1992-ci il mayın 8-də Şuşa şəhəri erməni işğalçıları tərəfindən zəbt edildi. İşğal zamanı 200 nəfər şəhid, 150 nəfər əlil oldu, 552 körpə yetim qaldı, 22 minə yaxın insan qaçqın düşdü, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev-muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat bniası tamamilə dağıdıldı. Bu, Şuşanın son itkiləridir…
Qədim şəhərin qədim tarixi ilə bağlı uzun-uzadı danışmaq da olar, yazmaq da. Kifayət qədər yazılı mənbələr, internet saytlarında məlumatlar var. Lakin çox təəssüflər olsun ki, Şuşa haqqında hər şeyi sanki bu gün öyrənirik. Sorağı dünyaya yayılan Şuşanın sahibi olan bizlər bu cənnət diyara nə qədər yaxın olsaq da, sən demə, bir o qədər də uzaq olmuşuq. Şuşa tarix boyu düşmən hücumlarına məruz qalıb. Ən qəddar düşməni, qənimi isə qoynunda özünə məskən seçən, gün-güzəran quran ermənilər olub. Bu nankorlar 1905-ci ildə də şəhəri vəhşicəsinə yandırmışdılar.
Şuşa ilə yaxından tanışlığa 70-ci illərdən başlamışam. İlk ezamiyyətim də Şuşanın tarixi abidələrinin qorunması ilə bağlı idi. Sonradan Şuşa Tar Fabriki haqqında məqalə də yazdım. Bakıda keçirilən Qarabağ günləri həftəsinə qoşulduğum anları yaxşı xatırlayıram. Nəhayət 1980-ci illərin sonunda Qarabağda keçirilən Beynəlxalq Xarıbülbül Festivalının aparıcısı olmuş, festivalın səs abidəsini yaratmışdım. Bu, mənim Şuşa ilə son görüşüm oldu. Təəssüflər olsun.
…Keçən əsrin 70-ci illərində respublikamıza şad bir xəbər yayıldı. Şuşada geniş xatirə kompleksinin bünövrəsi qoyulacaq. Çanaqqala adlanan yerdə xalq teatrı binası da ucalacaq. O, quruluşuna və orijinallığına görə respublikamızda yeganə kompleks olacaqdı. 800 nəfər tamaşaçı tutacaq açıq səhnə Şuşanın “Yaşıl teatr”ına xüsusi gözəllik verəcəkdi. Layihənin müəllifləri teatrın ətrafında Şuşanın mədəni həyatı ilə bağlı, burada yaşayıb-yaratmış on beş ədəbiyyat və incəsənət xadiminin büstünü və dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin əzəmətli heykəlini yerləşdirməyi nəzərdə tutmuşdular. Eskizlərdən aydın olurdu ki, teatrdan baxanda Qarabağ düzlərinin füsunkar mənzərəsi də görünəcəkdi. Eləcə də on kilometrlərlə məsafədən bu əzəmətli memarlıq abidəsini görmək mümkün olacaqdı. Şad xəbəri eşidən kimi müəllifləri axtarmağa başladıq. Bunun üçün ən münasib yer Dövlət mükafatı laureatı, heykəltəraş Fuad Əbdürrəhmanovun emalatxanası idi. Tanışlıqdan sonra, yadımdadır ki, aramızda maraqlı bir dialoq da yarandı:
– Təbrik edirik, Fuad müəllim.
– Çox sağ olun. Ancaq tez deyilmi?
– Gözəl ideyadır. Sizi təkcə heykəltəraş yox, həm də ciddi və maraqlı axtarışlar aparan memar kimi görəcəyik.
– İstərdim ki, belə xoş sözləri əsl zəhmət sahibinə deyəsiniz. Mənim görəcəyim iş bundan sonra başlayacaq.
– Layihədə sizin işiniz əsasən nədən ibarətdir?
