Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
-Əziz Xoşbəxt müəllim, mən sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Baxmayaraq ki, yaşınız 90-a çatıb, amma siz həmişə olduğu kimi cavansınız, həmişə iş başındasınız, fiziki sağlamlığınız da yerindədir, həmişə nikbin adamsınız. Sizin nikbinliyiniz sizinlə bərabər işləyənlərə də gözəl təsir edir. Hesab edirəm ki, hamı mənimlə razılaşar, siz Azərbaycanın neft-qaz sənayesinin canlı rəmzisiniz. Təsadüfi deyil ki, sizin yubileyiniz dövlət səviyyəsində qeyd olunur. Mən yubileylə bağlı bir müddət bundan əvvəl Sərəncam imzalamışam və bu gün biz bu məclisdə sizin yubileyinizi qeyd edirik.
Siz həm sovet dövründə, həm də müstəqillik dövründə Azərbaycan xalqı naminə, Azərbaycanın inkişafı yolunda böyük işlər görmüsünüz, böyük töhfələr vermisiniz. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın neft-qaz sənayesinin inkişafında sizin böyük rolunuz var. Siz 20-dən çox neft-qaz yatağının kəşf edilməsində bilavasitə iştirak etmisiniz, bir çox hallarda kəşfiyyat işlərinə rəhbərlik etmisiniz. O yataqlar arasında “Azəri”, “Çıraq” və “Günəşli” xüsusi yer tutur. Bu yatağın sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünki Xəzərdə ən böyük neft yatağıdır. Ancaq “Azəri-Çıraq-Günəşli”nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünki bugünkü Azərbaycanın inkişafını “Azəri-Çıraq-Günəşli”siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənilməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, “Azəri-Çıraq-Günəşli” yatağının kəşf edilməsi və işlənilməsi doğrudan da tarixi hadisədir. Bu yaxınlarda bu yatağın işlənilməsi müddətinin uzadılmasını da biz təmin etdik və bu yataq ən azı 2050-ci ilə qədər istismarda olacaqdır.
Siz də yaxşı xatırlayırsınız ki, “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalananda təxmini ehtiyatlar xarici tərəfdaşlar tərəfindən 511 milyon ton səviyyəsində müəyyən edilmişdi. Hətta biz təəccüb edirdik ki, bu, dəqiqliklə necə hesablana bilər? Ancaq siz də o vaxt tam əminliklə deyirdiniz ki, bu yataqda daha çox neft resursları var. Hazırda xarici tərəfdaşların hesabatına əsasən bu yataqda ən azı 1 milyard ton neft vardır. Amma şübhəsiz, gələcək illərdə, xüsusilə yeni texnologiyalar tətbiq olunduqda, hesab edirəm ki, bu yataqdan daha çox neft çıxarılacaqdır.
Bu gün biz Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesində əldə olunmuş nailiyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək, əlbəttə ki, siyasi rəhbərliyin böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi. Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər gətirir, qanlı toqquşmalar baş verir. Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla icra edərkən neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci yerdəyik. Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir. İnfrastruktur layihələri icra olunub, 16 min kilometr yol çəkilibdir. Bu gün yol infrastrukturuna görə biz aparıcı ölkələr sırasındayıq. Biz vaxtilə elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən idxal edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq generasiya gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülən işlər hesabına.
Eyni zamanda, vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır – əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni, böyük işlər görülübdür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır.
Ona görə Azərbaycan xalqı qarşısında sizin çox böyük xidmətləriniz vardır. Çünki sizin biliyiniz, təcrübəniz, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi dövründə xarici tərəfdaşlarla apardığınız işlər bugünkü Azərbaycanın uğurlu inkişafını təmin edir.
Təbii ki, biz hazırda daha çox qeyri-neft sektoruna diqqət yetiririk, istəyirik bu sektor inkişaf etsin. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan iqtisadiyyatının əsası, yəni, bel sütunu neft-qaz sektorudur. Neft-qaz sektoru bundan sonra onilliklər ərzində Azərbaycanın aparıcı sektoru olacaqdır. Əlbəttə, biz çalışacağıq və əminəm buna nail olacağıq ki, qeyri-neft sektoru da inkişaf etsin. Keçən ilin göstəriciləri bunu əyani şəkildə sübut edir. Ancaq hər kəs bilməlidir ki, neft-qaz sektoru aparıcı sektordur. Bu da təbiidir. Çünki neftin vətəni Azərbaycandır. Dənizdən ilk dəfə neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılıb. Müasir dövrdə Azərbaycan yeni texnologiyalar əsasında öz neft-qaz potensialını tam şəkildə işə salıbdır. Nəhəng neft-qaz kəmərləri inşa olunubdur, neftdən əldə olunmuş gəlirlər hesabına böyük nəqliyyat layihələri icra edilibdir. Bu gün Azərbaycan bütün parametrlər üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır. Əminəm ki, gün gələcək Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini tapacaqdır.
