“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik. Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır”.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
İrəvan – Çuxur – Səd bəylərbəyliyinin, indiki Ermənistanın paytaxtı. Ararat vadisinin şimal-şərqində, Zəngi çayının sahilində yerləşir. İrəvan şəhərinin adının tarixi qədim dövrlərə gedib çıxır. İrəvanın qədim dövrdə adı Ruan, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Rəvan, İrəvan, XVII əsr mənbəyində, XIX əsr rus və erməni mənbələrində Ayravan, Aravan, Ervan, Errevant, Rəvant, İrvan), Avropa mənbələrində İrivan formalarında qeyd edilmişdir.
Rus arxeoloqu M.V.Nikolsk 1893 – cü ildə indiki Ermənistana səyahət edib Göyçə (Sevan) gölünün sahilində qədim yazıları araşdırmış və gölün sahilindəki Gölkənd (Zovinar) kəndinin yaxınlığındakı tapdığı yazıları b.e.ə. VIII əsrə aid edir. Bu yazılarda qeyd edilir: Urartu şahı I Rus (e.ə. 730-714) deyib ki, 23 ölkəni, o cümlədən İrəvan (kursiv mənimdir -İ.B) ölkəsini zəbt etdim. Bu da İrəvanın daha qədim tarixə malik olduğunu göstərir.
İrəvanın VII əsrdə (642-643) ərəblər tərəfindən işğal edilmiş, XI-XIII əsrlərdə səlcuq türklərinin, XIII-XIX əsrlərdə monqol-tatarların tabeliyində, XV əsrdə Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur. XVI əsrdə Səfəvilər dövlətinin tərkibində yaradılan Çuxur-Səd bəylərbəylinin, XVIII əsrin ortalarında təşkil edilən Azərbaycan xanlığının mərkəzi olmuşdur. 1827-cı ildə İrəvan Rusiya tərəfindən işğal edilmişdir. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın tərkibində Rusiyanın tabeliyinə keçmişdir. 1918-ci ilə kimi İrəvan Azərbaycanın tabeliyində idi. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cumhuriyyətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da öz hökumətinin xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələri həll etdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.
Şəhərdə tarixən azərbaycanlılar (erməni mənbələrində azərbaycanlılar islam, farslar, müsəlmanlar adı ilə göstərilir) yaşamışdır və burada XVII-XVIII əsrlərdə çox az sayda ermənilər yaşamışdır. Ermənilər şəhərə geniş surətdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1828-30 – cu illərdə İran və Türkiyədən köçürülmüşdür. Burada 1831-ci ildə 7331 nəfər azərbaycanlı, 4027 erməni, 1873 – cü ildə 5805 nəfər azərbaycanlı, 5959 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı, 12529 nəfər erməni, 1922-ci ildə 5124 nəfər azərbaycanlı, 40396 nəfər erməni, 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57295 nəfər erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80327 nəfər erməni, 1970-ci ildə 2721 nəfər azərbaycanlı, 738045 nəfər erməni yaşamışdır. Eyni zamanda burada kürdlər, ruslar və başqa millətlərin də nümayəndələri yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. 1988-ci ilin dekabr ayından İrəvanda bir nəfər belə azərbaycanlı yaşamır.
İrəvan toponiminin İrəvan, Erivan, Arevan, Ervan, İrvan, Errevant, İrivan fonetik variantlarına nəzər salanda aydın olur ki, onların hamısının kökü “ar”, “er”, “ir” hissəciyindən ibarətdir. Türk dillərində “ar”, “er”, “ir”, “kişi”, “igid” mənasında işlənir.
Urartu dilində “ölkə” mənasında işlənən ebani sözü vardır. Hr.Kapansyanın fikrincə, «kənd, şəhər» mənasında işlənən avan (avvan//avan) urartu dilində “ölkə, yer” mənasında işlənən abani //ebani/ sözündən əmələ gəlmişdir və “avan” sözü fars dilinə mənsub deyildir. Bu qənaətə gəlirik ki, İrəvan toponiminin ikinci komponenti “əvan” urartu dilində “ölkə”, “yer”, “kənd”, “şəhər” mənasında işlənən abani//ebani sözünün bir variantıdır. Daha doğrusu “abani” sözündəki “b” səsi “v” səsi ilə əvəzlənərək “abani” sözü “avan”, “əvan” formasına çevrilmişdir.