– Bilirsiniz, memarla heykəltəraş hər hansı mövzu haqqında birgə düşünəndə onların fikirləri, ideyaları bir-birinə qaynayıb-qarışır. Bunsuz bütöv bir iş yaratmaq mümkün deyil. Hələlik Üzeyir bəy Hacıbəylinin tunc heykəlini və təbii daşdan düzəldilmiş postamentini işləmişəm. Heykəlin hündürlüyü 5 metr olacaq.
– Doğrusu, maketdə kompleksi tam təsəvvür etmək çox çətindir. Xüsusilə Üzeyir bəyin heykəlinin kompleksə necə bağlanacağını hələlik aydın təsəvvür edə bilmirik. Bir heykəltəraş, həm də bir müəllif kimi bu haqda fikrinizi bilmək çox maraqlıdır (O, maketdən bir qədər aralanır, təzəcə yonulub hazırlanmış eskizin üzərindən ağ pərdəni qaldırır).
– Diqqət edin, Üzeyir bəydir, məncə, onu burada daha yaxşı görə bilərsiniz. Eskizdə sənətkar sol əlini çənəsinə söykəyərək dərin xəyala dalıb. Sanki “Leyli və Məcnun”u, “Koroğlu”nu dinləyir. Təsəvvür edin ki, teatr adamla doludur, səhnədə kimsə çalır, ya oxuyur. Böyük bəstəkarın nəzərləri ora dikilib. Teatr boşalır, səhnədə heç kim qalmır. Bu zaman sənə elə gəlir ki, indi də bəstəkarın baxışları sazçalan qızın heykəlinə dikilib.
Fuad müəllimlə söhbəti bitirdikdən sonra qalırdı ikinci müəlliflə görüşmək. Vaxt itirmədən Memarlıq İnstitutuna yollandım. Öyrəndim ki, bu gənc qız Leninqradda (Sankt-Peterburq) Memarlıq İnstitutunu bitirib. Cəmi bir neçə layihənin müəllifidir. A.Salamova, gənc olmasına baxmayaraq, maraqlı müsahib idi, öz işindən həvəslə danışırdı: “Mədəniyyət Nazirliyinin sifarişi ilə böyük sənətkar Üzeyir bəy Hacıbəylinin və bir qrup ədəbiyyat, incəsənət xadiminin Şuşada abidələri qoyulmalı idi. Lakin həmin sahənin imkanlarını, Şuşa şəhərinin arxitektura ansamblını nəzərə aldıqdan sonra belə qərara gəldik ki, ayrılmış sahə bu iş üçün yaramır. Heykəltəraş Fuad Əbdürrəhmanovla böyük məsuliyyət hissi ilə işə girişdik. Fikirləşdik ki, heykəl və büstləri kompleks şəklində xalq teatrı ətrafında yerləşdirmək daha münasibdir. Məşhur Çanaqqala yamacını obyekt seçdik. Layihəni tərtib etməzdən əvvəl Şuşanın mədəniyyəti və memarlıq tarixi ilə tanış olduq, şəhərin təbii gözəlliyi bu işdə bizə kömək etdi, layihənin məzmunlu çıxmasına imkan yaratdı. Çanaqqalada yaşıl yamac, qədim qala divarları və buradan açılan gözəl mənzərə… Bütün bunları layihədə bacardığımız qədər nəzərə almışıq. Yamacın təbii amfiteatr olması bizə imkan verdi ki, kompleksi açıq teatr şəklində quraq. Amfiteatr yuxarıdan sağ və arxa hissədə perpendikulyar şəkildə birləşir. Arxa səkidən teatrın sıralarını yara-yara aşağı enən pilləli yolun bir ucu da səhnənin arxası ilə Üzeyir bəyin heykəli olan səkiyə qalxır. Səhnənin sol tərəfində qaya üstündə xalq musiqisinin rəmzi kimi sazçalan qızın heykəli ucalır. Tamaşaçılar və ifaçılar üçün rahat şərait yaradılıb. Yuxarıda Üzeyir bəyin pyedestalının altında artistlər otağı yerləşir. Xor dəstəsinin pillələrdə dayanıb oxuması kompleksi daha da canlandıracaq. Biz çox arzu edirik ki, kompleks hazır olandan sonra burada musiqi və şeir bayramları keçirilsin”.