Xoşbəxt müəllim, mən bilirəm ki, siz hələ uşaqlıq dövründən biliklərə çox meyilli olmusunuz. Sual yarana bilər ki, mən bunu haradan bilirəm. Ancaq istəyirəm bir hadisəni yoldaşlara çatdırım. Keçən il Mehriban xanım Pirhəsən pirini ziyarət edərkən bir ailənin üzvləri yaxınlaşdı və onu Kürdəxanıya dəvət etdi. Eyni zamanda, bildirdilər ki, Kürdəxanı qəsəbəsində çoxlu problemlər var, yollar, məktəb bərbad vəziyyətdədir və Mehriban xanımı qonaq çağırdılar. O da bu dəvəti qəbul edərək Kürdəxanı qəsəbəsinə getdi və ondan sonra Kürdəxanıda bir çox problemlər öz həllini tapdı. Kürdəxanıda yeni park salındı, bütün yollar təmir edildi, yeni məktəb tikildi. Ondan bir qədər sonra söhbət əsnasında demişdiniz ki, siz uşaq olanda Kürdəxanıdakı məktəbdə oxumusunuz. Mən də təəccüb etdim, çünki bilirəm ki, siz pirşağılısınız. Dedim ki, bəs Pirşağıda məktəb ola-ola nə üçün Kürdəxanıya getmisiniz? Bu gün də yadımdadır, dediniz, ona görə getmişəm ki, Kürdəxanıda müəllimlər yaxşı idi. Elədirmi? Qonşu kəndlər olsa da, o vaxt yolları bərbad idi. Mən təəccüb etdim ki, balaca bir uşaq üçün necə çətindir. Nəqliyyat vardı, yox idi bilmirəm, avtobusla gedirdiniz?
Xoşbəxt Yusifzadə: Piyada gedirdim.
Prezident İlham Əliyev: Piyada? Təsəvvür edin, bilik almaq üçün hər gün Pirşağıdan Kürdəxanıya piyada gedib-gəlib. Yəni, artıq bəlli idi ki, sizin böyük gələcəyiniz olacaqdır. Sonra biliklərinizi gənclərlə bölüşdünüz. Siz, eyni zamanda, böyük alimsiniz, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi çox fəalsınız. Sizin bir çox elmi əsərləriniz var və bu əsərlər təcrübəyə əsaslanır. Yəni, bu, sadəcə olaraq, fərziyyələr, nəzəriyyələr deyil. Təcrübə də göz qabağındadır, həm sovet, həm də müstəqillik dövründə. Məhz ona görə də siz həm sovet, həm də müstəqillik dövründə ən yüksək ordenlərlə təltif olunmusunuz. Birinci ordeni siz 1963-cü ildə almısınız – “Qırmızı əmək bayrağı” ordeni. İkinci ordeni 1971-ci ildə almısınız – “Şərəf nişanı”. Üçüncü ordeni isə 1976-cı ildə – ikinci “Qırmızı əmək bayrağı”. Elədirmi?
Xoşbəxt Yusifzadə: Elədir, mənim yadımdan çıxmışdı.
Prezident İlham Əliyev: Mənim hər şey yadımdadır. Hələ çox şey bilirəm, yavaş-yavaş deyəcəyəm. Sonra müstəqillik dövründə ulu öndər Heydər Əliyev sizi 2000-ci ildə ən yüksək ordenlə – “İstiqlal” ordeni ilə təltif etmişdi. Daha sonra növbə mənə çatdı və siz 2004-cü ildə “Şöhrət” ordeni, 2009-cu ildə “Şərəf” ordeni, 2015-ci ildə Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif olunmusunuz, keçən il Heydər Əliyev Mükafatına layiq görülmüsünüz. Dünən isə mənim Sərəncamımla Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edilmisiniz.