Deməli, İrəvan toponimi türk dilində “kişi”, “igid” mənasında işlənən ər//ər sözünün variantı olan “ir” sözü ilə “ölkə”, “yer”, “kənd”, “şəhər” mənasında işlənən ebani (avan) sözü əsasında əmələ gəlib, “igidlər ölkəsi” mənasını ifadə edir.
Seminariyadan ali pedaqoji təhsilə gedən yol
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 dekabr 2021-ci ildə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir:
“İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.
1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır.”
İrəvan qədim Azərbaycan şəhəri olmaqla Azərbaycan tarixinin bir parçası, Qərbi Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. Evliya Çələbi hələ XVII əsrdə qeyd edirdi ki, “Rəvanda (İrəvanda-İ.B) qazı, molla, hörmətli şeyx, kələntər, daruqə, münşi, yasavul ağası, qorçubaşı, eşik ağası, dizçökən ağa, yeddi mehmandar və kəndxuda vardır”.
Heç təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli İrəvanın elm və mədəniyyət tariximizdə oynadığı rolu qiymətləndirərək XIX əsrin əvvəllərində demişdir: “Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” verdiyi Sərəncam Azərbaycan məktəb və təhsil tarixinin öyrənilməsində yeni istiqamətləri müəyyənləşdirir. Eyni zamanda bu Sərəncamın işığında Qərbi Azərbaycanda, xüsusilə qədim Azərbaycan şəhəri İrəvanda tarixən fəaliyyət göstərmiş, azərbaycanlıların orta ixtisas və ali pedaqoji təhsil almasında böyük rol oynamış pedaqoji təhsil müəssisələrinin təşkili və fəaliyyətinin elmi istiqamətdə öyrənilməsinə böyük təkan verəcəkdir.
XIX əsrin 80-ci illərində maarif sahəsində İrəvan şəhərinin ictimai həyatında çox mühüm hadisələr baş vermişdir. 1881-ci ildə İrəvan Oğlan Gimnaziyası, İrəvan Müəllimlər Seminariyası, 1884-cü ildə İrəvan Qız Gimnaziyası fəaliyyətə başlamışdır.
İrəvan Kişi Gimnaziyasını bitirənlərdən Məhəmməd bəy Qazıyev, Teymur bəy Makinski, Əkbər ağa Şeyxülislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov, Əziz Əliyev, təhsil və elm adamlarından Miryusif Mirbabayev, Mustafa bəy Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov ali təhsil alaraq Qərbi Azərbaycanda azərbaycanlıların ali təhsil istiqamətində fəaliyyətlərinə öz töhfələrini vermişlər.
Molla Məhəmmədbağır Qazızadə ilə eyni dövrdə maarif və mədəniyyətin yayılmasında hər cür məşəqqətlərə sinə gərən Mirzə Qədim İrəvani, İsa Sultan, Əbülfət və Məhəmməd Şahtaxtinskilər, Fazil İrəvani, Firidun bəy Köçərli, Əliquluxan İrəvanski, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Mirzə Məmmədvəli Qəmərlinski, Haşım bəy Vəzirov, Mirzə Ələkbər Mirzəzadə, Cabbar Əsgərzadə, Mir Məhəmməd Fətullayev, Abbas ağa Fərəcov kimi çoxsaylı ziyalılar üzərinə düşən missiyanı şərəflə doğrultmuşlar.
1918-ci ildə tarixdə ilk dəfə tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistan Respublikasında azərbaycanlılara qarşı bəslənən kin-küdurət, Qərbi Azərbaycanda, o cümlədən İrəvanda azərbaycanlılara qarşı erməni silahlı birləşmələrinin törətdilkəri soyqırımla yanaşı, İrəvan Müəllimlər Seminariyası da təcavüzə məruz qalmış, daşnaklar hakimiyyətə gəldikdən iki ay sonra – 1918-ci il avqustun 6-da seminariyanın fəaliyyəti dayandırılmışdır. 37 illik fəaliyyəti dövründə İrəvan Müəllimlər Seminariyası öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində xüsusi tarixi xidməti olmuşdur.