Layihə barədə sənət adamlarının da fikirləri maraqlı idi. Heykəltəraş Kamal Ələkbərov, musiqişünas Əminə Eldarova və sənətşünaslıq doktoru Mürsəl Nəcəfovdan o vaxt qəzet üçün müsahibə almışdım. Hər birinin yekun sözü maraqlı idi. “Təşəbbüs gözəldir, çox istərdik ki, bu ideya kağız üzərində qalmasın, şuşalılar qollarını çırmayıb işə girişsinlər”.
Bəli, yaxşı deyiblər, sən saydığını say… Şuşanın tarixi abidələri ilə bağlı məqalə hazırlamaq üçün redaksiyadan tapşırıq almışdım. Lap yerinə düşürdü. Yeni abidə kompleksi barədə də şuşalıların əhvali-ruhiyyəsini öyrənərdim. Nədən başlamaq, Şuşanın mədəni həyatı ilə tanışlıq üçün kimə üz tutmaq lazım idi? Çox qəribədir ki, bu məsələlərə münasibət bildirməkdən hamı çəkinirdi. Sən demə, ilan vuran ala çatıdan qorxarmış. Erməni xisləti dünyanın düz vədəsində də ev sahibi şuşalıların əl-qolunu bağladığından xəbərimiz vardı, amma bu dərəcədə yox. Şuşa rayon mədəniyyət şöbəsində olarkən düşündüklərim yerini tapdı. Şöbə müdiri bu dəfə çəkinmədən nə vardısa ortaya qoydu.
– 1966-cı il avqustun 24-də Şuşa Rayon Partiya Komitəsinin bürosunda məsələ müzakirə edilmişdi. Büronun çıxardığı qərarda deyilirdi: “Şəhərdə olan tarixi-memarlıq abidələrinin üzərinə vurulmaq üçün xatirə lövhələri hazırlansın və onun həyata keçirilməsi təşkil edilsin. Uçub dağılmaq təhlükəsi qarşısında qalan tarixi abidələrin bərpası 1967-ci ilin planına daxil edilsin. Şuşada yaşayıb-yaratmış görkəmli ədəbiyyat və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək, geniş xalq kütlələrinə tanıtmaq məqsədilə onların büstləri hazırlansın və kompleks şəklində şəhərin görkəmli yerlərində qoyulsun. Faktlar çözələndi, çözələndikcə yeni mətləblər üzə çıxırdı. Nazirlər Soveti isə Şuşa Rayon Partiya Komitəsinin qaldırdığı məsələləri bəyənmiş və həyata keçirilməsi üçün 13 mart 1967-ci il tarixində sərəncam imzalamışdı. Maraqlıdır ki, respublika Nazirlər Sovetində bu məsələyə müsbət münasibət göstərilmişdi. Mədəniyyət Nazirliyi də bu barədə 5 may 1967-ci ildə 97 nömrəli əmr vermişdi. Həmin əmrdə deyilir: “Respublika Mədəniyyət Nazirliyinin xüsusi elmi-bərpa emalatxanası 1967-1968-ci illərdə Şuşa şəhərindəki Qara Böyükxanım bürcü, qala divarları, iki türbə, Əsəd bəyin evi və Mehmandarovların mülkünü bərpa etsin. Şuşada yaşayıb-yaratmış görkəmli ədəbiyyat və incəsənət xadimlərinin büstləri hazırlansın və müvafiq yerdə qoyulması işi 1967-ci ildə başa çatsın”.