Bilirsiniz, Xoşbəxt müəllimlə biz 25 ildir ki, bir-birimizi tanıyırıq. Bütün dövrlərdə bizim çox sıx səmimi yoldaşlıq münasibətlərimiz olubdur. Biz yol yoldaşı olmuşuq və 1994-cü ilin yay aylarında “Əsrin kontraktı”nın hazırlanması üçün son danışıqlar prosesində iştirak etmişik. Amerikanın Hyuston şəhərində bir aydan çox qalmışdıq. Danışıqlar çox gərgin keçirdi, bir çox problemlər var idi. Hər iki tərəf istəyirdi ki, özü üçün ən məqbul şərtləri əldə etsin. Nəticə etibarilə biz hesab edirəm ki, çox məqbul kompromisə gələrək, Azərbaycan üçün ən gözəl şərtləri əldə etdik. O şərtlər bugünkü pay bölgüsündə öz əksini tapıb. Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı deməkdir. Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə işləyirlər. Ona görə unudulmaz Hyuston mərhələsi, əlbəttə ki, çox önəmli idi. Çünki biz qayıdandan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın yeni səhifəsi açıldı. O vaxt biz bir ailə kimi idik. Yadınızdadır, biz “Apart” otelində qalırdıq, orada mətbəx var idi. Yumşaq desək, otelin yeməklərindən bir qədər yorulmuşduq. Ona görə Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi, qonaq edirdi. Bu, unudulmaz günlərdir və biz bu günləri həmişə xatırlayırıq. Onu da bildirməliyəm ki, Xoşbəxt müəllimlə biz Dövlət Neft Şirkətində qonşu olmuşuq, qapımız bir-birinin yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. Mən bir çox şeyləri Xoşbəxt müəllimdən öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrdə və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim nə qədər bilikli adamdır. Onu da bilirdim ki, ulu öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir. Xatırlayıram ki, 1997-ci ildə “Abşeron” yatağı üzrə kontrakt imzalanandan sonra seysmik işləri aparılmışdı və kəşfiyyat quyusunun yeri müəyyən edilmişdi. Xoşbəxt müəllim də o vaxt xarici tərəfdaşlara demişdi ki, onlar quyunun yerini səhv seçiblər, orada heç bir ehtiyat olmayacaq. Onlar da dedilər ki, yaşlı kişidir, bizim seysmik qurğularımız, mütəxəssislərimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırmamız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə isə deyir. Əhəmiyyət vermədilər və peşman oldular. Çünki onlar Xoşbəxt müəllimə qulaq asmadılar, quyunu qazdılar və o da boşa çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət “Abşeron” yatağına maraq göstərdi. Yenidən kontrakt imzalandı, kəşfiyyat quyusunun yeri düzgün seçildi və böyük ehtiyatlar aşkarlandı.
Hələ o vaxt – 1990-cı illərdə Xoşbəxt müəllim deyirdi ki, “Abşeron” yatağında ən azı 300 milyard kubmetr qaz var. Onu haradan bilirdi deyə bilmirəm, amma bu gün artıq həyat bunu təsdiqlədi. Eyni nəticəyə xarici şirkət də gəldi və biz “Abşeron”dan 1,5 milyard kubmetr həcmində ilk qazı bu ilin sonunda, ya da ki, gələn il alacağıq. Bu, özlüyündə bir göstəricidir. Xoşbəxt müəllimin sözləri ilə desək, o, Xəzər dənizinin cikini də, bikini də bilir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsində Xoşbəxt müəllimin çox böyük zəhməti var. Çünki o, bütün zirvə görüşlərində iştirak edirdi və onun sözü tədbirlərdə tam həqiqət kimi qəbul olunurdu. İki il bundan əvvəl Xəzərin hüquqi statusu müəyyən olundu, razılaşma əldə edildi. Ancaq o vaxta qədər bir çox mübahisələr olurdu və bizim nümayəndə heyətində Xoşbəxt müəllimin olması mövqeyimizi həmişə gücləndirirdi.