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar oxuyan məktəblərin pedaqoji kadrlarla təmin edilməsi məqsədilə 1924-cü il oktyabrın 1-də İrəvan şəhərində İrəvan Türk Pedaqoji Texnikumu orta ixtisas məktəbi kimi fəaliyyətə başlamışdır. ER (b)P MK-nın nəzdində fəaliyyət göstərən “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin, EXMK-nın “Azlıqda qalan millətlər” bürosunun rəhbəri Mehdi Kazımovun, “Zəngi” qəzetinin məsul redaktoru Mustafa Hüseynovun və başqa qeyrətli azərbaycanlı ziyalıların erməni şovinist dairələri qarşısında təkidli tələbi, ciddi səyi, siyasi və milli iradəsi sayəsində 1924-cü ilin oktyabr ayının 15-də İrəvan Türk Pedaqoji Texnikumu açıldı. İrəvan Türk Pedaqoji Texnikumunun açılması Azərbaycan məktəblərində müəllim kadrlarına olan ehtiyacın aradan qaldırılması işinin müəyyən dərəcədə qaydaya salınması sahəsində ilk addım atıldı.
1925-ci ildə texnikuma görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun adı verilərək Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu, XX əsrin 30-cu illərinin əvvəllərində texnikum İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu, 1936-cı ildə İrəvan Pedaqoji Məktəbi adlandırılmışdır. İrəvan Pedaqoji Məktəbinə Mehdi Kazımov (1924-1933), Bəhlul Yusifov (1933-1942), Həbib Məmmədzadə (1942-1948), Əsgər Cəfərov (1948, 6 ay bu vəzifədə işləmişdir) rəhbərlik etmişlər. Dövrünün vətənpərvər ziyalılarından olan Ələşrəf Bayramov, Əsgər Əsgərzadə, Bülbül Kazımova, Miryusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Babayev pedaqoji texnikumda müəllim kimi fəaliyyət göstərmişlər.
İrəvan Pedaqoji Məktəbində Azərbaycan dili və metodu, Azərbaycan ədəbiyyatı, erməni dili, rus dili, rus ədəbiyyatı, hesab və hesab metodu, cəbr, tarix və tarix metodu, SSRİ konstitusiyası, coğrafiya və coğrafiya metodu, təbiət və təbiət metodu, fizika, pedaqogika, psixologiya, şəkil və şəkil metodu, şərqi, musiqi və musiqi metodu fənləri tədris edilirdi.
Akademik Yusif Məmmədəliyev 1926-cı ildə V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir qədər sonra, ilk əmək fəaliyyətinə İrəvan Pedaqoji Texnikumunda başlamışdır. Texnikumda Y.Məmmədəliyev 1926-27-ci illərdə kimya-biologiya fənnini tədris etmişdir.
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul etmişdir. Bu qərarların nəticəsi olaraq İrəvan Pedaqoji Məktəbi 1949-cu ildə Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürülmüş və pedaqoji məktəb Xanlar Pedaqoji Məktəbi adlandırılmışdır.
Görkəmli coğrafiyaçı akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və filologiya elmləri doktoru elmi dərəcəsi almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru professor Zərifə Budaqova, görkəmli tarixçilərdən professor Yusif Yusifov, professor Süleyman Məmmədov, professor Nəzər Paşayev, metodistlərdən professor Əli Fərəcov, pedaqoqlardan professor Abbas İsmayılov, filoloqlardan professor Fərhad Fərhadov, professor Cəfər Cəfərov, Azərbaycan SSR Maarif Nazirliyində Baş Məktəblər idarəsinin rəisi, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru işləmiş filogiya elmləri namizədi Zəhra Əliyeva, filologiya elmləri namizədi, dosent Kövsər Tarverdiyeva, filologiya elmləri namizədi, dosent Nəcəf Nəcəfov, tibb üzrə görkəmli alim, Əməkdar elm xadimi, professor Nəriman Əliyev, funksional analiz üzrə tanınmış riyaziyyatçı, dosent Qasım Mustafayev, hüquqşünas, hüquq elmləri namizədi Nəriman Yusifov, fəlsəfə elmləri namizədi, dosent Sabir Səfərov, partiya və dövlət xadimləri Həbib Həsənov, Cümayıl Mərdanov, Tapdıq Əmiraslanov, Abbas Mustafayev, Cəlil Quliyev, ədəbiyyat və mədəniyyət xadimləri Abbas Tahir, Əməkdar rəssam Cabbar Quliyev və başqaları İrəvan Pedaqoji Məktəbində təhsil almışlar .
