
Gəncə şəhərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılışında çıxış edən Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səməd-zadə festivalın əhəmiyyətindən və Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində oynadığı mühüm roldan danışıb.
Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri (Bədii rəhbər və dirijor – Xalq artisti Rafael Bayramov), Xalq çalğı alətləri orkestri (Bədii rəhbər və dirijor – Xəyal Qəhrəmanov) və “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı (Baletmeyster – Sənan Cavadov) çıxış ediblər.
Proqram çərçivəsində Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən seçilmiş əsərlər səsləndirilib. Konsertdə həm solo ifalar, həm də xor və ansambl çıxışları təqdim olunub.
İfaçılar arasında Elmir Pişnamazzadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Sehri Əliyeva, Vasif Bayramov, Əməkdar artist Kəmalə Tağızadə və Xalq artisti Sevinc İbrahimova da yer alıblar.
Konsert proqramına “Cəngi”, “Koroğlu” operasından uvertüra, “Leyli və Məcnun” operasından parçalar, “Arşın mal alan” operettasından mahnılar və rəqslər, eləcə də xalq rəqsləri daxil olub.