Bir məsələni də bildirmək istəyirəm, vaxt keçdikcə bunların hamısı unudulur. O da “Şahdəniz” yatağının işlənməsi ilə bağlıdır. 1996-cı ildə kontrakt imzalanmalı idi, bütün danışıqlar başa çatmışdı. Ancaq iqtidar üzvlərindən biri etiraz edirdi ki, bu, imzalanmamalıdır. Onun heç bir əsası yox idi, o adamın, ümumiyyətlə, neft-qaz sənayesindən xəbəri yox idi. O, sadəcə olaraq, neftçilər tərəfindən hasil edilmiş və emalçılar tərəfindən emal olunmuş neft və neft məhsullarını xaricə sataraq öz cibini doldururdu. Ancaq heç bir əsas olmadan qəti etiraz bildirdi və o vaxt Heydər Əliyev Dövlət Neft Şirkətinin bütün rəhbərliyini dəvət etdi, hər birinə söz verdi. Hər biri çıxış edərkən dedi ki, bu kontrakt mütləq imzalanmalıdır və şərtlər bizim üçün ən məqbul şərtlərdir, o cümlədən Xoşbəxt müəllim. Yadımdadır, Ulu Öndər Xoşbəxt müəllimin sözünə böyük diqqətlə qulaq asırdı. Məhz Xoşbəxt müəllimin, eləcə də ümumi fikir belə idi ki, kontrakt mütləq imzalanmalıdır. İndi təsəvvür edin, əgər “Şahdəniz” kontraktı 1996-cı ildə imzalanmasaydı, nə Bakı-Tbilisi-Ərzurum, nə TANAP, nə də Cənub Qaz Dəhlizi olacaqdı. Beləliklə, Azərbaycanın qaz təminatı nə vəziyyətdə olacaqdı? Əgər “Şahdəniz” qazı olmasaydı, biz öz tələbatımızı ödəyə bilməyəcəkdik. Ona nə qədər investisiyalar qoyuldu və bu gün Azərbaycan dünya miqyasında, Avrasiyada qaz ixrac edən ölkəyə çevrilibdir.
Belə hadisələr çoxdur, vaxtı gəldikcə mən bunları açıqlayacağam. Bir daha demək istəyirəm ki, Xoşbəxt müəllim gözəl insandır, gözəl alimdir, gözəl mütəxəssisdir. Bu gün ona təqdim ediləcək ən ali mükafat bir daha onu göstərir ki, Azərbaycan dövləti və xalqı Xoşbəxt müəllimin fəaliyyətini yüksək qiymətləndirir.
Buraya gələrkən baxıb gördüm ki, Xoşbəxt müəllimdə Azərbaycanın yalnız “Vətənə xidmətə görə” ordeni yoxdur. Onu da saxlamışam 95 illik yubileyinə.
Xoşbəxt Yusifzadə: İndi mən gərək yaşayam.
Prezident İlham Əliyev: Həm yaşamaq, həm işləmək. İşlər çoxdur. Bir şeyi də bildirməliyəm, Xoşbəxt müəllimlə biz daim əlaqədəyik. Hər bir yeni kəşfiyyat quyusu qazılanda, yaxud da ki, hansısa bir quyuda yaxşı debit olanda, mənə birinci Xoşbəxt müəllim xəbər verir. Ona görə o, mənə zəng edəndə bilirəm ki, məni şad xəbərlə sevindirəcək.
X X X
Sonra Xoşbəxt Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.
Daha sonra Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Xoşbəxt Yusifzadəyə təqdim etdi.
X X X
Prezident İlham Əliyev: Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm ki, Gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin.
Sonra Xoşbəxt YUSİFZADƏ çıxış edərək dedi:
-Mən necə danışım, heç özüm də bilmirəm. Məni o qədər təriflədiniz ki, mənim haqqımda o qədər yaxşı söz dediniz ki, gözümdən yaş gəldi. Yadıma düşdü, İranda idik. Cənab Heydər Əliyev orada məni tərif elədi. Bu, Heydər Əliyev ilə axırıncı dəfə biz İranda olanda olmuşdu. Mən protokola görə ən axırda dayanmışdım. Gəlib mənim yanımdan keçəndə dedi: gördün, səni nə qədər təriflədim, nə qədər yaxşı sözlər dedim. Dedim ki, hörmətli Prezident, o qədər gözəl sözlər dediniz ki, mənim gözümdən yaş gəldi. Dedi, bura bax, gözünün yaşını sil, özün də get iranlılarla söhbətini davam elə, Allaha şükür, danışmağa da həvəsin var.
