– Vüqar müəllim, az qala hər bir fotoaparat alan avtomatik olaraq özünü fotoqraf kimi dərk edir. Üstəlik indi bəzi mobil telefonlar da geniş imkanlı fotoaparat kimi istifadə oluna bilər. Fotoaparatların bu dərəcədə əlçatan olması sizcə, foto sənətini öldürməyib ki?
– Məncə, öldürməyib. Əksinə, mənim fikrimcə bu, yaxşı bir haldır. Əlinə fotoaparat götürən hər 200 nəfərdən heç olmazsa, 3-5 nəfərində fotoqraf qabiliyyəti varsa, onlarda foto sənətinə sevgi ciddidirsə və bu sənətə peşəkarlıqla yanaşırsa, bunun nəyi pisdir? Foto işinə ani maraq göstərənlərsə, bu sənətdə onsuz da davam gətirməyib, zamanla ayrılacaqlar. Bu yaxınlarda Facebookda belə bir status oxudum – əgər övladlarınızı pis vərdişlərdən çəkindirmək istəyirsinizsə, onlara fotokamera verin. Fotokamera onları mənfi meyillərdən qoruyacaq. Elə gənclər tanıyıram ki, peşəkar olmasalar da, foto işinə elə münasibət sərgiləyirlər, elə şəkillər çəkirlər ki, heyran olmaya bilmirsən.
Fotojurnalistika Azərbaycanda yox səviyyəsindədir.
– Deməli, fototexnikanın əlçatan olması foto sənətini nəinki öldürməyib, əksinə bu sənətə yeni-yeni adların, simaların gəlməsinə şərait yaradıb. Aleksadr Belenkiy adlı fotoqraf var. O, fotoreportajlar hazırlayır maraqlı şəkilaltı sözlərlə. Bir növ fotosöhbət yaradır. Mən Azərbaycan internet məkanında bu janra rast gəlməmişəm. Bizdə də belə fotoqraflar varmı?
– Azərbaycan Fotoqraflar Birliyində bizim gənc fotoqrafımız var – İradə Qədirova. Çox gənc və bacarıqlı fotoqrafdır. Mən həmişə onun şəkillərinə baxanda elə bilirəm ki, bu xanım əvvəlcə mətn yazır və yalnız bundan sonra ona uyğun foto çəkir. Hansısa yazarın, şairin sözüylə fotonu elə uzlaşdırır ki, sanki dediyiniz kimi, foto vasitəsilə söhbət edir. Azərbaycanın bölgələrinə səyahətlər edir. Onun şəkilaltı yazıları çox xoşuma gəlir. Foto sahəsində gənc olsa da, artıq peşəkar kimi çalışır.
– Sizdə bizim foto sahəsində hansı istiqamət yoxdur?
– Azərbaycanda indi fotojurnalistika sahəsində çatışmazlıq mövcuddur. Fotojurnalistika Azərbaycanda yox səviyyəsindədir.
– Sizin fikrinizcə, fotojurnalistika nədir?
– Məncə, fotojurnalist çəkdiklərinə öz subyektiv mövqeyi olmayan şəxsdir. Bu baxımdan mən fotojurnalist deyiləm.
– Elmi məqalənin hansısa nüfuzlu xarici jurnalda dərc olunması üçün onu xarici dilə keyfiyyətli tərcümə etdirmək tələb olunur. Elə xaricdə elmi məqalələrimizin az dərc edilməsinin əsas səbəbi də bundadır. Fotonun isə tərcüməyə ehtiyacı yoxdur. Nüfuzlu xarici dərgilərdə, sərgilərdə foto-şəkillərimiz də mənə elə gəlir ki, tərcüməyə ehtiyacı olan yazılarımız qədər az görünür.
