Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü mövzusunda “Dəyirmi masa” keçirilib.
Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, ermənilər ölkəmizə məxsus tarixi abidələri nəinki məhv edir, hətta Azərbaycanın tarixi abidələrini dünyaya öz abidələri kimi təqdim edirlər.
Məruzəçi, Azərbaycan Turizm və Menecment Universitetin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli “Azərbaycan Respublikasında abidələr və tarixi yerlərin mühafizəsinə dövlət qayğısı” mövzusunda təqdimat edib və Azərbaycanın mədəni-tarixi irsinin həm də dünyanın mədəni-tarixi irsi olduğunu diqqətə çatdırıb.
“İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondunun prezidenti, İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədri Şahin Camalov “Azərbaycan Respublikasında abidələr və tarixi yerlərin mühafizəsinin hüquqi bazası” mövzusunda çıxış edərək 22 muzeyin məhv edildiyini vurğulayıb.
AVCİYA eksperti, Məhərrəm Zülfüqarlı prezidentin imzaladığı 2007-2014-cü il dövlət proqramında Azərbaycan ərazisində 6300 tarixi və mədəniyyət abidəsinin dövlətin mühafizəsində olduğunu qeyd edib. Onun sözlərinə görə, araşdırma apararkən məlum olub ki, bu rəqəm daha çoxdur. Yəni Azərbaycanda çoxlu tarixi abidələr var ki, onlar qeydiyyatdan keçməyib.
“İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinin mühafizəsi və müdafiəsi təşkilatı”nın sədri Faiq İsmayılov işğal ərazisindəki tarixi abidələrin ermənilər tərəfindən 2 üsulla məhv edildiyini deyib. “Onlardan biri orada olan bütün yer adları və toponimlərin adlarının dəyişdirilməsi və özününküləşdirilməsi, ikinci istiqamət isə İslam dini abidələrinin tamamilə məhv edilməsidir”.
Sonda dəyirmi masa iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul edilib.
1905.az