İndi o qədər mənə yaxşı sözlər dediniz, o qədər gözəl sözlər dediniz ki, mən bunların cavabında söz deməyə çətinlik çəkirəm. Nə deyim ki, buna bərabər olsun. Elə mənə Heydər Əliyevin ordeninin verilməsi. Mən Heydər Əliyevin qarşısında həmişə baş əyirəm. O, Azərbaycanda birinci ordeni mənə verdi, elə Siz də. Təkrar etmək istəmirəm. Sonra da onun adı ilə bağlı olan nə alıramsa, bu, mənim üçün çox böyük hədiyyədir, çox böyük bir mükafatdır.
Bilirsiniz, mən Heydər Əliyevlə 1969-cu ildə tanış olmuşam. 1970-ci ildə Xəzərin cənubdan şimalına qədər bütün işlənməsini bizə tapşırdılar. Onda Heydər Əliyev məni birliyin baş geoloqu təyin elədi. O, respublikaya rəhbərliyə gələndə neft sənayesinin vəziyyəti bir o qədər də yaxşı deyildi. Çünki dənizin dərinliyi 40 metrə qədər olan sahələrində yataqlar kəşf olunmuşdu, amma dərinə getməyə nə bizdə gəmi vardı, nə də maliyyə. Vəziyyətimiz çox çətin idi. Onda o, bizi yığdı, söhbət etdi, birlikdə qərara gəldik ki, gəmilər alınmalıdır və digər işlər görülməlidir. Bir neçə il ərzində 11 üzən qazma qurğusu alındı. Əvvəlcə özüqalxan, sonra yarımbatan gəmilər alındı və dənizdə kəşfiyyat işləri başlandı. “Azəri”, “Çıraq”, “Günəşli”, “Bahar” və başqa yataqlar – onların kəşf olunması elə o vaxtın nailiyyətləridir. Bu yataqlar kəşf olundu, daha nə lazımdır? Deməli, bunlara platforma lazımdır, dərin özüllər zavodunun tikilməsi lazımdır. O vaxt, sovet hökuməti vaxtı onu Həştərxanda tikmək istəyirdilər. Onu, 450 milyon dollarlıq zavodun Bakıda tikilməsi hər adamın işi deyildi. Bunu ancaq Heydər Əliyev kimi adam edə bilərdi, o da alındı.
Heydər Əliyev o vaxtlar elə işlər görürdü, sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, gələcəkdə bunlar hamısı Azərbaycana lazım olacaq. Onun bünövrəsini cənab Heydər Əliyev elə sovet vaxtında qoymuşdu. O, bunları etdi, sonra Azərbaycan müstəqil olandan sonra yenə həyat belə gətirdi ki, Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik edəndə də yenə neft sənayesinin vəziyyəti çox pis idi. Ümumiyyətlə, sovet hökuməti axırıncı illərdə neft sənayesinə bir o qədər fikir vermirdi. Çünki Azərbaycan dənizdə işlədiyi üçün xərc çox gedirdi. Başqa yerlərdə yataqlar açılmışdı – Sibirdə, Tatarıstanda. Ona görə də Azərbaycana o qədər də fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti daha da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərliyə gələndə yenə neft sənayesi ilə maraqlandı, bütün respublikada dəyişikliklər etdiyi kimi, dedi ki, neft sənayesində də nə etmək olar.
Orada yataqlar açılmışdı. Hərdən hörmətli İlham müəllim deyir, yaxşı ki, o vaxtlar bunları işlətməmisiniz, yoxsa, indi bizim üçün bir şey qalmazdı. Sovet vaxtında bunları biz işlədə bilməmişdik. İndi bunları işlətməkdən ötrü yenə bizdə nə pul var idi, nə texnika var idi. Onda Heydər Əliyev, hörmətli Prezident belə qərara gəldi ki, gəlin, xariciləri dəvət edək. O vaxtlar xarici sözünü deyəndə Azərbaycanda buna bir cür baxırdılar. Görəsən, bu, nə olan şeydir, niyə, bizim öz təcrübəmiz yoxdur ki? Amma təcrübəmiz də var idi, ağlımız da, pulumuz yox idi, texnika yox idi. Ona görə də biz mütləq bunu etməliydik. Bir də ki, xarici şirkətlərlə iş görmək bir əcaib şey deyildi. Dünyanın bütün dövlətləri, elə lap böyük Amerika da, İngiltərə də, ələlxüsus dənizdə iş görəndə. Çünki bunlar baha başa gəlirdi.