– Azərbaycan fotoqrafları xaricdə yetərincə təmsil olunur. Hətta ABŞ-da yaşayan azərbaycanlı fotoqraf Rəna Əfəndi Word Press Foto müsabiqəsinin qalibidir. Bu olduqca nüfuzlu müsabiqədir. Rəna Əfəndi Azərbaycan fotoqraf məktəbinin yetişdirməsidir. Sitarə İbrahimova, Avropada təhsil alan İlkin Hüseynli bir sıra uğurlu foto-layihələrin müəllifidir. Hər ikisi “İlin fotoqrafı” yarışmasının qalibidir. Mərhum Hacı Akifin bənzərsiz fotoları var. Hətta Gürcüstan kinematoqrafçıları onun işlərini görəndə bizdə fotoqrafiya bu dərəcədə inkişaf etməsinə təəccüblənmişdilər. O ki, qaldı fotolarımızla dünyaya belə seyrək çıxmağımıza, bu, onunla bağlıdır ki, bizdə fotokamera ilə işləyənlərin əksəriyyəti kommersiya sahəsinə meyl edirlər. Ciddi janrla məşğul olanlar isə azdır. Amma yenə də xarici ölkələrdə müxtəlif festivallarda iştirak edirik. Bununla belə, foto işinin bir ixtisas kimi bizdə tədris olunmaması məni çox narahat edir.
– Uzun müddət bizim təyyarə və helikopter pilotlarımızla əlaqədar layihələr işləmisiniz. Yəqin aprel döyüşləri zamanı həlak olan Təbriz Musazadə, Ürfan Vəlizədəni də tanıyırdınız. Onlarla bağlı hansı xatirələriniz var?
– Hər üçünü yaxşı tanıyırdım. Sonuncu dəfə onlarla həlak olmamışdan bir neçə həftə əvvəl görüşmüşdüm. Bir saat, saatyarım söhbət etdik. Çəkdiyim şəkilləri onlara aparmışdım. Çox xoşlarına gəlmişdi. Hətta onlarla bir helikopterdə uçmuş, raketdən atəş açan yerdə şəkillərini çəkmişdim. Bu şəkildən sonra daha da dostlaşmışdıq. Mehriban və vətənpərvər oğlanlar idilər.
2012-ci il Eurovision mahnı müsabiqəsini mən çəkmişəm
– Foto sahəsində bir çox layihələr üzərində işləmisiniz, tədbirlərdə çəkilişlər aparmısınız. Yaxın gələcəkdə hansı layihəni gerçəkləşdirmək istərdiniz?
– Foto sərgimi keçirmək istərdim. Hazırda bu istiqamətdə çalışıram. 100-ə yaxın seçdiyim şəkil var, onları saf-çürük edib sərgimi təşkil etmək istəyirəm. Bu həm də 1999-cu ildən bəri başladığım işlə bağlı bir növ hesabatım olardı.
– Yaradıcı adamlarda bəzən yorulma da olur. Məsələn, mən yorulmuş jurnalistlər tanıyıram. Nə vaxtsa yorulacağınızı istisna etmirsiniz?
– İnanmıram. Foto uşaqlıq arzularımdan biri olub. Bu yeganə sahədir ki, yorulmadan işləyirəm. Məsələn, 2012-ci il Eurovision mahnı müsabiqəsini mən çəkmişəm. Həmin ildə yarışla bağlı foto-şəkillərin 98% -i mənə aiddir. İştirakçıların Bakıya gəlişi, qarşılanmaları, səhərə kimi məşqləri, bütün baş verən hadisələri mən çəkmişəm. İlin sonunda Pressfoto nominasiyasını qazandım. Bu tədbirdən olan fotolarımı Anadolu agentliyində görüb, məni işə dəvət etmişdilər. Uzun müddət orada çalışmışam. Ona görə də deyirəm ki, nədən yorulsam da, fotodan yorulmaram. Hərbi fotojurnalistikaya meylli olmuşam. Layihələrim olub bu sahə ilə bağlı. 2013-cü ildən Bakı Media Mərkəzində işləyirəm. Bakının hava çəkilişlərinin çoxu bizim Bakı Media Mərkəzinə aiddir. Onlardan da bəziləri mənimdir. ”Qərib məzarlar” foto albomunda və ”Əbədi ezamiyyət” filmində işləmişəm. Varşava meriyasında “Qoslavskinin Azərbaycandakı izləri” adlı kiçik bir fotostenddə işlərim nümayiş edildi.
Dadaş Musayev, 1905.az