Günlər, aylar ötdü, vədlərin heç biri həyata keçirilmədi. Şuşa Rayon Partiya Komitəsi Azərbaycan KP MK-ya və Azərbaycan SSR Nazirlər Sovetinə məktub yazdı. Bu hadisədən bir xeyli keçmiş Mədəniyyət Nazirliyi özü cavab verdi. Görün məktubda nə yazılır: “Tarixi abidələrin ölçüsü götürülmüş, onların layihəsi hazırlanmışdır. 1968-ci ildə bərpa işləri başa çatacaq. Məşhur heykəltəraşlar hazırda büstlər hazırlayır. 1968-ci ilin birinci yarısında şəhərdə qoyulacaq. Xatirə lövhələrinin də siyahısı hazırlanır. Yaxın gələcəkdə yazılıb vurulacaq. 1968-ci ildə Şuşada tarix muzeyi açılacaq”. Əla, gözləmək olardı ki, hər şey qaydasındadır.
Bu da 1968-ci il. Nə Çanaqqalaya, nə də uçub-tökülmüş tarixi abidələrin həndəvərinə hərlənən, nə də muzey üçün əlində bir eksponat gətirən var. Turistlər də xatirə döş nişanından, poçt dəvətnamələrindən gözlərini çəkdilər. 1969-cu il də qədəm qoydu. Rayon mədəniyyət şöbəsinin 31 iyul tarixli məktubu Mədəniyyət Nazirliyinə gedib çıxdı. Bu dəfə nazir özü cavab verdi: “Bu ilin planında nəzərdə tutulan abidələrdən Şuşanın qala divarlarının bərpasına başlanmışdır. Bundan başqa, Nazirlər Sovetinin sərəncamına əsasən Şuşada yaşayıb-yaratmış 16 görkəmli ədəbiyyat və incəsənət xadiminin büstləri bədii fondun emalatxanasında hazırlanıb qurtarmaq üzrədir”. Elə güman etməyin ki, 1966-cı ildə ortalığa atılmış bu məsələ öz həllini 1969-cu ildə tapdı. Ancaq nazir müavini bir şeyi düz deyirdi. 1968-ci ildə tarixi abidələri bərpa etmək üçün Bakıdan təmir briqadası ayrılmış və onlar “işə” başlamışdılar. Briqada “Gəncə qapısı” və qala divarlarının təmirini çox ləng və keyfiyyətsiz apardı. Rayonun əlaqədar təşkilatları bu məsələ ilə maraqlandılar. Ciddi nöqsanlar ortaya çıxdı. Məlum oldu ki, cəmisi 220 kubmetr iş görüldüyü halda 367 kubmetrlik iş rəsmiləşdirilib. Nəticədə 3120 manat dövlət pulu mənimsənilib.
Rayon Xalq Nəzarəti Komitəsi Mədəniyyət Nazirliyinin Təsviri incəsənət idarəsinin baş memarının iştirakı ilə 17 sentyabr 1968-ci il tarixdə akt tərtib edildi. Respublika Xalq Nəzarəti Komitəsinə bu barədə məlumat verildi, amma heç bir cavab çıxmadı. 1969-cu ildə abidələrin bərpasına yenidən başlanıldı. Güman etməyin ki, yoxlamadan sonra hər şey yoluna düşdü. Əksinə, bu dəfə 800 manatlıq iş görüb, 15 min manatlıq sənəd düzəldib aradan çıxdılar. Nəhayət, 1970-ci ildə yoxlama hər şeyi dürüst müəyyən etdi. 88 kubmetr iş görüldüyü halda 2 nömrəli formada bu, 137 kubmetr qeyd olunmuşdu. Mədəniyyət nazirinin müavini həmin ilin mart ayında yazdığı cavab məktubunda göstərirdi ki, “abidələrin bərpasında ciddi nöqsanlara yol verilmişdir. Cinayətkarlar cəzalandırılmışlar, abidələr kompleksi isə hazırlanır. Büstlərin dördü işlənib qurtarıb, qalanları da sifariş edilib”. Təsəlli xarakter daşıyan vədlər heç kimə lazım deyil. Kağız üzərində qalan bu vacib tədbirlərin həyata keçirilməsi üçün hər şey dərindən ölçülüb-biçiləndən sonra müvafiq qərar qəbul edilməli idi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev partiyanın XXVIII qurultayında idarə və müəssisələrin yerli-yersiz qərar çıxarmalarını və çıxarılan qərarların uzun müddət kağız üzərində qalmasını haqlı olaraq tənqid etmişdir. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra Şuşada əməli iş görüldü.