İrəvanda tarixən fəaliyyət göstərmiş orta ixtisas üzrə pedaqoji təhsil müəssisələri Azərbaycan təhsil tarixində özünəməxsus yer tutur. Azərbaycan məktəb və pedaqoji fikir tarixi kontekstində İrəvan orta ixtisas pedaqoji təhsil müəssisələrini tədqiq edib Azərbaycan təhsil ictimaiyyətinə çatdırılması əsas vəzifə kimi pedaqogika üzrə mütəxəssislərinin qarşısında əsas vəzifə kimi durmaqdadır.
“Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
1971-1975-ci illərdə X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Azərbaycan bölməsində təhsil almışam və həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişəm. Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölmələri ilə bağlı məlumatların böyük əksəriyyətini təhsil aldığım dövrdə əldə etmişdim və həmin məlumatlar Qərbi Azərbaycanda Azərbaycan dilində ali pedaqoji təhsilli kadr hazırlığı ilə bağlı məqaləyə çevrildi.
Qərbi Azərbaycanda azərbaycanlıların ali təhsil alması İrəvan şəhərində yerləşən Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi vasitəsi ilə həyata keçirilmişdir. Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi açıldığı ilk gündən erməni şovinizmi ilə qarşılaşmış, dövlət səviyyəsində onun fəaliyyəti əngəllənmiş, süni maneələr yaradılmışdır. Həmin ali məktəbdə oxuduğum dövrdə bu halların canlı şahidi olmuşam. Bununla belə Azərbaycan şöbəsi fəaliyyət göstərdiyi dövrdə öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirmişdir.
Azərbaycanlıların indiki Ermənistanda ali təhsilə yiyələnməsində rastlaşdıqları süni maneələrin canlı şahidi olan dosent Nəcəf Nəcəfov yazır ki, 1924-1925-ci dərs ilində azərbaycanlılar üçün ilk dəfə İrəvanda türk işçi fakültəsi açıldı. Bu iş onların ürəyincə olmasa da, bu fakültə 15 il fəaliyyət göstərə bildi, on beş il davam edən bu fakültədə ilk ali təhsilli kadrlar hazırlandı.
İcbari ibtidai təhsilin həm azərbaycanlılar, həm də ermənilər arasında uğurla başa çatması nəticəsində bəzi ibtidai məktəblər yeddiillik məktəblərə çevrildi. Bu səbəbdən də ölkədə ali təhsilli müəllim kadrlarına ehtiyac artırdı. Müəllim kadrları hazırlığının bir yolu da qısa müddətli pedaqoji kursları (3 və 6 aylıq) və pedaqoji texnikumları bitirərək bölgələrdə ibtidai məktəb müəllimi işləyənlərin qiyabi yolla ali təhsilə cəlb edilməsi idi. Bu məqsədlə 1936-37-ci dərs ilində İrəvan Qiyabi Pedaqoji İnstitutu təsis edildi. Beynəlmiləlçilik siyasətinə müvafiq olaraq onun nəzdində türk (Azərbaycan -İ.B) şöbəsi də açıldı. Lakin qəbul qaydaları, xüsusən bürokratik tələblər azərbaycanlıların sənəd verməsini ləngidirdi. Bəzən bölmədə yerlərin çox hissəsi boş qalırdı. Bu səbəbdən də Azərbaycan bölməsinə sənəd qəbulunun vaxtı uzadılırdı. Ən nəhayət, 1939-1940-cı tədris ilində Ermənistan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin qiyabi şöbəsinə tələbə qəbulu aparılmışdır.
Yeddiillik məktəbləri müəllim kadrları ilə təmin etmək məqsədilə SSRİ-nin ayrı-ayrı bölgələrində ikiillik müəllimlər institutları açıldı. Həmin dövrdə Azərbaycanın müxtəlif rayonlarında və şəhərlərində 10 ikiillik müəllimlər institutu fəaliyyət göstərirdi. 1937-ci ildə İrəvan İkiillik Müəllimlər İnstitutunda Azərbaycan şöbəsi açıldı. 20 nəfər azərbaycanlının əyani, 20 nəfərin isə qiyabi təhsil alması planlaşdırılmışdır. Ali məktəbdə dərs deyə biləcək mütəxəssislər olmadığından, professor-müəllim heyəti Azərbaycandan dəvət olundu. Tədris və elmi ədəbiyyat da Azərbaycandan gətirildi. İnstitut rəhbərliyinin azərbaycanlı tələbə və müəllimlərə qarşı ögey münasibəti bölmənin tez bir zamanda bağlanmasına səbəb oldu.
