“Azərbaycan sülh sazişinin hazırlanmasına dair işçi qrupunun yaradılması təklifini qəbul edib”
“Həmsədrlər birmənalı bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsindəki indiki status-kvo qəbuledilməzdir. Sonuncu dəfə Parisdə keçirilmiş görüşdən sonra Fransa prezidenti çıxışında Sülh sazişi üzərində hazırlıq işinin başlamasının vaxtının çatdığını bildirmişdi. Sülh sazişi üzərində işə başlamaq təşəbbüsü ilə Azərbaycan çıxış edib”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tiflisdə Azərbaycan jurnalistlərinə müsahibəsində deyib.
Nazir bildirib ki, həmsədrlər də Azərbaycanın bu təklifini dəstəkləyir, bu prosesə başlamağı təklif edirlər: “Hamı anlayır ki, bu münaqişə ömürlük ola bilməz, Sülh sazişi imzalamaq üçün prosesin bu şəkildə davam etməsi həm çətin, həm də təhlükəlidir. Biz Sülh sazişi üzərində işi altı ay, yaxud bir il ərzində qurtarmalıyıq. Bu təklifi həmsədrlərlə müzakirə edəndən sonra onlar bu mesajla İrəvana getmişdilər. Məndə olan məlumata görə, Ermənistan rəhbərliyi bu qrafikə yox deyib. Mən artıq amerikalı həmsədrlə təmasda olmuşam və o mənə bildirib ki, Ermənistan rəhbərliyi təklifi rədd edib, hər-hansı işçi qrupunun fəaliyyətə başlanmasının, Sülh sazişi üzərində işin başlanmasının əleyhinə çıxış edib. Həmsədrlər, yenidən, çox güman ki, müəyyənləşdirəcəklər ki bu istiqamətdə necə iş qursunlar. Biz bu işə başlamalıyıq və qədər tez başlasaq o qədər yaxşıdır. Bu, hamı üçün, eləcə də Ermənistan üçün əlverişlidir. Azərbaycan artıq sülh sazişi üzərində işçi qrupu səviyyəsində addım-addım işin aparılmasına dair bu təklifi qəbul edib. İndi həmsədrlərin üzərinə Ermənistanla hansı dildə danışmaq lazım olduğunu müəyyənləşdirmək düşür”.
E. Məmmədyarov qeyd edib ki, torpaqlar işğaldan azad ediləndən sonra Azərbaycan dağıdılmış infrastrukturu bərpa edəcək: “İlk növbədə, Ermənistan hərbçiləri həmin ərazilərdən çıxarılmalı, nəqliyyat, içməli su, infrastruktur məsələləri həll edilməli, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdırlar. Bu məsələdə BMT-nin rolu böyük olmalıdır. Biz Dünya Bankı ilə də vaxtilə işləmişik və torpaqlarımızı bərpa etmək üçün planlarımız var”.