11 fevral 2015-ci ildə Strasburqda Avronest PA-nın Büro iclası keçiriləcək. İclasda bir sıra məsələlərlə bərabər qurumun 4-cü plenar sessiyasının gündəliyinin layihəsi müzakirə ediləcək. Avronest PA-nın 4-cü sessiyası 16-18 mart 2015-ci ildə Yerevanda keçiriləcək və bu barədə qərar 2014-cü ildə Büro tərəfindən qəbul edilmişdir.
Qeyd etməliyəm ki, Azərbaycan nümayəndə heyəti 2011-2014-cü illərdə davamlı şəkildə Büro iclaslarında Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti etiraz edib. Azərbaycan nümayəndə heyəti öz bəyanat və açıqlamalarında vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 23 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsi və Ermənistanın Avronest PA-ya həmsədrlik etməsi yolverilməzdir. Azərbaycan nümayəndə heyəti eyni zamanda birmənalı şəkildə Ermənistanda keçiriləcək sessiyaların və iclasların işində iştirak etməyəcəyini bildirib. Odur ki, Avronest PA-nın plenar sessiyasının Yerevanda keçirilməsi barədə qərar Azərbaycan nümayəndə heyətinin qəti etirazlarına baxmayaraq qəbul edilib.
Diqqəti çəkən məqam ondan ibarətdir ki, Avronest PA-nın 4-cü sessiyası Yerevanda qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində keçiriləcək. Ermənistan tərəfinin bu beynəlxalq tədbirdən qondarma erməni soyqırımının təbliğatı vasitəsi kimi istifadə edəcəyi şübhə doğurmur.
Xüsusilə vurğulamaq istərdim ki, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olması faktına baxmayaraq, Avronest PA nəinki ona münasibət bildirməmiş, hətta yaranmış vəziyyəti müzakirə etməmişdir. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar sessiyasının bu ölkədə keçirilməsi, onun qeyd edilən qurumlara daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi anlamına gəlir. Bu isə Avronest PA-nın Yerevanda keçiriləcək sessiyası gedişatında Ermənistanın öz maraqlarına uyğun istənilən qərarın qəbul edilməsinə nail olacağından xəbər verir. Digər tərəfdən, sessiyanın Yerevanda keçirilməsi Ermənistan tərəfinə qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı təbliğat üçün əlavə imkanlar yaradır.
Biz dəfələrlə, digər beynəlxalq təşkilatlarda olduğu kimi, Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar siyasəti həyata keçirilməsinin şahidi olmuşuq. Çoxsaylı səylərimizə baxmayaraq, Avronest PA-nın nə komitə iclaslarında, nə də plenar sessiyalarında indiyədək Ermənistanın 20% Azərbaycan ərazisini 23 ildən artıq müddət ərzində işğal altında saxlaması faktının müzakirə edilməsi mümkün olmamışdır. Biz hər dəfə Avronest PA-nın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərin problemini həll edə biləcək təşkilat olmadığı barədə bəyanatla üzləşmişik.
Məlumdur ki, Krım yarımadasının Rusiyaya birləşdirilməsi və Ukraynanın cənub-şərq hissəsində baş verən silahlı toqquşmalar fonunda bir sıra aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən Ukraynaya yüksək səviyyəli dəstək nümayiş etdirilir. Lakin əraziləri uzun müddət ərzində işğal altında olan Azərbaycana da Ukrayna səviyyəsində dəstək nümayiş etdirilərək işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi barədə sənədlərin qəbul edilməsi tələbini irəli sürməyimizə baxmayaraq, müxtəlif mexanizmlər vasitəsilə bizim cəhdlərimizin qarşısı qəti şəkildə alınmışdır.
Beləliklə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində yaradılmış parlament təsisatı olan Avronest PA digər beynəlxalq təşkilatlar kimi işğalçı Ermənistanı öz çətiri altında saxlayır və onu Azərbaycana qarşı həyata keçirmiş olduğu təcavüz cinayəti əməllərinə görə hər hansı sanksiyalardan və məsuliyyətdən sığortalamağa çalışır.
Eyni zamanda, Avronest PA 4-cü sessiyasını qondarma erməni soyqırımı iddialarının 100 illiyi ərəfəsində Yerevanda keçirməklə, bu sərsəm iddialarının dünya ictimaiyyəti arasında yayılmasında özünü təbliğat maşını qismində təsdiq etmiş olur.
Maraqlıdır ki, sərsəm erməni soyqırımına faktiki dəstək verən bu qurum nəzərə almır ki, bu qondarma iddiaların 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər hələ 1905-ci ildən başlayaraq, azərbaycanlılara qarşı soyqırım cinayətləri törətməyə başlamışdır və artıq 110 ildir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətləri davam edir.
Nəhayət, bir daha vurğulamaq istərdim ki, Azərbaycan nümayəndə heyəti öz mövqeyində israrlıdır və biz Yerevanda keçiriləcək sessiyada iştirak etməyəcəyik.
Elxan Süleymanov,
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri