Ərazisi 735 kv.km
İnzibati mərkəzi Göyçay şəhəridir.
Göyçay Azərb. Resp.-nın tərkibində inzibati rayon olmaqla 40020/ ilə 40050/ şm. enlikləri və 470 40/ ilə 48010/ ş. uzunluqları arasında yerləşir.
R-nun ərazisi şm.-dan c.-a 25 km, ş.-dən q.-ə isə 42 km məsafədə uzanır. R-nun mərkəzi Göyçay ş. Bakı-Qazax magistral yolunun 216 km-liyində, Ucar dəmiryol stansiyasından 18 km məsafədədir.
1. Geoloji quruluşu və relyefi. Göyçay r-nu Kaynazoy erasının III-IV dövrlərinin pleystosen əsaslı strukturları üzərində, tektonik cəhətdən zəif qiymətləndirilən Cənubi Qafqaz pilləsinin şm.-da yerləşir. Ərazi Yer qabığının qırışıqlıqlara məruz qalmış qalxma və enmə sərhədindədir. İldə 0-2 mm/il qalxma müşahidə edilir. Ərazinin 20%-ə qədəri əsasən Bozdağ və Qaraməryəm tirəsindən və digər alçaq, intensiv parçalanmış dağlıq ərazilərdən ibarətdir. R-nun orta yüksəkliyi 200 m, minimal yüksəkliyi 50, maksimal yüksəkliyi isə 309 m-dir. Yüksək yeddi ballıq zəlzələ ola biləcəyi ehtimal olunur. 1980 ildə 5 bal gücündə zəlzələ müşahidə edilmişdir. Ərazinin az bir hissəsi Mingəçevir-Göyçay perspektivli neft-qazlı r-nuna daxil edilsə də, bu günümüzə qədər r-n ərazisinə dair müsbət göstəricilər şərh edilməmişdir.
Hidrogeoloji rayonlaşmasına görə ərazinin şimal hissəsi Acınohur-Ceyrançöl yaylasına daxil edilir. Bu ərazidə yeraltı sular məhduddur. Kür-Araz ovalığına daxil edilən ovalıq ərazilər yeraltı sularla nisbətən zəngindir. Ərazidə Kürə doğru yaxınlaşdıqca suların bəzi yerlərdə səthə yaxın olduğu müəyyən edilmişdir. Geotermik cəhətdən Göyçay orta mövqe tutur, termiklik 35-45 mbt/m3 arasında dəyişir.
Ərazidə maili düzənliyin formalaşmasında Böyük Qafqazın dağəmələgəlmə prosesi, dağ çaylarının gətirmə materiallarının yaratdığı konuslar, dərələr, maili delüvial-prolüvial ərazilər, şimal-şərqində antiklinal və monoklinal alçaq dağlar və tirələr əsas yer tutur. Cənuba doğru zəif maili düzənliklərə keçən arid-denudasion, erozion akkumulyativ və s. kimi formalar yayılmışdır.
2. İqlimi və aqroiqlim ehtiyatları. Azərb.-ın düzənlik r-nları içərisində Göyçay nisbətən sabit iqlim xüsusiyyətlərinə malik olması ilə səciyyələnir. Böyük Qafqaz şm.-dan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz isə c.-dan gələn isti tropik hava kütlələrinin Azərb.-na birbaşa daxil olmasına maneə yaradır. Həmin proses bütün Kür-Araz ovalığında olduğu kimi, eləcə də Şirvan düzü r-nlarının qışının nisbətən isti və mülayim keçməsinə şərait yaradır. R-nun iqlimi iki tipə ayrılır: şm. hissəsində qışı mülayim, yayı quraq isti keçən quru-çöl, c. hissədə qışı quraq keçən mülayim-isti iqlim tipləri ilə səciyyələnir. Havanın orta illik temperaturu 14⁰C və bir qədər yuxarı, yanvarın orta temperaturu 3-4⁰ C və 0⁰ C arasında olur. Ən isti ayın orta temperaturu iyun-avqust aylarında 26⁰-yə çatır. Ən soyuq ayın temperaturu yanvar ayında 2-3⁰ C-yə enir. Temperaturun 35⁰ C-dən yuxarı olması 15-20 gün davam edir. Havanın illik mütləq minimumu -15,7⁰ C, maksimumu isə 44⁰ C və bəzən yüksək olur. Havanın 10⁰ C-dən yuxarı orta sutkalıq temperaturlarının cəmi 3800-4500⁰-dən yuxarı qalxır. Qar örtüklü günlərin sayı 10-20-yə çatmışdır. Şaxtasız dövrün davamiyyəti 300 gündən çoxdur. Qışı yumşaq və mülayim olur. Yağıntıların miqdarı 300-400 mm-dən çoxdur. Havanın rütubətlənməsi il üzrə 0,10-0,15 md-dir. Ən yüksək rütubətlənmə təminatı 0,36%-dir. Rütubətin orta çatışmazlığı 7,0-8,0 mb-dir. Ağ yelli günlərin sayı 30, bəzən 40-a çatır.
Aqroiqlim ehtiyatlarının Azərb.-da olan 7 tipindən ikisi Göyçay ərazisindədir. Ən geniş yayılanı mülayim qızmar, fəal temperaturların 4500⁰ C-dən çox təşkil etdiyi ərazilərdir. Burada pambıq, taxıl, quru subtropiklər bitkilər, yem bitkiləri və s. əkilir. R-nun yüksək hissələrində nisbətən məhdud ərazilərdə istilik 4500⁰ C-yə çatır. Burada taxıl, üzüm, tərəvəz, birillik bitkilər və s. becərilir. İstilərin yüksək olması çoxlu çeşiddə kənd təsərrüfatı bitkilərinin, bağçılığın, heyvandarlığın və s. inkişafı üçün ilkin şərait yaradır. Rütubət çatışmazlığı ərazi üçün problemdir.
R-nun təbii-tarixi şəraiti, aqrar ənənələrə dair təcrübələr göstərir ki, istiliyin yüksək olması rütubəti mühafizə etməyi, ərazidə yaşıllıqları, çox az qalan meşəlikləri və s. artırmağı tələb edir.
3. Daxili suları. Bütün Kür-Araz ovalığında və eləcə də Şirvan düzündən axan çaylar dağlıq ərazilərdə formalaşırlar. Göyçay çayı Böyük Qafqazın c. yamacından keçərək Qəbələ, İsmayıllı, Ucar, Zərdab r-nlarının ərazisindən axır. Su toplayıcı sahəsi Babadağı və onun ətrafında olan zirvələri əhatə etməklə 1770 kv.km, uzunluğu 115 km-dir. Su toplayıcının orta yüksəkliyi 538 m-dir. Çayın yuxarı axımında ona bir neçə kiçik qol birləşir: Buqur, Keyniyaçay, Peşkoçay, Zaratçay, Qalacıqçay, Əyriçay, Vəndamçay, Qaraçay, Eliqyançay, Buynuzçay və b. Sumaqlı k.-nin c.-da çay iki paralel qola ayrılır. Yenidən Göyçay ərazisinə yaxınlaşanda birləşirlər. Orta çoxillik axımı 440 min kub.m-dir. Qida mənbələri qarlardan (26%), yağışlardan (32%) və yeraltı sulardan (42%) ibarətdir. Maksimal illik axım 25-50 l/san/kv.km, minimal axım 0,5-1 l/san/kv.km-dir.
Mütəxəssislərin tədqiqinə əsasən, çayın asılı gətirmələri həcminə görə Şirvan düzündən axan çaylara nisbətən ancaq Türyançaydan geri qalır. Asılı gətirmələri 35 kq/san olmaqla ildə orta hesabla Şirvan düzünə bir milyon ton lil gətirir. Asılı gətirmələrin 45-65%-i aprel və mayda, 15-30%-i isə sentyabr və oktyabr aylarında olur. Çay suyunun tərkibi hidrokarbonatlı-kalsiumlu olmaqla 250-500 mq/l minerallaşma malikdir.
Göyçay çayı r-nda yeganə çaydır ki, onun suyu r-nun təbiətinin, məskunlaşmasının, məişətinin formalaşmasında mühüm rol oynamışdır. Çayın suyu ilə bir çox illər Göyçay və Ucar r-nlarının 40 min hektara yaxın torpaqları suvarılmışdır.
R-nun ərazisində ikinci çay Arvan çayıdır. Çay Böyük Qafqazın c. yamacında (Arvan dağından), r-ndan 12 km məsafədən başlayaraq Şirvan düzünə istiqamətlənmişdir. Çay yaz aylarında daşarkən şəhər əhalisinə böyük ziyan vurduğundan onun yatağı 1972-80 illərdə Göyçay çayı ilə birləşdirilmişdir.
Mingəçevir hidrokompleksinin tikilməsi ilə əlaqədar 123 km uzunluğunda Yuxarı Şirvan kanalının çəkilməsi nəticəsində Şirvan düzünün torpaqlarından səmərəli istifadə edilməsinə şərait yaradılmışdır.
Şirvan düzü və eləcə də Göyçay r-nu arid iqlimə malik olduğu üçün suvarmaya böyük ehtiyac vardır. Məhz ona görə də Göyçay çayından c. istiqamətində çəkilən Bığır, İnçə (Xanarxı), Qarabaqqal, Çayarxı, Potu, Mirzəhüseynli və s. arxlardan suvarmada geniş istifadə edilir. Həmin arxlar əhalinin əmək fəaliyyətinə, xüsusilə əkinçiliyin yayılmasına təsir göstərmişdir. Ərazidə suvarmadan daha səmərəli istifadə və eləcə də mikroiqlimin yaradılması üçün kiçik göllərin və su anbarlarının yaradılmasına böyük ehtiyac vardır.
4. Torpaqları. Torpaqların formalaşmasında litosferin, atmosferin, hidrosferin qarşılıqlı təsirləri əsas yer tutur. Həmin sferalar geokimyəvi, geofiziki, bioloji proseslər də iştirak edir. Göstərilən ümumi qanunauyğunluqlarla yanaşı, yerli şəraitlərində torpaqəmələgətirmə proseslərinə təsir göstərir. Kür-Araz ovalığı və eləcə də, maili düzənlik ərazidə yerləşən Göyçay r-nunun torpaqlarını çayların yeni və qədim gətirmə çöküntüləri, dağ çaylarının mənsəblərində toplanan kiçik dənəvər aşınma materialları və çınqıl-çaqıl çöküntüləri üzərində formalaşdırmışdır. R-nun daxil olduğu ovalığın quru çöl və yarımsəhra şəraitinin nisbətən məhdud bitki örtüyü yağıntıların az düşməsi ilə səciyyələnir. Səth axımlarında yaranan torpaq qarışıqları (məhlulları), torpaqəmələgəlmə prosesində iştirak edir. Torpaqlarda humusun ehtiyatı orta göstəricidən bir qədər aşağı olmaqla 200 t/ha-dır. Eroziya dərəcəsi orta səviyyəli olmaqla əsasən külək və irriqasiyaların təsiri ilə baş verir. Torpaqları duzlaşmış və zəif duzlaşmışdır (0,25-0,5%), şorakət torpaqları orta maqneziumlu, orta natriumludur. Torpaqların rütubətliliyi aşağıdır – 10%, ümumi rütubət tutumu orta səviyyəlidir – 3500-4000 kub.m/ha. Torpaqlardan suvarma və irriqasiya olunmaqla istifadə edilir.
İqlim-meliorasiya rayonlaşmasına görə Kür-Araz vilayəti düzənlik, yarımquru isti r-nuna daxildir. R-nun torpaqlarının ekoloji vəziyyəti nisbətən ərazinin hündür hissələrində məhdud sahədə açıq dağ boz-qəhvəyi, tünd-şabalıdı (tünd-boz-şabalıdı) və şabalıdı (boz-qəhvəyi) torpaqlar formalaşdırıb. Ümumi münbitliyinin boniteti 68 baldır. Torpaqların texnogen pozulma səviyyəsi yüksək olsa da, tarixən Göyçay torpaqlarından səmərəli istifadə etməklə buranı meşəli, bağlı-bağatlı ərazilərə çevirmək ənənələri yaranmışdır.
5. Bitki və heyvanat aləmi. Göyçay geobotanik cəhətdən Ceyrançöl-Bozdağ, Kür-Araz r-na daxildir. R-n ərazisi geniş yovşanlıq və şorangəlik, quru çöl və yarımsəhra bitkiləri və kolluqlarla örtülmüşdür. Birillik şoran, bitkiləri və qış otlaqları yayılmışdır. Yarımsəhraların fiziki-coğrafi şəraiti yovşanlıqlar, yovşanlıq-qarağancıqlar, yovşanlıq-şahsevdi və s. bitkilərin yayılmasına səbəb olur.
R-nun ərazisi bol istiliyə, uzun vegetasiya dövrünə malik olduğundan tarixən süni suvarma şəraitində geniş yaşıllığa, bağlara, meşəliklərə çevrilmişdir. Göstərilənlərin böyük əksəriyyəti Göyçay və Arvan çaylarından ayrılan arxların boyunca və ətrafında yerləşir. Çox yerdə insan əli ilə yaradılan mədəni yaşıl areallarda özünəməxsus mikroiqlim formalaşmışdır. Nəticədə yemişan, itburnu, murdarça, qaratikan, ardıc və b. üstünlüyü ilə cəngəlliklər yaranmışdır. Bir çox dağ-bozqır bitkilərinin yerində cır meyvələr (əzgil, armud, zoğal, xurma, cır nar və s.) bitir. Tədriclə həmin ərazilərdə insanların əli ilə mədəni bitkilər, bağlar salınmışdır. Geniş məhsuldar bağların, xiyabanların, mədəni meşələrin və s. salınması nəticəsində yaranan aqrar mühit meyvəçiliyin, taxılçılığın, bostan və tərəvəzçiliyin inkişafına əlverişli şərait yaranmışdır.
R-nun əhalisi artdıqca, istehsal və xidmət infrastrukturu genişləndikcə yaşıllıqların, meşələrin, yerli qoruqların azalması ilə heyvan növlərinin sayı da azalmışdır. Ümumiyyətlə, ərazi üçün səciyyəvi olan heyvanlara canavarı, çaqqalı, çöl donuzunu, dovşanı, sürünənlərin, gəmiricilərin bəzi növlərini misal göstərmək olar. Nadir quşlara az da olsa ərazidə rast gəlmək olur. Məsələn, kəklik, turac, qırqovul və s.
6. Landşaftları. Rayonun ərazisi ön dağlığın və düzənliklərin landşaftlarına uyğun formalaşmışdır. Ön dağlığın maili düzənliyə birləşdiyi ərazidə kiçik areallarla arid-meşə, meşə-kolluq, quru-çöl landşaftları ilə fərqlənmişdir. Qalan ərazilərin böyük hissəsi çöl və yarımsəhra landşaftlarından ibarət olmuşdur.
Azərbaycanın coğrafiyaşünasları tərəfindən tibbi-ekogeokimyəvi landşaft xəritəsində Göyçay ərazisinin yuxarı hissəsi Dağarası düzənliklərin çəmən-meşə-bozqırlar tipinə, rayonun əsas hissəsi Dağətəyi arid meşə kolluqlar tipinə daxil edilmişdir. Bu təbii-tarixi ərazilərin kimyəvi elementlərin miqrasiya şəraitinə görə allüvial, supekrakval, aşağı ərazilərin transallüvial, transakkumulyativ proseslərə malik olduğu göstərilir. Geokimyəvi konsentratlaşma və mikroelementlərin anomal nəticələrindən bir sıra səciyyəvi xəstəliklər yarandığı qeyd edilir. Yuxarı dağarası landşaftlarda mədə-bağırsaq, əsəb, hipertoniya, ürək-damar, konyuktuvid; dağətəyi ərazilərdə onkoloji, mədə-bağırsaq, əsəb, burselyoz və b. xəstəliklər aşkar edilmişdir.
Keçən əsrin ortalarından başlayaraq landşaftlarda və ümumiyyətlə ətraf mühitdə gedən dəyişikliklər nəticəsində isitmə, traxoma, yatalaq və b. xəstəliklərin kökü kəsilmiş və yaxud da çox azalmışdır. Bununla yanaşı, ərazilərin böyük əksəriyyəti antropogen təsirə məruz qalaraq, texnogen landşaftlara çevrilməkdədir. Göstərilənlərin müsbət və mənfi tərəflərini qiymətləndirmək məqsədilə ekoloji monitorinq aparılmasına böyük ehtiyac vardır.
7. Göyçayın təbii resursları. Tükənən resurslar yox dərəcəsindədir. Səbəbi ərazinin son geoloji erada sudan azad olması ilə əlaqələndirilir.
R-nun ərazisi geoloji quruluşuna görə Kaynozoy erasının Neogen dövrünə, düzənlik sahəsi isə həmin eranın IV dövrünə aiddir. Ərazisinin bəzi sahələri isə müasir çöküntülərlə örtülmüşdür. Ümumiyyətlə, r-n ərazisinin bütün səthi gil, gillicəli torpaqlar, bəzən qumlu çöküntülərlə 10-15 sm qalınlığında qat kimi örtülür.
Göyçay çayı dərəsinin və Cəyirli k.-nin yaxınlığında çaydaşı, çınqıl, qum çıxarılaraq tikintilərdə istifadə edilir. Bundan başqa, r-nun Qarabaqqal və Məlikkənd k.-lərinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksəkkeyfiyyətli kərpic hazırlanır.
Müasir dövrə qədər yalnız tikinti materiallarından qum, çay daşı, çınqıl, gil, əhəng daşı istifadə edilir. Göstərilənlər ərazidə tarixən saxsı qablar, kərpic, beton istehsalında istifadə edilmişdir. Tükənməyən resurslardan Günəş enerjisi potensial imkana malikdir, külək və su enerjisi məhdud istifadə üçün yararlıdır. Axar su mənbəyi əsasən Göyçay hesab olunur. Göyçay r-n ərazisində əhali məskunlaşmağa başlayandan, çaydan ayrılan arxlar vasitəsilə əsas su mənbəyi kimi istifadə edilmişdir. İstinin və küləyin yararlıq dərəcələrinin göstəriciləri iqlim bölməsində verilmişdir. R-nun əsas su mənbəyi olan Göyçayın ekoloji baxımdan səmərəli axınının və mühitinin nizamlanmasına ehtiyac duyulur.
Geoloji şəraiti struktur baxımından Kür meqansiklinoriumunun şm. qanadında, Göyçay ş.-nin yaxınlığında yerləşir. Yatağın kəşf tarixi: 1920 illərin axırlarında, 1930 illərin əvvəllərində K.P.Kalidskiy, V.E.Rukensov, F.P.Savarenskiy və b. Şirvan düzündə süxurların sululuğu haqqında ümumiləşdirilmiş məlumatlar vermişlər. Yataqda aparılan hidrogeoloji işlərin mərhələləri və tarixi: 1968-1973 illərdə hidrogeoloji və mühəndis-geoloji planaalma işləri, 1973-1978 illərdə əlavə kəşfiyyat işləri aparılmışdır. (Faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları MEK № 69, 1978 il).
Ehtiyatlar, min m3/gün
B | C1 | C2 | Cəmi |
15,2 | 28,1 | 54,9 | 98,2 |
Ehtiyatların hesablanmasının kondisiyası. Yeraltı suların ehtiyatları DÜST 2874-73 “İçməli sular”ın tələblərinə cavab verir.
Göyçay dərəsinin və Göyçayın gətirmə konusunun qrunt suları sulu horizontun növü və yaşına görə müasir dövrün kontinental çöküntülərində formalaşan hidrokarbonatlı və sulfatlı-hidrokarbonatlı sulardır.
Ehtiyatların hesablanmasında nəzərə alınan quyuların əsas göstəriciləri
Quyu nömrəsi | Statik səviyyə, m-lə | Sulu horizontun qalınlığı, m-lə | Süzülmə əmsalı, m3/gün | Su keçiricilik əmsalı, m2/gün | Sərf l/san |
Göyçayın gətirmə konusu | |||||
100 | 73,3 | 87,2 | 0,59 | 96 | 0,65 |
102 | 45,5 | 119,5 | 3,5 | 585 | 2,8 |
16/51 | 51,7 | 11,4 | 11,5 | 1100 | 5,7 |
16/42 | 44,0 | 34,9 | 2200 | ||
Göyçayın dərəsi | |||||
I/2k | 0,7 | 6,0 | 0,5 | 0,12 | |
II/3k | 1,0 | 5,9 | 2,9 | 0,5 | |
III | 7,0 | 7,0 | 1,6 | 0,39 | |
13 | 1,09 | 1,5 | 38,7 | 0,71 | |
16 | 0,45 | 2,55 | 31,6 | 2,04 | |
2 | 1,1 | 24,4 | 15,3 | 2,66 |
Mütəxəssislərin hesablamalarına görə, sulu horizontun yatma dərinliyi Göyçayın dərəsində 26 m-ə qədər, gətirmə konusunda açılmış dərinlik 300-400 m-ə qədərdir.
Mikrokomponentlərin miqdarı normadan çox deyil. Nitrat, nitrit və amiak tapılmayıb və ya ancaq izlərinə rast gəlinir. Bakteoroloji cəhətdən təmizdir.
Dağətəyi düzənliklərin məsamə-lay suları hövzələri üzrə
su horizontlarının hidrogeoloji parametrləri
Yeraltı su horizontu | Su horizontunun tavanının yatma dərinliyi, m | Statik və ya pyezometrik səviyyə, m | Hidrorelyefin mailliyi | Susaxlayan süxurların qalınlığı, m | Quyuların sərfi, l/san | Xüsusi sərf, l/san.m | Susaxlayan süxurların filtrasiya əmsalı, m/gün |
Şirvan düzənliyi (300-400 m dərinliyə qədər) |
Göyçay sahəsi |
Təzyiqsiz | – | 0,5-73,3 | 0,025-0,0008 | 3,5-119,5 | 0,07-3,1 | 0,02-3,5 | 0,1-25,9 |
I Təzyiqli | 21-100 | +7,2-20,8 | 0,02-0,002 | 3,6-107,5 | 0,07-9,2 | 0,02-4,2 | 0,3-18,2 |
II Təzyiqli | 93-274 | + 16,4-3,7 | 0,02-0,002 | 4,7-52,4 | 0,04-8,3 | 0,01-0,7 | 0,1-17,2 |
Azərb. Resp.-da yeraltı suların istismar ehtiyatları ilk dəfə 1962 ildə “Su ehtiyatlarından istifadənin baş sxeminin” əsaslandırılması məqsədi ilə Y.R.Göyçayski və E.R.Fialko tərəfindən dağətəyi düzənliklərin ərazisi üçün 10,7 mln kub.m/gün (124,3 kub.m/san) miqdarında hesablanmışdır. Eyni zamanda dağlıq zonaların yeraltı sularının təbii resursları Böyük Qafqaz dağ-qırışıqlıq zonası üçün 62 kub.m/san, Kiçik Qafqaz zonası üçün 12,7 kub.m/san, Dağlıq Talış üçün 5,4 kub.m/san miqdarında hesablanmışdır (Гидрогеология СССР M, 1969).
