. Təcrübə göstərir ki, həmin gənclər öz ixtisaslarına uyğun işi burda tapmadıqları halda xarici ölkələrdə asanlıqla işə qəbul edilir və tezliklə özlərinə başqa ölkələrdə, transmilli şirkətlərdə uğurlu karyera qura bilirlər. Mən burda qeyd etmək istəyirəm ki, sovet dönəmində bütün müəssisə və təşkilatlarda azı bir iqtisadçı vəzifəsi olurdu və onlar həmin təşkilatın əsas inkişaf strategiyasının hazırlanmasından sorumlu olurdular. Hazırda iqtisadçılara ciddi ehtiyacın olmaması, iqtisadçı peşəsinin nüfuzlu peşələr arasında yer almamasının səbəbini mən daxili bazarda rəqabətin olmaması ilə izah edirəm. Rəqabət olmadığından iqtisadçıya da ehtiyac qalmır. Odur ki, bu ixtisasda oxuyan ortastatistik tələbə ən yaxşı halda kommersiya banklarının birində kredit mütəxəssisi işləyəcəyinə ümid edir.
– Bu sahədə, yəni peşəkar iqtisadşıların hazırlanması sahəsində analoqu olmayan uğurlardan danışmaq olmaz. Belə alınır deyilmi?
– Bazar iqtisadiyyatını tənzimləyən tələb təklif qanunu burda da keçərlidir və bu qanun iqtisad elminin ayrı bir sahəsi kimi çıxış edən marketinqdə belə məşhur prinsip formalaşdırıb: “istehsal edə biləcəyiniz şeyi satmaqdansa, sata biləcəyiniz şeyi istehsal edin”. Peşəkar kadrlara tələbat yoxdur və ya azdırsa, yüksək keyfiyyət arxana plana keçir.
– 2015-ci il başa çatmaq üzrədir. Gələn ildən gözləntiləriniz necədir?
– Bazar iqtisadiyyatının inkişaf qanunauyğunluqları bu sistem daxilində iqtisadi dinamikanın dövrü olaraq enib qalxmalarını istisna etmir və ötən ilə qədər yüksələn düz xətt üzrə inkişaf edən Azərbaycan iqtisadiyyatı cari ildən özünün eniş mərhələsinə qədəm qoymuşdur. Bu hal ayrı-ayrı vaxtlarda ABŞ, Yaponiya, Avropa Birliyi ölkələrinin iqtisadiyyatında da müşahidə edilmişdir və tarix göstərir ki, iqtisadi tənəzzül tezliklə daha yüksək iqtisadi inkişaf mərhələsi ilə əvəzlənir. Burda əsas məsələ həmin iqtisadi yüksəlişin nə qədər vaxtdan sonra başlanmasıdır. Konkret bizim ölkəyə gəldikdə, onu qeyd etməliyəm ki, ilk sualınızı cavablandırarkən dediyim və bazar iqtisadiyyatı üçün xarakterik olan iqtisadi prinsiplərə qeyd-şərtsiz əməl edildiyi halda, gələn il bizi elə də ciddi iqtisadi zəifləmə gözləməyə də bilər. Bunun üçün ilk növbədə monopolist işbazlara deyil, daha çox pul qazanmaq istəyən işgüzarlara meydana açmaq lazımdır. Ölkəmizə valyuta gətirmək potensialına malik bütün resurslarımızdan rəqabətədavamlı formada istifadə imkanları tapılıb icra edilməlidir. Ölkədən xarici valyutanın çıxarılmasında böyük çəkisi olan idxal məhsullarının strukturu təftiş edilməli, yerli resurslar hesabına milli sahibkarların iştirakı ilə həmin sahələrin əvəzlənməsi işinə başlanılmalıdır. Bu addımları atmaqla neftin dünya bazarındakı qiymətinin indiki aşağı həddə qaldığı halda 2017-ci ilin dövlət büdcəsinin gəlirlər bölməsində qeyri-neft sektorunun payını əsaslı şəkildə artırmaq, Neft Fondundan transferləri azaltmaq mümkün olar.
Bu istiqamətdə davam etdirilən iqtisadi siyasət 2018-ci ilin dövlət büdcəsinin gəlirlər hissəsini yenidən tarixi maksimumda – 25 milyard ABŞ dolları həcmində proqnozlaşdırmağımıza əsas verər. Bu optimist yanaşmadır və onun nətcəsi belə ifadə edilə bilər. Pessimist yanaşma zamanı isə yuxarıda qeyd edilənlərin heç biri edilmir, yenə də ötən illərdə olduğu kimi neft gəlirlərinə ümid bağlanılır. Bu zaman neftin qiyməti ortalama 40-50 ABŞ dolları arasında dəyişir və 2017-ci ilin dövlət büdcəsi ən yaxşı halda 2016-cı ilin dövlət büdcəsi səviyyəsində saxlanılır və Neft Fondunun vəsaitləri tükənmək həddinə çatır. Lakin neftin qiymətinin sıçrayışlı artımı baş verərsə və bu uzun müddət davam edərsə ölkəmiz yenidən maliyyə dayanıqlılığına nail olar. Bu yanaşmalardan hansının baş verəcəyini isə zaman göstərəcək.
– Adi vətəndaşa nəyi tövsiyyə edə bilərsiniz?
– Adi vətəndaşlarımıza məsləhət görərdim ki, zərurət olmadığı halda bahalı məhsullar almağa, xarici valyuta ilə iri kredit öhdəlikləriləri götürməyə meyl etməsinlər. Düşünülməmiş xərclərdən uzaq dursunlar, öz maliyyə ehtiyatlarını xərcləməyə təlsməsinlər. Gəlirlərini ancaq təyinatı üzrə qənaətlə xərcləyib əlavə ehtiyatlar yaratsınlar. Çünki belə zamanlarda istər büdcə təşkilatlarının, istərsə də özəl şirkətlərin əməkhaqqı ödəmələrini gecikdirməsi hallarına tez-tez rast gəlinir. İşlərinə münasibətdə məsuliyyətli olsunlar. Gələn il iqtisadiyyatın bütün sahələrində ixtisarların olacağı gözlənilir. İqtisadi böhran şəraitində qiymətlərin sürətli artımı, inflyasiya və işsizlik əhalinin istehlak strukturunda ərzaq məhsullarının həcmini qeyri-ərzaq məhsullarına nisbətən artırır. Odur ki, qeyri-ərzaq məhsullarının istehsalı və satışı ilə məşğul olan vətəndaşlarımız hazırda müəyyənləşdirdikləri qiymətlərə yenidən baxsalar ziyanın yarısından qayıtmış olarlar.
– Çalışacağam ki, Sizin tövsiyyələrinizə maksimal dərəcədə əməl edim. Minnətdaram.
Fuad Babayev,
1905.az