Ona görə də qərara alındı ki, mütləq xarici şirkətlərlə müqavilə bağlansın. O vaxt danışıqlar getdi. O vaxtlar bunlar başlanmasaydı, o vaxt, əlbəttə, bu kontrakt işlənməsəydi, buna qol çəkilməsəydi, cənab İlham Əliyev demişkən, indi Allah bilir biz nə gündə idik. Bunu da elədi, bunu da başladı. O gün deyir ki, “Azəri-Çıraq”dan çıxarılan neftin miqdarı 500 milyonu keçdi. Bu, 500 milyon nədir, bu, neft nədir, bunun qiyməti nə qədərdir? Görün, indi bunun bizim üçün nə qədər əhəmiyyəti oldu.
İndi həyatdır da, Heydər Əliyev dünyasını dəyişdi. Onun yerinə cənab İlham Əliyev gəldi. İndi cənab İlham Əliyev gələndə, əlbəttə, cavandır, fikirləşirdi, hərənin bir fikri var idi. Amma bir neçə ildən, bir neçə işdən sonra cənab İlham Əliyev bütün aləmə, nəinki Azərbaycana, bütün Avropaya, bütün dünyaya özünü təsdiq elədi ki, doğrudan da bu respublikaya gözəl bir rəhbər gəlib.
Onun gördüyü işləri saymaqla qurtaran deyil. İndi bu qədər məktəblər tikilir, bu qədər yollar çəkilir. Hərdən mən çaşıram ki, bunlar yox idi, indi nə qədərdir. Olanları da pis vəziyyətə düşmüşdü. Azərbaycan öz simasını 180 dərəcə dəyişib. Odur ki, mən hərdən bunu təkrar edirəm, 15-20 il, ya 10 il Azərbaycanda olmayan adam, gəlib Azərbaycana baxanda təəccüb edir. Doğrudan da bu qısa müddətdə belə işlər görülüb. Ümumiyyətlə, cənab İlham Əliyev Azərbaycana, bütün dünyaya başa saldı ki, müstəqillik, Azərbaycanın müstəqil olması nə deməkdir. Mən bunu çox yaxşı bilirəm. Çünki mən 60 ilimi, 90-nın 60 ilini sovet vaxtında yaşamışam, 30 ilini müstəqillik dövründə. O dövrlə bu dövrü müqayisə edəndə, mən müstəqilliyin ləzzətini yaxşı bilirəm. Başqaları bəlkə də elə-belə hiss edir. Ləzzətini görürəm, heyran oluram. Bir sözümüz yox idi, gedirdik, elə müdafiə etməyə. Bir quyu almaq üçün bir həftə qalırdım Moskvada, isbat edim ki, bu quyunu vermək lazımdır, bu quyunu qazmaq lazımdır. İndi özümüz öz ağamızıq, quyumuzu da qazırıq, hərdən boş da çıxa bilər. Özümüzük də, özümüzünküdür, qoy, necə çıxar elə də çıxsın. İndi bütün bunlar cənab İlham Əliyevin gördüyü işlərin nəticəsidir.
Dünən mən bu məlumatlara qulaq asdım. Düz gecə saat 11-dək qulaq asdım. Gör, hələ bu il nə qədər yeniliklər əldə olunub, elə hər il. Sonra müqayisənizə qulaq asdım. Allaha şükür, Allah ona bir yaddaş verib ki, məndən də yaxşı bilir, nə vaxt nə almışam. O rəqəmləri bir-bir, – özü də hərdən xanımım da oturur bir yerdə baxırıq – ingilis dilində, bir dənə kağız yox, bu qədər şeyi yadda saxlamaq. Bunlar hamısı necə yadda qalıb, bir-bir bunların hamısı deyilir.
Hə, bir də bir şeyi qeyd edim, ayın 11-də Pirşağıda mənim 90 illiyimi keçirdilər. Bunlar mənim 70 illiyimdə dedilər eləyək, 80-də dedilər. Axırı dedim, 90 ildir də. Orada bir söz dedim. Biri deyir ki, gəlin, Xoşbəxtin yaşını çevirək 91-ə, tərsinə 19 deyək. Dedim, necə deyirsiniz deyin, doxsan doxsandır, istəyirsən tərsinə de, istəyirsən düzünə de.
Sonra orada bir şeyi təkrar etdim. Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək olmurdu. Gördüm bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya elektriçka çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektriçka çəkdirə bilmərəm, amma sənə ev verərəm. İndi o gün cənab İlham Əliyev Pirşağıya elektriçka ilə gəldi. Mən gördüm bu elektriçkanı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi evi neynirsən?