8. Əhalisi və yaşayış məntəqələri. R-nda əhalinin sayı 2023 ilin məlumatına görə, 123 min nəfər olmuşdur. 2010 ilin əhalisinin sayına (91 min) nisbətən 32 min nəfər artmışdır. İllik artım 2,4 min nəfər olmuşdur. Əhalinin orta sıxlığı hər kv.km 167 nəfər olmaqla Azərb. əhalisinin orta sıxlığından 1,4 dəfə çoxdur.
Göyçay rayonuna daxil olan kəndlər
1. Alıkənd | 12. Çərəcə | 23. Kürdşaban | 34. Mallı-Şıxlı | 45. Şıxbəy |
2. Alxasava | 13. Çərəkə | 24. Qarabağlar | 35. Mollahacılı | 46. Şıxəmir |
3. Alpout | 14. Dövranlı | 25. Qarabaqqal | 36. Məlikkənd | 47. Şıxlar |
4. Aşağı Qaraməryəm | 15. Ərəbşahverdi | 26. Qaraxıdır | 37. Mırtı | 48. Türkmən |
5. Bəydövül | 16. Hacalıkənd | 27. Qaraman | 38. Mirzəhüseynli | 49. Üngütlü |
6. Bığır | 17. Hacıağabəyli | 28. Qaraməryəm | 39. Müskürlü | 50. Ulaşlı Şıxlı |
7. Birinci Ərəbcirli | 18. Xəlitli | 29. Qarayazı | 40. Potu | 51. Veysəlli |
8. Cəyirli | 19. İkinci Ərəbcəbirli | 30. Qəbələ Müskürlü | 41. Şahsoltanlı | 52. Yalman |
9. Cırqurd | 20. İnçə | 31. Qızılağac | 42. Şəhadət | 53. Yekəxana |
10. Çaxırlı | 21. Kürd | 32. Qubadlı Şıxlı | 43. Şəkər | 54. Yeniarx |
11. Çayarxı | 22. Kürdəmiş | 33. Ləkçıplaq | 44. Şəkili | 55. Yenikənd |
Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər
1. Alxasava | 5. Bığır | 9. İnçə | 13. Kürdşaban | 17. Qızılağac | 21. Mırtı | 25. Şəkər |
2. Alpout | 6. Cəyirli | 10. İkinci Ərəbcəbirli | 14. Qarabaqqal | 18. Ləkçıplaq | 22. Müskürlü | 26. Göyçay ş. |
3. Aşağı Qaraməryəm | 7. Çaxırlı | 11. Yalman | 15. Qaraməryəm | 19. Məlikkənd | 23. Potu | |
4. Bəydövül | 8. Çərəkə | 12. Yeniarx | 16. Qaraman | 20. Mallı-Şıxlı | 24. Şəhadət |
R-n ərazisində mövcud iri yaşayış məntəqələrindən Bığır, Ləkçıplaq, Qaraməryəm, Qarabaqqal, Çaxırlı, Potu, İnçə, Şəhadət, Kürdşaban, Mallı-Şıxlı və s. kəndləri Göyçayın yaxın tarixinə dair məlumatları əks etdirir. Heç şübhə etmirik ki, Göyçayın bir çox tarixi məlumatları çox uzaqda deyildir. Onların ortaya çıxarılması r-nda mühitin əlverişli qurulmasına, insanların təsərrüfat fəaliyyətinə, ekoloji səmərəliliyinin yüksəldilməsinə və s. böyük töhfələr verə bilər.
Şövqi Göyçayski (Göyçaylı),
coğrafiya e.d., professor,
Əməkdar müəllim