Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən iyirmi halda yanğına çıxış, üç köməksiz vəziyyətdə qalma, bir avtonəqliyyat qəzası və bir intihara cəhd faktı üzrə ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla üç nəfər, o cümlədən Xəzər rayonunda intihar məqsədilə özünü dənizə atan bir nəfər xilas edilib.
Bundan başqa, Sabunçu rayonunda yük avtomobili ilə iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilindən iki nəfərin cəsədi çıxarılıb. Həmçinin Yasamal rayonunda birmərtəbəli obyektin damından 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlunun cəsədi götürülərək aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.