İndi bir kənddə, mənim balaca kəndimdə gör nə qədər dəyişikliklər olub. İndi də söz gəldi, gərək deyim. Atam Pirşağıda ev tikdirəndə bizim bu evimiz demək olar, kəndin bütün evlərindən yaxşı idi. İndi o qədər gözəl evlər tikilib ki, bizim ev bunların yanında komaya oxşayır. Bu dəyişikliklərin hamısı bizim müstəqilliyimizin vaxtında yarandı. Bu, böyük işdir. Ona görə mən Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Mehriban xanım, Sizin haqqınızda danışım. Bu gün oxudum, görürəm saytınızda məni təbik etmisiniz. Axşamadək dözməmisiniz, elə gündüz təbrik etmisiniz. Mən Sizdən də çox razıyam. Sizin haqqınızda o dəfə danışdım. Sizin gördüyünüz işlərin də hamısı göz qabağındadır – istər Azərbaycan üçün, istər bütün dünya üçün. Siz Azərbaycanı bütün Avropaya tanıtmısınız. İndi Avropada elə bir ölkə yoxdur ki, Azərbaycanı tanımasın. Gedirsiniz kəndlərə, gedirsiniz məktəblərə, bağçalara, camaatdan xəbər tutursunuz. Uşaqlarla bir yerdə şəkil çəkdirirsiniz.
İndi İlham Əliyev haqqında demək istəmirəm, o, artıq bunları edə-edə gedir. İndi Siz də yarışa girmisiniz, görək kim çox adamla görüşər, kim onların qayğılarına daha çox qalar.
Mən Sizə də uzun ömür, cansağlığı arzulayıram, hər halda biz ayyarım Hyustonda bir yerdə külüng vurmuşuq. Mən həmişə təkrar edirəm ki, Siz, bizim bacımız, arxamızca həmişə su atırdınız ki, işiniz yaxşı getsin. O da bir günlər idi. İndi də əl-ələ verin İlham müəllimlə, Prezidentimizlə əl-ələ verin, bu respublikanın inkişafı üçün, gələcəyi üçün əlinizdən nə gəlirsə edin. Yəqin neftçilər arasında məndən yaşlısı yoxdur. Bəlkə orada rəhbər işçilər də var, onların hamısının adından demək istəyirəm öz sözümüzü, biz sizin arxanızda dağ kimi dayanmışıq, hər nə olsa, harada olsa. Çünki neft sənayesi Azərbaycanın dayağıdır. Neft sənayesi, indi qeyri-neft sektoru deyirlər, mənim sözüm yoxdur. Əlbəttə, ilk illər neft sənayesindən başqa bizim əlimizdə elə bir şey yox idi ki, respublikanı qabağa aparaq.
Birinci növbədə, əlbəttə, ən tez gəlir götürmək üçün əsas element neft idi. Respublikanın vəziyyətini ancaq neft sənayesi ilə düzəltmək olardı. Ona görə də cənab Heydər Əliyev taktikanı düzgün seçdi. Onun neft strategiyası Azərbaycanı bu dərəcəyə gətirib çıxardı. İndi amma elə vaxtıdır ki, başqa işə keçmək olar. Harada? Neft sənayesi öz sözünü dedi. Buna baxmayaraq, hələ büdcənin 56-57 faizi neftdən gəlir. Buna sözümüz yoxdur, amma qeyri-neft sektorunu inkişaf etdirmək olar. Ona görə də indi vaxtdır, onu da başlamısınız, çox gözəl başlamısınız, gözəl də nəticələr əldə edirsiniz. İl-ildən də bunlar, əlbəttə, daha da yaxşı olacaq.
Sağ olun, çox sağ olun. Mən Sizə çox minnətdaram ki, bu qədər adam yığılıb bura, onların hamısı məni də çox istəyirlər, başa düşürəm. Amma Siz dövlət başçısısınız, onların da hamısı gəlib buraya. Mən hamınıza öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, burada iştirak edirsiniz. Sizə indi nə arzulayıram – ömrünüz gəlsin-getsin, doxsanda dayanmayasınız. Nə qədər qüvvəniz var işləyəsiniz, ölkəyə, dövlətə xeyir verəsiniz. Sizin hamınıza uzun ömür, cansağlığı, xoşbəxtlik arzu edirəm.
Diqqətinizə görə çox sağ olun.
X X X
Yubiley mərasimi konsert proqramı ilə davam etdi.