5 mart ölkəmizdə Bədən tərbiyəsi və idman günüdür. Bu əlamətdar gün ərəfəsində 6 dəfə Avropa, 2 dəfə dünya çempionu, 2 dəfə Paralimpiya oyunlarının və 1-ci Avropa oyunları çempionu, əməkdar idman ustası İlham Zəkiyevlə görüşüb, müsahibə götürdük.
– İlham müəllim, gəlin əvvəlcə Sizin həyat yolunuzdan danışaq.
– 1980-ci ildə Sumqayıt şəhərində, sadə azərbaycanlı ailəsində dünyaya göz açmışam. Ailədə 4 qardaş, 1 bacı idik. Mən qardaşların ən kiçiyiyəm. 2012-ci ildə dünyasını dəyişən böyük qardaşım Telman da II qrup əlil idi. 1994-cü ildə minaya düşərək ayağının birini itirmişdi. 1998-ci ildə 18 yaşım tamam oldu və hər bir azərbaycanlı kimi mən də Vətənə borcumu verməyə yollandım. İdmançı idim, öz yaşıdlarımdan seçilirdim. Beyləqan rayonunun N saylı hərbi hissənin kəşfiyyat taborunda xidmət edirdim. Hətta fəxri fərmanla da təltif olunmuşdum. 1999-cu il fevral ayının 4-də isə Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. 5 gün koma vəziyyətində yatdım. Həkimlər valideynlərimə demişdilər ki, idmançı olduğu üçün ürəyi dözür. Ancaq 3-4 günə öləcək. Təsəvvür edin, valideyn üçün bu xəbəri eşitmək nə dərəcədə ağırdır. 5 gün sonra anamın səsinə komadan ayıldım. Lakin bu yaralanma nəticəsində görmə qabiliyyətimi tamamilə itirdiyim üçün anamı bir daha görə bilmədim. Və evimizə 1-ci qrup Qarabağ əlili kimi döndüm.
– Hərbi xidmətdən öncə cüdo ilə məşğul olurdunuzmu?
– Bəli, məşğul olurdum. Respublikadaxili yarışlarda uğurlarım da vardı. Şəhər çempionu olmuşdum. Hətta 1998-ci ilin iyun ayında Azərbaycan kubokunun qalibi oldum və Moskvada keçirilən yeniyetmələrin olimpiadasına vəsiqə qazandım, lakin əsgərliyə getdiyim üçün yarışlara qatıla bilmədim.
– Sizin haqqınızda mümkün olmayanı reallaşdıran insan kimi danışırlar. Necə oldu ki, belə çətin vəziyyətdə yenidən idmana qayıda bildiniz?
– Düzü, ilk günlər bu vəziyyətə alışmaq çox çətin idi. Dostlarım, ailəm, qohum-əqraba daim yanımda oldular, mənə dəstək verdilər. O vaxt idmana qayıdışım qeyri-real görünürdü, amma bir təsadüf nəticəsində bu, baş tutdu. 2002-ci ildə idman nazirliyində Tağı müəllim adlı gözəl bir insan çalışırdı, o, məni yönəltdi Milli Paralimpiya Komitəsinə. Komitədə məni isti qarşıladılar və lazım olan şəraiti yaratdılar. Beləliklə, 2002-ci il noyabr ayının 1-də yenidən idmana qayıtdım. Məşqlərə başladım. Əvvəl-əvvəl tatamiyə alışmaq çox çətin idi. Lakin Allaha şükürlər olsun ki, bacardım. 6 dəfə Avropa çempionu, 2 dəfə dünya çempionu və paralimpiya oyunlarında Pekində qızıl, Londonda bürünc medalla vətənə qayıtdım. Bundan əlavə ötən il ölkəmizdə keçirilən 1-ci Avropa oyunlarında 1-ci yer tutmuşam. Bunların hamısının nəticəsi olaraq dövlət tərəfindən əməkdar idman ustası adına layiq görülmüşəm. Cənab prezident İlham Əliyev tərəfindən 2 dəfə Şöhrət ordeni və “Tərəqqi” medalı ilə təltif olunmuşam. Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatının laureyatıyam. İdman aləmində hələ ki, bu mükafatı alan yeganə idmançıyam. Əslində bəxtimiz onda gətirib ki, idmanı sevən prezidentimiz var. Bu qələbələrə görə ona borcluyuq. İdmançılara göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Hər beynəlxalq turnir öncəsi bizi yola salır, yarışdan sonra qarşılayır. Bu, bizim üçün böyük stimuldur. Mən fürsətdən istifadə edib bu səviyyəyə gəlib çıxmağımda böyük əməyi olan Milli Paralimpiya Komitəsinin, Cüdo Federasiyasının rəhbərliklərinə, baş məşqçimiz İbrahim İbrahimova və şəxsi məşqçim Elxan Rəcəbliyə böyük minnətdarlığımı bildirirəm.