Ermənistandakı Azərbaycan məktəblərinin müəllim kadrlarına olan ehtiyacını ödəmək məqsədilə 1937-ci ildə Ermənistan Dövlət Pedaqoji İnstitutunun Filologiya, Fizika-riyaziyyat, Tarix-coğrafiya fakültələrində Azərbaycan bölməsi yaradıldı. İrəvanda azərbaycanlılar arasında təhsil və maarifçilik mühitinin formalaşması erməniləri ciddi narahat edirdi. Bu səbəbdən də deportasiya dalğası Pedaqoji İnstitutun Azərbaycan bölməsindən və Pedaqoji Məktəbdən yan keçmədi. Hər iki təhsil ocağı deportasiyanın qurbanı oldu.
Yazının əvvəlində qeyd etdiyimiz kimi 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul etmişdir. Həmin qərarlara əsasən azərbaycanlılar indiki Ermənistandan tarixi etnik torpaqlarından deportasiya edildi. Dağlıq ərazidən Azərbaycanın Kür-Araz ovalığına köçürülənlərin böyük əksəriyyəti iqlim çətinliklərinə dözməyərək həyatla vidalaşmalı oldular. Etnik təmizlənməyə məruz qalan kənd və qəsəbələrin bəzilərində ibtidai, bəzilərində yeddiillik, bəzilərində isə doqquzillik məktəblər öz fəaliyyətini dayandırdı. Pedaqoji Texnikum Azərbaycan Respublikasının Xanlar rayonuna (indiki Göygöl) köçürüldü. Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin tələbələri (gələcəyin görkəmli dilçi alimi Zərifə Budaqova, ədəbiyyatşünas alim Bağır Bağırov, peşəkar jurnalist, Əməkdar müəllim Zəhra Əliyeva və b.) təhsillərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirməli oldular.
İ.V.Stalinin ölümü SSRİ imperiyasının ictimai-siyası həyatında ciddi dəyişikliyə səbəb oldu. Sürgünə və deportasiyaya məruz qalan xalqların öz doğma yurdlarına dönməsinə icazə verildi. Ermənilərin SSRİ rəhbərliyində mövqelərinin zəifləməsi nəticəsində Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların bir hissəsi öz doğma yurduna dönə bildi. Moskvanın təzyiqlərindən qorxuya düşən ermənilər bir müddət azərbaycanlılarla açıq münaqişəyə girmədilər. Azərbaycan kəndlərinin bəziləri bərpa edildi, məktəblər fəaliyyət göstərməyə başladı. 1954-cü ildə Ermənistan Pedaqoji İnstitutunun nəzdində Azərbaycan bölməsinin fəaliyyəti bərpa olundu. İlk olaraq Filologiya və Fizika-riyaziyat fakültələrinin Azərbaycan bölməsi açıldı. 1958-ci ildə Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında dəyişiklik edildi, tarix-ədəbiyyat müəllimliyi ixtisasının Azərbaycan bölməsi yaradıldı. Bu ixtisasın fəaliyyəti uzun sürmədi. 1963-cü ildə X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinin Azərbaycan bölməsinə qəbul dayandırıldı. Ermənistanda Azərbaycan məktəblərinin sayının xeyli artması ibtidai sinif müəllimliyi ixtisasına zəruri ehtiyac yaratmışdır. Bu səbəbdən də həmin ixtisasın Azərbaycan bölməsi yaradıldı və ilk tədris ilində 25 nəfər tələbə qəbul olundu. İbtidai sinif müəllimliyi ixtisası üzrə kadr hazırlığı 1969-1970-ci tədris ilinədək aparılmışdır. 1970-71-ci tədris ilində Ermənistan Dövlət Pedaqoji İnstitutunda yenidən tarix-filologiya ixtisasının Azərbaycan bölməsinə tələbə qəbulu aparıldı. Lakin Ermənistan SSR Maarif Nazirliyi Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilində tarix ixtisası ilə bağlı fənləri tədris edən kadrların olmaması ilə bağlı təqdimatını əsas götürərək, 1970-71-ci tədris ilində tarix – filologiya ixtisasının ikinci kurs tələbələrini filologiya ixtisasına keçirmişlər. Beləliklə, 1971-1972-ci tədris ilindən Filologiya fakültəsinin Azərbaycan bölməsi yaradılmış, elə həmin tədris ilindən Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına 25 nəfər olmaqla qəbul aparıldı. Filologiya fakültəsinin Azərbaycan bölməsi 1988-ci ilə kimi fəaliyyət göstərmişdir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan tarixi – etnik torpaqlarından deportasiyası ilə əlaqədar Ermənistan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Azərbaycan bölməsi də bağlanmış, azərbaycanlı tələbələrin təhsillərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti), Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti), Gəncə Dövlət Pedaqoji İnstititunda (indiki Gəncə Dövlət Universiteti) davam etdirməli olmuşlar.
