XX əsrin sonlarında SSRİ adlanan imperiyanın dağılması ilə tarixşünaslıq elmində mövcud olan bir sıra stereotiplər və saxta konsepsiyalar da aradan qalxmışdır. Sovet hakimiyyəti illərində indiki Ermənistan ərazisinin tarixini yazmaq bir qayda olaraq ermənipərəst və erməni tədqiqatçıların monopoliyasında olmuşdur. Onlar da uydurma “Qədim Ermənistan”, “Böyük Ermənistan” konsepsiyalarını müdafiə edərək, həmin ərazidə yaşamış yəhudilərin, yunanların, urartuluların, aysorların, farsların, gürcülərin, albanların, xüsusən də qədim türklərin və onların xələfləri olan azərbaycanlıların tarixini ermənilərin xeyrinə saxtalaşdırmaq yolunu tutmuşlar. Halbuki, dünya tarixşünaslığında hazırda erməni adlandırdığımız hayların tarixi qədər qarmaqarışıq və saxta tarixə rast gəlmək mümkün deyil. Tarixləri qədər, onların etnogenezi də ziddiyyətli və dolaşıqdır. Bunu bir çox insaflı erməni alimləri və Avropa tədqiqatçıları da etiraf etmişlər.
Erməni xalqı kimi, erməni dilinin də hibrid olmasını məşhur dilçi alim Manuk Abeğyan da təsdiq etmişdir.
İlk mənbələr təsdiq edir ki, indi Ermənistan (Hayastan) adlandırılan əraziyə haylar ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəlmişlər. Haylar ərəb xilafəti dövründə islam dinini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxmış, həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta tarix əsərləri quraşırılmışdır. Bu gün erməni əlifbası kimi təqdim edilən, əslində Ön Asiyada mövcud olmuş və tarix səhnəsindən silinən xalqlara mənsub olmuş əlifbanın da hayların yaşadıqları ərazilərdə missionerlər tərəfindən yayılması xristianlığın təbliğinə xidmət etmişdir. Erməni əlifbasının müəllifi kimi təqdim edilən Mesrop Maştos da xristian missioneri olmuş və heç vaxt indiki Ermənistan ərazisində yaşamamışdır.
Hayların tarixi xristianlığın ən qədim kitabı hesab edilən İncilə və müxtəlif xalqların mifoloji qaynaqlarına uyğunlaşdırılmış, orada adları sadalanan şəxslərin prototipləri uydurulmuş və yer-yurd adları saxta tarixdə əks etdirilmişdir. Hayların tarixinin atası hesab olunan və V əsr salnaməçisi kimi təqdim edilən yepiskop Movses Xorenasinin (Moisey Xorenski) “Hayların tarixi”ni (ermənicə “Hayos patmutyun” adlanan bu kitab rus dilinə «История армян» kimi tərcümə edilməli olduğu halda, bilrəkdən «История Армении» kimi tərcümə edilərək mahiyyət təhrif edilmişdir) bir çox ermənişünaslar kompilyativ xarakter daşıyan, başdan-ayağa anaxronizmlərdən ibarət olan cızmaqara hesab edirlər. Qəribidir ki, erməni tarixçiləri Eçmiədzin monastırının IV əsrin əvvəllərindən, hayların əlifbasının isə V əsrin əvvələrindən mövcudluğunu iddia etsələr də, M.Xorenasinin “Hayların tarixi”nin ən qədim əlyazması XIV əsrdən o tərəfə keçmir. Çünki həmin əlyazmalara zaman-zaman erməni din xadimləri tərəfindən region xalqlarının və dövlətlərinin tarixinə aid bütöv dövrlər calaq edilmişdir. M.Xorenasinin “Tarixi” Avropada ilk dəfə 1695-ci ildə tərcümə edilərək Amsterdamda çap edilmişdir. Bir sıra Qərbi Avropa alimləri La Kroza, A.Karriere, S.Marten, A.Qutşmid, erməni tarixçilərindən N.Emin, K.Patkanov, Qr.Xalatyans, Qaraqaşyan belə nəticəyə gəlmişlər ki, M.Xorenasinin “Tarixi”ndə Bibliyadan, eləcə də yunan tarixçiləri Strabon, Herodot, Kteziya, Ksenofontun əsərlərində əks olunmuş urartululara, assuriyalılara, midiyalılara, sasanilərə aid hadisələrin üzü köçürülərək, bu xalqların sərkərdələri, tarixi şəxsiyyətləri haylar kimi, həmin ərazilər isə Hayastan kimi təqdim edilmişdir. Məşhur erməni tarixçisi Leo (Arakel Babaxanyan) M. Xorenasinin “Tarixi”ndə Haykın (Haykazyanlar dövrü) törəmələrinin 1800 illik tarixində 59 hakimin adlarının yazıldığını, həmin hakimlərdən 32-sinin yalnız quruca adlarının göstərildiyini, hakimlik dövrlərinin isə göstərilmədiyini qeyd etmişdir. Leo “erməni tarixinin atası” hesab edilən, M.Xorenasini yazdığı tarixi süni surətdə İncilə uyğunlaşdırmaqla xristianlığa süni xidmət göstərdiyini, “Haykazyanlar” dövrünün isə heç də sədaqətli salnaməçisi olmadığını qeyd edərək, onun yazdıqlarının uydurulmuş tarix olması qənaətinə gəlmişdir. Digər erməni tarixçisi Baxşi İşxanyan isə ermənilərin özlərinə həqiqi vətən hesab etdikləri “Böyük Ermənistan”ın Rusiyanın hüdudlarından kənarda – Kiçik Asiyada yerləşdiyini yazır.
