Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə Braziliyada səfərdədir. Səfər çərçivəsində Braziliyanın paytaxtı Braziliya şəhərində keçirilən G20 Dinlərarası Forumunda iştirak edən Şeyxülislam A.Paşazadə qurumun prezidenti Kol Durhamla görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə dini liderlərin siyasi xadimlər və hökumətlərlə əməkdaşlığa cəlb olunmasının əhəmiyyəti vurğulanıb, dialoqun səmərəli şəkildə davam etməsindən məmnunluq ifadə olunub. G 20 Braziliya Zirvə görüşünün əsas mövzularının qida təhlükəsizliyi, ətraf mühitin qorunması, sülh quruculuğu, kasıb ölkələrlə zəngin dövlətlər arasında münasibətlər, insan alveri və müasir quldarlıq olduğu diqqətə çatdırılaraq, dini liderlərin bu mövzulara dair mənəvi dəyərləndirməsinin zəruriliyi diqqətə çatdırılıb.
Forum çərçivəsində şeyxülislam A.Paşazadə Özbəkistan Prezidentinin müşaviri Müzəffər Kamilov, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Züheyr əl Harisi, ABŞ-dakı İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvü ağsaqqal Ahmed Salem Korbitt, G20 Braziliya yerli Təşkilat komitəsinin başçısı Rodriqo Vitorino Souza Alves, Müqəddəs İsa Redeem rektoru Omar Rapozo, BƏƏ Abu-Dabi Sülh Forumunun katibi Şeyx əl-Mahfud bin Bəyyah və başqaları ilə görüşüb, Forumun mövzuları ətrafında fikir mübadiləsi aparıb.
Allahşükür Paşazadə “Heç kimi unutmayaq: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda keçirilən Forumda dini müstəvidə qlobal debatda çıxış edib. Braziliyanın G 20-də sədrliyi çərçivəsində Dinlərarası Foruma dəvətə görə minnətdarlığını bildirən A. Paşazadə vurğulayıb ki, ümumi evimiz olan Yer kürəsində insan həyatına olan təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması qlobal zərurətdir. Beynəlxalq sabitliyə təhdid olan ksenofoboya təzahürləri, etnik, dini, irqi ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri dünya ictimaiyyəti tərəfindən qətiyyətlə qınanmalıdır. Müasir dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların yararsız hala salınması səbəbindən yaşanan qıtlıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi kimi bəşəriyyəti təhdid edən problemlərə toxunan şeyxülislam Forumun sülh və əmin-amanlığı tərənnüm etməsini, münaqişələrə, bərabərsizliyə son qoymağa çağırmasını, bəşəri narahat edən aclıq, yoxsulluq, ərzaq təhlükəsizliyi, ətraf mühit, dini etiqad azadlığının, uşaq, qadın və gənclərin hüquqlarının qorunması kimi mühüm problemlərə diqqət ayırmasını yüksək qiymətlənddirib. O, bütün dünya və ənənəvi dinlərin bəşərə ətraf mühitə mərhəmət, ehtiram ruhunu təlqin etdiyini və əks təqdirdə, yaşanacaq fəlakət, böhran və imtahanlardan xəbərdar etdiyini vurğulayıb.
Şeyxülislam A.Paşazadə Forum iştirakçılarının diqqətinə çatdırıb ki, ekoloji böhran, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması bu ilin noyabrında Bakıda COP29-da müzakirə olunacaq və bu toplantı çərçivəsində iqlim problemlərinin mənəvi dəyərləndirilməsində dini liderlər yaxından iştirak edəcəklər.
QMİ sədri onu da deyib ki, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dinc quruculuq işləri, əhalinin qayıdışı layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgəmizdə sülh və tərəqqi yönündə səy göstərir.
Braziliyanın G20 Zirvəsinə və COP30-a ev sahibliyi etmək şərəfinə layiq olmasını yüksək dəyərləndirən şeyxülislam BMT-nin COP sessiyalarına sədrlik edən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın davamlı əməkdaşlıq platformasında – COP sədrləri üçlüyündə bir araya gəlməsini böyük əhəmiyyət daşıyan hadisə olaraq səciyyələndirib.