Müsahibimiz Whsmith Port Baku Mall-da icraçı direktor vəzifəsində çalışan Hikmət Hüseynovdur.
– Kitab və müasir Azərbaycan reallıqları haqqında danışmaq istərdik. Siz beynəlxalq brendin kitab mağazasının rəhbərisiniz. Kitab satışı ilə bağlı əsasən hansı problemlər mövcuddur?
– Oxucu kimi “staj”ım böyük olsa da, kitab mağazasında yalnız 6 aydır işləyirəm. Kitab satışı ilə bağlı problemlər də müxtəlifdir. Birincisi kitabı satmaq üçün onu düzgün seçməlisən. İndi kitab oxuyanların sayı o qədər də çox deyil. İndi daha çox rahat “həzm” edilən kitablara üz tuturlar. Düşündürücü kitab seçənlər çox az saydadır. Belə kitablar daha çox hazırlıq, intelllekt tələb edir.
– Rahat “həzm” edilən və “ağır” kitablara hansılarını misal göstərərdiniz?
– Əsasən oxucular detektiv mövzuda yazılan kitabları seçirlər. Yaxud bu yaxınlarda bir-iki nəfər kitab seçirdi. Biri “Roma imperiyasının tarixi” kitabını götürmək istəyirdi. O birisi isə “Marslılar” kitabını götürmək üçün israr edirdi. Əsas dəlili də bu idi ki, bu kitab əsasında film də çəkilib. Şəxsən mən hesab edirəm ki, istənilən kitab. Onun əsasında çəkilmiş filmdən daha maraqlıdır…
Kitab seçimində maraq da önəmli rol oynayır. Şəxsən mən oxuduğumu tətbiq etmək məqsədilə daha çox iqtisadiyyat, menecment, reklam haqqında kitablara üstünlük verirəm. Kitab satmaq çətin işdir. Çünki müştəriyə o dozada məlumat verməlisən ki, kitabı ala bilsin. Qədərindən artıq məlumat kitabı artıq oxucu üçün maraqsız edəcək. Həm də personalı düzgün seçməlisən. Kitab satan şəxs kitab oxuyan olmalıdır.
– Deməli, Sizin əsas problemlərinizdən biri, personal seçimi ilə bağlıdır?
– Kitab mağazasında işləmək üçün daha çox tələbələr müraciət edir. Amma bizim mağazanın yerləşdiyi ərazi daha çox işgüzar mərkəzdir. Burada çalışan menecerlərə, zəngin iş təcrübəsi olan insanlara kitabın təqdim edilməsi böyük bacarıq tələb edir. Tələbənin 15 ildir menecer işləyən şəxsə “Maliyyə menecmenti” kitabını təqdim etməsi qəliz məsələdir. Digər tərəfdən satıcının mütaliə edə bilməsi üçün vaxtı olmalıdır. Ona görə də bizdə iş rejimi günaşırıdır. Evdə olduqları müddətdə konkret tapşırıqlar veririk ki, ən azı 5 kitab haqqında əsas məlumatları, kitab forumlarında onlar haqqında olanları oxuya bilsinlər. Biz xüsusi bir məbləğ əvəzində kitabların elektron variantlarını oxumağa icazə verən servislərə də qoşulmuşuq. Yeni çıxmış kitabları aramızda bölməklə oxumağa çalışırıq.
– Yəni Siz həm də şort-listlərlə, nüfuzlu ədəbiyyat mükafatlarını qazanan müəlliflərlə maraqlanırsınız.
– Bəli. Biz sırf bu tendensiyadan çıxış edərək kitab sifariş edirik. Yeni çıxan, ən çox oxunan, ən çox satılan kitabları.
– Kitab satışında bizim o qədər də yüksək alıcılıq qabiliyyəti olmayan şəxslərin maddi vəziyyəti hansı problemləri doğurur?
– Gənc nəsil daha çox poket-buklara üstünlük verir. Üstdə gəzdirmək asandır, yüngüldür, rahatdır. İctimai nəqliyatda oxumaq üçün əlverişlidir. Kitabların qiyməti də oxucuları bir az narahat edir. Çünki kitab alıcıları əsasən tələbələr, gənc mütəxəssislərdir. Kitabın cildini, kağızını, çap səviyyəsini bəhanə edib almayanlar da var. Kitab satışına təsir edən amilllərdən biri də elektron kitabların mövcudluğudur. Bu barədə həm mənfi, həm də müsbət fikirlər var. Axı kitab oxuyucusu üçün kitab ilk növbədə informasiyadır. Bu informasiyanı isə kağız vərəqdən də oxumaq olar, kompüter və ya telefondan da. Mənim fikrimcə, ənənəvi kitab yavaş-yavaş sıradan çıxır. Hərçənd adi kitabdan oxumağın ləzzəti tam başqadır.
– Mənə elə gəlir ki, bəzi hallarda bizdə ağıllı görünmək, kimisə təqlid etmək, ictimai nəqliyyatda isə hətta ola bilsin ki, kiməsə yer verməmək, yaxud obrazına rəng qatmaq məqsədilə kitab oxuyanlar da var. Ümumilikdə bizdə kitab oxuyanların sayı çox deyil. Siz bu kitab mağazası şəbəkəsini necə genişləndirəcəksiniz?
– Məncə, oxuyanların az olmasının əsas səbəbi uzun müddət gənclər arasında yayılmış “oxudun, ya oxumadın, adamın olmasa, onsuz da işə düzələ bilməyəcəksən” fikri olub. Mühit özü də oxumağa imkan vermir. Əgər ətrafdakı insanların əksəriyyəti kitab oxuyan olsa, qalanları da onlara baxıb oxuyar. Mən özüm mühitin təsiri altında oxumağa başlayan adamları görmüşəm. Həm də bu gün oxuyan yoxdur deyiriksə, bəlkə hər 10 kitabdan 1-2-si oxunulası kitabdır? Yaxud onların tərcüməsi bərbad vəziyyətdədir? Azərbaycan dilində təhsil alsam da, mənə rus dilində kitab oxumaq daha rahatdır. Xarici müəllifləri Azərbaycan dilində oxuyanda isə mənə elə gəlir ki, onları Azərbaycan dilində təzəcə danışmağa başlamış insanlar tərcümə ediblər. Cümlənin nə başlanğıcı, nə də sonu var. Əgər fikir mənə çatmırsa, nəyi oxumalıyam. Elmi ədəbiyyatda vəziyyət daha biabırçı həddədir.
–Məncə, bizdə kitab oxunması dəstəklənmir, insanlar kitab oxumaqdan həzz ala bilmirlər. İkincisi, insanların maddi imkanları ilə bağlı məsələ. Üçüncüsü isə bəzən kitabların poliqrafik vəziyyətinin arzuolunandan uzaq olur. Siz bunlara nəyi əlavə edərdiniz?
–Mən bura vaxtı da əlavə edərdim. İnsanlar, xüsusilə də gənclər vaxtdan rasional istifadə edə bilmirlər. Bu gün “vaxt oğrusu” adlandıra biləcəyimiz müxtəlif qacetlər var. Əvvəllər insanlar bu qacetlərə sərf etdikləri vaxtı daha çox kitab, kino və teatra sərf edirdilər. Bayağı musiqilər, filmlər də öz yerində. Bunlar da bir yandan insanların vaxtını alır.
Gündüz Nəsibov, 1905.az