– 12 iyun 2015-ci ildə Avropa oyunlarının açılışında Bakı Olimpiya Stadionuna məşəli Siz gətirdiniz. O an hansı hissləri keçirirdiniz?
– Bu xəbəri mənə 3 ay əvvəlcədən demişdilər. Cənab Prezident İlham Əliyev, Avropa Oyunları təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva bir çox idmançı arasından məni seçmişdi. Məşəli stadionda sən alovlandıraqdım. Məncə, bir idmançı üçün bundan yüksək etimad yoxdur. Sevincimdən şokdaydım, həm də çox həyəcanlanırdım. Çünki mənə həvalə olunan bu şərəfli missiyanın məsuliyyətini dərk edirdim. Prosesi gecələr dəfələrlə məşq edirdik. Hərçənd bunun öhdəsindən gələcəyimə inanırdım, amma həddindən artıq həyəcanlı idim. Şükürlər olsun ki, bacardım. Mənə elə gəlir ki, tək mənim deyil, stadiondakı, ekran başındakı minlərlə insanın gözlərində sevinc yaşları var idi. Stadionda İlham Zəkiyevin kim olması, harada yaralandığı, nə üçün gözlərinin görmədiyi elan olundu. Məncə, bu, cənab prezident İlham Əliyevin dünyaya mesajı idi. Yəni bizim Qarabağ problemimiz var və işğal olunmuş torpaqlarımız uğrunda mübarizə aparırıq. İlham Zəkiyev də erməni gülləsi nəticəsində ölmədi, sağ qaldı və hələ də mübarizə aparır. Hər zaman vurğulayıram ki, mənim hərbi borcum yarımçıq qalsa da, bu gün tatamidə, idmanda arenasında Vətənə xidmətimi davam etdirirəm. Hər dəfə bayrağımız qalxanda, himnimiz səslənəndə fəxr edirəm.
– Yarış meydanlarında erməni rəqibiniz olubmu?
– Onlar hələ o səviyyədə deyillər ki, qarşımıza çıxsınlar. Nəinki idmanda, elə digər sahələrdə də. Sizə bir statistika deyim. Paralimpiyada cüdo üzrə erməni idmançı yoxdur. Paralimpiyanın digər növlərində 3-4 idmançı ilə qatılırlar. Lakin hələ bir dənə də medal qazana bilməyiblər.
– Qarşıdan gələn yarışlar barədə danışaq.
– Bu il Rio de-Janeyroda keçiriləcək növbəti paralimpiya oyunlarına hazırlaşırıq. Hazırda ciddi məşqlər gedir. Çalışacağıq ki, orada da bayrağımızı qaldıraq, himnimizi səsləndirək və xalqımızı sevindirək.
– Paralimpiyaçılara, xüsusilə idmanın bu növü ilə məşğul olanlara tövsiyyələrinizi bilmək istərdik.
– Mən əlil uşaqlarından utanaraq onları evdə saxlayan, cəmiyyətdən tədric edən valideynlərə üzümü tutub deyirəm ki, əlillikdən heç kim sığortalanmayıb. Uşaqlarınızı paralimpiya kompleksinə gətirin, burada əlillərin məşq etməsi üçün hər cür şərait və məşqçilər var. 2008-ci ildə Pekin olimpiyadasından öncə cənab prezidentin açılışını etdiyi bu kompleks MDB məkanında hələ ki, bu tipli yeganə kompleksdir. Bura ilk qədəm qoyan övladlarınıza hər cür fiziki və psixoloji kömək göstəriləcək. Kim bilir, bəlkə onlar arasından da gələcəyin Avropa, dünya və olimpia çempionları çıxacaq.
– 1905.az portalına tövsiyənizi eşitmək istərdik.
– Sizə böyük missiyanızda uğurlar arzulayıram. Azərbaycan həqiqətlərini xarici dillərdə dünyaya çatdırdığınıza görə təşəkkür edirəm!
Sağ olun.
Dadaş Musayev, Gündüz Nəsibov, 1905.az