1988-1991-ci illərdə Qərbi Azərbaycandan azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası olaraq Azərbaycan dilində fəaliyyət göstərən bütün təhsil müəssisələri fəaliyyətlərini dayandırdı. Bütün təhsil müəssisələri mənəvi genosidin qurbanı oldu. Bu da gənclərimizin təhsillərində fasilələr yaratdı və onların qəlbində ağır izlər buraxdı.
Ermənistan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığım dövrdə ermənilərin azərbaycanlılara bəslədiyi kin – küdurəti öz gözlərimlə görmüşəm və bir neçə dəfə onların təzyiqi ilə üzləşmişəm. “Ermənilərin qondarma soyqırımı günü”, yəni aprelin 24-də I-IV kurslarda təhsil alan azərbaycanlıların dərsə gəlmələri qadağan edilirdi. Başqa bir hadisə ermənilərin azərbaycanlılara bəslədiyi nifrət daha acınacaqlı idi. Bu hadisə heç vaxt yadımdan çıxmır.
R.Vəlibəyov indiki Ermənistanda Azərbaycan dilində nəşr olunmuş “Qızıl Şəfəq”, “Sovet Ermənistanı” qəzetlərinin redaktoru olmuşdur. O, partiya və sovet orqanlarında da çalışmışdır. 1922-1924-cü illərdə əhalisinin əksəriyyətinin azərbaycanlılar təşkil etdiyi Qərbi Azərbaycanın Vedi rayonunda İcraiyyə Komitəsinin sədri, daha sonra Vedi rayon Partiya Komitəsinin birinci katbi vəzifələrində işləmişdir. R.Vəlibəyov Ermənistan KP MK-nın şöbə müdiri, Ermənistan Xalq Komissarları Soveti sədrinin müavini (1937), Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1949-1962) kimi məsul vəzifələrdə, bir müddət İstanbulda SSRİ-nin Türkiyə Respublikasındakı səfirliyində çalışmışdır. Bununla yanaşı R.Vəlibəyov pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1960-cı illərdən Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində “Siyasi iqtisad” fənnindən dərs demişdir. Onun “Keçmişdən səhifələr” kitabı 1969-cu ildə İrəvanda “Hayastan” nəşriyyatında nəşr olunmuşdur.
Partiya və sovet orqanlarında uzun müddət qüsursuz və səmərəli fəaliyyətinə görə Rza Vəlibəyov “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.
R. Vəlibəyov 1974-cü ildə vəfat etmiş və İrəvanda Fəxri xiyabanda dəfn edilmişdir.
Rza Vəlibəyov vicdanlı, saf əqidəli bir şəxs olmuşdur. Pedaqoji fəaliyyəti dövründə ona çatacaq əmək haqqını uşaq bağçasına, dövlət fonduna keçirərdi. Ömrünün sonunda tək yaşayırdı. Vəfatından 3 gün xəbər tutulmamışdır. Onun dəfnində Ermənistan Dövlət Pedaqoji İnstitutunda təhsil alan Azərbaycan bölməsinin tələbələri bir nəfər kimi iştirak etdi. Bu sətirlərin müəllifi də həmin dəfn mərasiminin iştirakçısı olmuşdur. Tələbələr müəllimlərinə ehtiram olaraq cənazəsini uzun bir məsafəni qət edərək Fəxri xiyabana kimi çiyinlərində apardılar. Bir faktı da qeyd edim. Dəfn mərasimində iştirak edən dövlət orqanlarının erməni nümayəndələrindən bir nəfər belə Rza Vəlibəyovun cənazəsini çiyinlərinə almadı. Çünki Rza Vəlibəyov türk (azərbaycanlı) idi. Erməni xisləti, erməni xəstəliyi! Çox acınacaqlı idi!
Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi fəaliyyət göstərdiyi dövrdə azərbaycanlı alimin rəhbərlik etdiyi yalnız bir kafedra – “Azərbaycan dili və ədəbiyyatı” kafedrası yaradılmışdır. Bu kafedranın müəllimləri Azərbaycan dilinə və ədəbiyyata aid bütün fənləri tədris edirdilər. Kafedraya 1980-ci illərə kimi filologiya elmləri namizədi, dosent Əkbər Yeravanlı, 1980-ci ildən 1988-ci ilə kimi filologiya elmləri doktoru, professor Knyaz Mirzəyev rəhbərlik etmişdir. Azərbaycan bölməsində tədris olunan “Pedaqogika”, “Psixologiya”, “Fəlsəfə”, “Sov.İKP tarixi”, “Bədən tərbiyəsi”, “Etika”, “Estetika”, “Elmi kommunizm”, “Siyasi iqtisad”, “Xarici dillər” fənləri isə ermənilərin rəhbərlik etdiyi uyğun kafedra əməkdaşları tərəfindən tədris olunurdu. Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində filologiya elmləri namizədi, dosent Lətif Hüseynzadə, filologiya elmləri namizədi, dosent Zaman Vəliyev, filologiya elmləri namizədi, dosent Əkbər Yerevanlı, filologiya elmləri namizədi, dosent Mehdi Həsənov, filologiya elmləri doktoru, professor Knyaz Mirzəyev, görkəmli partiya və dövlət xadimi Rza Vəlibəyov, Ermənistan SSR Maarif nazirinin müavini, tarix elmləri namizədi Suren Şərifov, Azərbaycan dilində nəşr olunan “Sovet Ermənistanı” qəzetinin sonuncu baş redaktoru, tarix elmləri namizədi İsrafil Məmmədov, filologiya elmləri namizədi Məhərrəm Bayramov, “Ermənicə-Azərbaycanca lüğət”in müəlliflərindən biri, zəngin elmi və tədris təcrübəsinə malik İbrahim Xəlilov, filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynov, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov, iqtisad elmləri namizədi, dosent Həsən Səfərov, fəlsəfə elmləri namizədi, dosent Sabir Əsədov, fəlsəfə elmləri namizədi, dosent Sabir Səfərov, filologiya elmləri namizədi Məsim Məmmədov, filologiya elmləri namizədi Şövkət Kərimov, filologiya elmləri namizədi Aida Salahova, baş müəllim Fərrux Rzayev, Ermənistan Müəllimlərin Təkmilləşdirmə İnstitutunun Azərbaycan bölməsi üzrə metod kabinetinin müdiri pedaqogika üzrə fəlsəfə doktoru Arzuman Qəmbərov, Əli Dalqılıçov, İrəvandakı M.F.Axundov adına orta məktəbinin direktoru Adil Süleymanov, C.Cabbarlı adına İrəvan Dram Teatrının direktoru, şair Hidayət Orucov dərs demişlər. Azərbaycan bölməsində professor R. Bağramyan “Dilçiliyə giriş”, dosent S.Petrosyan “Sov.İKP tarixi” fənlərini Azərbaycan dilində tədris etmişlər. Bununla yanaşı bəzi fənlərin tədrisi üzrə ixtisaslı kadr olmadığı üçün Bakıdan müxtəlif illərdə ayrı-ayrı ali məktəblərdən, elmi müəssisələrdən tanınmış alimlər dəvət olunurdu. Azərbaycan Dövlət Pedaqoji İnstitutundan (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) professor Zeynal Tağızadə (“Müasir Azərbaycan dili” fənni üzrə), professor Fərhad Fərhadov (“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” fənni üzrə), dosent Bilal İbrahimov (“Azərbaycan dilinin tarixi qrammatikası”, “Azərbaycan dilinin dialektologiyası” fənləri üzrə), dosent Azər Hüseynov (“Azərbaycan dilinin dialektologiyası” fənni üzrə), professor