Xatırlayıram, Şuşada olarkən daha acınacaqlı faktların şahidi olmuşdum. Xan qızı Xurşudbanu Natəvanın evində uşaq sanatoriyası, həkim Əbdülkərim bəy Mehmandarovun evində isə uşaq xəstəxanası yerləşirdi. Buna sözümüz yox, amma bəzilərində, məsələn, “M.P.Vaqif bu evdə məktəb açmış və dərs demişdir” lövhəsinin üstünə 1959-cu ildə daha bir lövhə asılmışdır: “Şuşa İstehlak Cəmiyyətinin anbarı”. Şuşa sanatoriyasının həyətində bir çox binalar indi də qalır. Onlardan birinin üzərində bu sözlər yazılmışdır: “Görkəmli Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərli 1863-cü ildə bu evdə anadan olmuş və 1879-cu ilədək burada yaşamışdır”. Bundan başqa, Vaqifin yubileyi ərəfəsində qəbrinin üstünü götürmək qərara də alınmışdı. Amma necə vardısa, eləcə də qaldı. Şuşa kimi şəhərdə musiqi məktəbi yox idi. Ağdam musiqi məktəbinin filialının açılacağı deyilirdi ki, o da kağız üzərində qaldı. Şuşada tarix muzeyinin açılması əlamətdar hadisə idi. Rayon ictimaiyyəti ayrı-ayrı kəndlərdən muzey üçün bir sıra qiymətli eksponatlar toplamışdılar. Lakin bunlar çox azdı. Muzeyin adından respublika Mədəniyyət Nazirliyinə, Yazıçılar, Bəstəkarlar və Rəssamlar ittifaqlarına, Teatr Cəmiyyətinə məktub da göndərilmişdi. Məktubda tarix muzeyinin zənginləşdirilməsi üçün əlaqədar təşkilatların köməyinə ehtiyac duyulduğu yazılırdı. Qəribədir ki, həmin təşkilatlar bir quru cavab belə verməmişdilər.
Şuşanın mədəni inkişafına, ucalmasına, dünya şöhrəti qazanmasına mane olan düşməni tanıdıq. Erməniləri, onların Moskvada oturan havadarlarını yaxşı tanıyırıq. Bəs bu yazışmaları, bu yalan vədləri uyduranlar kimlər idi?! Ürək ağrısı ilə bu gün də deyirik ki, özümüz.
Ruhları şad olmuş heykəltəraş və memarımızın tərtib etdiyi layihələrin izini tapa bilmirik. Mən dəfələrlə Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı ilə bu mövzuda maraqlansam da, həmin layihələrdən bir soraq ala bilmədim. Təsəlli üçün vaxtilə qəzetdə dərc etdirdiyim abidələr kompleksinin eskizlərini hələ də öz arxivimdə saxlayıram. Baxın. Siz də tanış olun. İnanardıq ki, yeni heykəltəraşlar nəslindən kimsə irəli çıxıb heç olmazsa sizə təqdim etdiyim bu sənədin əsasında F.Əbdürrəhmanovun və A.Salamovanın arzularını göyərdəcək. İnanırıq ki, Şuşanın tarixən başına gələn müsibətlər mərhələ-mərhələ sovuşduğu kimi, yenə ötüb keçəcək, orada abidələrimiz yenidən ucalacaq və güllələnən heykəllərin yarasına məlhəm qoyulacaq…
İndi Şuşanın kövrək vədəsidir. Onun könlünü almaq üçün bir vaxtlar yazdığım bu təsəlliyə qayıdım:
Oğul gərək dolayları
ötüb keçsin,
Düşmənlərə sözün desin,
Dizin-dizin sənə yetsin.
Mən də bunu istəyirəm.
Günahımı yumaq üçün,
Qucağında ölmək üçün,
Darıxıram sənin üçün,
Şuşam mənim.
Telman Qarayev,
əməkdar jurnalist
“Azərbaycan” qəzeti
08.05.2015