Rus tədqiqatçısı Aleksandr Anninski M.Xorenasinin tarixi mənbə kimi əsərlərinə istinad etdiyi müəlliflərin (Mar Abas Katina, Aqafangel, Zenob, Favst Buzand) yazdıqlarının Avropa ermənişünasları tərəfindən demək olar ki, tamamilə inkar edildiyini yazır. Digər rus Qafqazşünası İvan Şopen qədim müəlliflərin əsərlərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, haylarla erməniləri eyni mənşəli hesab etmək olmaz. Eramızdan əvvəl XII əsrdə Balkanlardan Kiçik Asiyaya köçüb gələn haylar onlara qohum olan frako-frikiya tayfaları ilə birlikdə Dəclə və Fərat çayları arasında məskunlaşmışlar. Mifoloji rəvayətə görə, Assuriya çarı Belin üzərində qələbə çalan Haykın törəmələri olan haylar, onların Van gölü hövzəsində məskunlaşdıqları ərazilər Hayasa (Hayastan) adlanmışdır. Haylar, vaxtilə Anadolunun Ərməniyyə (Armenia) yaylası adlanan ərazilərində, Urmiya gölü hövzəsində, həmçinin Qafqazda yaşamış və hurrilərlə qarışaraq tarix səhnəsindən silinmiş subar (mitan) türklərinin ermən adlı boyunun irsinə və tarixinə sahib çıxmışlar. Məhz ona görədir ki, hazırda bir millətin özlərinin “hay”, digərlərinin isə “erməni” adlandırdığı iki adı var. Ermən etnonimi isə təkcə Anadolu və Qafqazda deyil, Orta Asiya və hətta Baykal gölünün arxasındakı «Erman dağları»na qədər yayılmışdır.
Müasir erməni, eləcə də Avropa, rus, hətta bəzi Azərbaycan tarixçiləri də Cənubi Qafqazın və Ön Asiyanın qədim tarixindən bəhs edərkən M.Xorenasinin müəllifliyi ilə təqdim edilən saxta tarixə və sonralar erməni kilsəsi tərəfindən yazılan digər saxta tarix kitablarına istinad edir və bununla da indiki Ermənistan ərazisinin qədim erməni torpağı olması iddiasına şərik çıxırlar. İndiki Ermənistan ərazisində ermənilərin tədricən məskunlaşması 1441-ci ildə Qaraqoyunlu əmirlərinin hakimiyyəti dövründə erməni katolikosluğunun Kilikiyadan İrəvan şəhəri yaxınlığındakı Vağarşapad kəndindəki kilsəyə köçürülməsindən sonra başlanmışdır. Avropa dövlətlərinin maliyyəsi hesabına erməni kilsələri ətrafındakı torpaqlar satın alınaraq ilk erməni yaşayış məskənləri meydana gəlmişdir. 1763-1782-ci illərdə Eçmiədzin katolikosu olmuş Simeon Erevansi “Cambr” əsərində və tarixçi A.Papazyanın Matenadaranda saxlanılan alqı-satqı sənədləri əsasında tərtib etdiyi kitabda Eçmiədzin kilsəsinin azərbaycanlılara məxsus torpaqların kimdən, nə zaman və hansı qiymətə alınması barədə sənədlər əks olunmuşdur.
Əslində, Cənubi Qafqazda ən gec məskunlaşan etnos ermənilərdir. Qədim türklər olan saklar, skiflər, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar Qafqazda at oynadanda bu regionda ermənilərin heç izi-tozu belə yox idi. Erməni tarixçisi Karen Yüzbaşyan təsdiq edir ki, türklər Qafqazda səlcuqların gəlişindən xeyli əvvəl mövcud olmuşlar. O, türklərin Kiçik Asiyada və Balkanlarda məskunlaşması tarixinin IV-VII əsrlərə təsadüf etdiyini, VIII-X əsrlərdə isə kütləvi xarakter daşıdığını yazır. K.Yüzbaşyan ərəb xilafəti dövründə sərhəd bölgələrinin əmirlərinin türk tayfa başçılarından seçildiyini qeyd edir.
Ermənilər kütləvi surətdə indi Ermənistan adlanan əraziyə İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra imzalanan Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən İran və Türkiyədən köçürülüb gətirilmişdir.
Bütün yuxarıda deyilənlərdən belə qənaət hasil olur ki, indiki Ermənistan Respublikasının ərazisinin və onun paytaxtı İrəvanın ermənilərə heç bir aidiyyəti olmamışdır. Bu ərazi qədim türk-oğuz yurdudur.
Iravan.com