Alməmməd Alməmmədov (“Rus ədəbiyyatı” fənni üzrə), dosent Məmmədbağır Həyatzadə (“Xarici ölkələr ədəbiyyatı” fənni üzrə), professor Nizami Xudiyev (“Azərbaycan ədəbi dili tarixi” fənni üzrə), dosent Yunis Məmmədov (“Orxon-Yenisey yazılı abidələrin dili” fənni üzrə), professor Əlisa Şükürlü (“Azərbaycan dilinin tarixi qrammatikası”, “Azərbaycan ədəbi dili tarixi” fənləri üzrə), professor Aydın Hacıyev (“Azərbaycan ədəbiyyatının tədrisi metodikası” fənni üzrə), professor Bayram Əhmədov (“Azərbaycan dialektoriyası” fənni üzrə), professor Vilayət Əliyev (“Müasir Azərbaycan dili” fənni üzrə), Azərbaycan SSR Elmlər Akademiyasından (Azərbaycan Milli Elmlər Akademiyası) professor Həmid Əliyev (“Azərbaycan tarixi” fənni üzrə), professor Elməddin Əlibəyzadə (“Azərbaycan ədəbiyyatı” fənni üzrə), Azərbaycan Dövlət Universitetindən (indiki Bakı Dövlət Universiteti), professor Əkbər Bayramov (“Psixologiya” fənni üzrə), Naxçıvan Dövlət Pedaqoji İnstitundan (indiki Naxçıvan Dövlət Universiteti) filologiya elmləri namizədi, dosent Arif Əliyev (“Rus ədəbiyyatı” fənni üzrə) dəvət edilmiş və onlar Filologiya fakültəsinin Azərbaycan bölməsində dərs demişlər.
1974/1975- 1986/1987-ci tədris illərində Qərbi Azərbaycanda Azərbaycan ümumi orta məktəblərində ehtiyac duyulan ali pedaqoji kadr hazırlığı həm də kooperasiya yolu ilə həyata keçirilmişdir. Bununla əlaqədər Ermənistan SSR Maarif Nazirliyinin bilavasitə nəzarəti altında Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almaq şərti ilə Ermənistan Dövlət Pedaqoji İnstitutunda biologiya müəllimliyi, coğrafiya müəllimliyi, kimya müəllimliyi, tarix müəllimliyi, riyaziyyat müəllimliyi, fizika müəllimliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçirilmişdir.
İrəvanda Azərbaycan dilində fəaliyyət göstərmiş ali pedaqoji təhsil tarixinin, ümumiyyətlə, maarifçilik tarixinin öyrənilməsinin Azərbaycan təhsil tarixində xüsusi əhəmiyyəti və yeri vardır. Bu sahədə professor Cəfər Cəfərovun, professor Fərrux Rüstəmovun, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın, dosent Cəlal Allahverdiyevin, professor Həsən Bayramovun, dosent Ziyəddin Məhərrəmovun və b. maraqlı araşdırmaları olsa da, hələ də bu sahədə görüləsi işlər çoxdur. Bu sahədə elmi-tədqiqat işlərinin aparılması pedaqogika elminin qarşısında duran əsas vəzifələrdən biridir. Qərbi Azərbaycandan tarixi-etnik torpaqlarından deportasiya olunmuş azərbaycanlıların tarixi torpaqlarına qayıtması ilə bu aspektdə araşdırmaların aparılmasını daha da sürətləndirəcəkdir.
İbrahim BAYRAMOV,
filologiya elmləri doktoru, professor
Qeyd: “İrəvanda Azərbaycan dilli ali təhsilin tarixi” məqaləsi (I yazı) yazılarkən faktların və məlumatların dəqiqliyi üçün Z.Məhərrəmovun “İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit)”, (Bakı, 2010), Nazim Mustafanın “İrevan şehri (Ankara, 2015), C.Cəfərov və C.Allahverdiyevin “Təhsil tariximizdən: İrəvan Pedaqoji Məktəbi” (Bakı, 2017) kitabları əsas mənbə kimi götürülmüş və müəlliflərin fikirlərindən istifadə edilmişdir (Müəllif).
04.12.2024