Fransa ictimaiyyətinin tanınmış nümayəndələri Evian-le Bən şəhərində “Azərbaycan bağı”na və Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş yolverilməz davranışı sərt tənqid ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Fransanın fəxri senatoru Alen Vassel (Alain Vasselle) şəhər meriyasının “Azərbaycan bağı”nın adının dəyişdirilməsi və bağa ziyan vurulması təşəbbüslərini absurd və obyektivlikdən tamamilə uzaq olan ermənipərəst qüvvələrin əməlləri adlandırıb.
Fəxri senatorun fikrincə, hər hansı bir hadisədən narazılığın müxtəlif yolları var. Lakin yazıçı və şairlər bizim tariximizdir. Aleksandr Dümanın və şair-şahzadə Xurşidbanu Natəvan kimi dahilərimizin əsərləri mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə məxsusdur.
O diqqətə çatdırıb ki, Azərbaycana sülh yolu ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi üçün şərait yaradılmalı, Ermənistan və Azərbaycanın diplomatik kanalları vasitəsilə danışıqlar masası arxasına əyləşmək barədə razılığa gəlinməli idi.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jerom Lamber də Evian şəhər meriyasının əl atdığı əməlləri tamamilə yersiz davranış və çox güclü erməni diasporunun fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.
“Ermənistan tərəfindən 30 il bundan qabaq işğal olunmuş əraziləri üzərində Azərbaycan öz suverenliyini bərpa etdikdən bəri xüsusilə Fransada rəsmi Bakıya qarşı müxalif qüvvələr baş qaldırıb. Bu qüvvələr vəziyyətdən narazı olan Fransadakı erməni diasporundan istifadə edirlər. Bu müxalifət hətta isterik davranışlara, Azərbaycanla əlaqəsi olan bütün rəmzlərə, məkanlara əl atmağa çalışır. Erməni diasporunun Fransadakı bir sıra nümayəndələri fransalı siyasətçiləri Azərbaycana qarşı qızışdırmağa çalışırlar”, – deyən Assosiasiyasının prezidenti qeyd edib ki, Azərbaycana qarşı aparılan mənfur əməllərə heç bir əsas göstərmək mümkün deyil. Azərbaycan öz haqlarına sahib çıxıb. Fransada Azərbaycana qarşı fəaliyyət göstərən ermənipərəst qüvvələr Bakı ilə İrəvan arasında sülhün yaranmasına mane olurlar.
Fransa Milli Assambleyasının və NATO-nun Parlament Assambleyasının fəxri üzvü Jan-Lük Reitzer (Jean-Luc Reitzer) etiraf edib ki, Evian şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı nümayiş etdirilmiş pis rəftardan çox kədərlənib. “Mən Evian şəhərində baş verənləri kədərlə qarşıladım. Azərbaycanla Fransa arasında hər zaman hər bir sahədə – istər iqtisadi, istər mədəni və digər sahələrdə gözəl münasibətlər olub. Lakin bu gün Fransada bir çoxları Azərbaycanı tanımadan, tarixini bilmədən, heç zaman Azərbaycana ayaq basmadan ona qarşı mövqe tutmaqdadırlar”, – deyə o qeyd edib.
Jan-Lük Reitzer xatırladıb ki, Birinci Qarabağ müharibəsi zamanı Qarabağ separatçılar tərəfindən ələ keçirilmişdi və idarə olunurdu. Amma heç bir dövlət, hətta Ermənistan belə bu ərazinin müstəqilliyini tanımamışdı. “İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Erməni qaçqınlarından danışanlar unudublar ki, yüz minlərlə azərbaycanlı Birinci Qarabağ müharibəsindən sonra evini, torpağını Qarabağda qoyub getməyə məcbur olub, öz doğma yurdlarından didərgin düşüb. Mən Bakıda o qaçqınların düşərgələrində olmuşam. Mən bu gün ölkəmdə Azərbaycan və Azərbaycan xalqının mövqeyinə göstərilən ədalətsiz münasibətlərdən çox kədərlənirəm”, – deyə Reitzer söyləyib.