Yüksək dərəcəli, çox alicənab, tədbirli və xristian əyanları arasında seçilən polkovnik Lazarevə. Məlumunuz olsun ki, Xoyun və Urmiyanın boşaldılması üçün paytaxt şəһəri Tehrandan pul alınmışdır və biz cənab infanteriya generalı ilə (Paskeviçlə) bağladığımız müqaviləyə görə, nəzərdə tuturuq ki, yuxarıda adları çəkilən əyalətlər Allahın mərһəməti ilə tərk ediləcək.
Əlbəttə, ermənilərə gəlincə isə verilmiş qərar haqqında siz cənablara məlumdur ki, yerlərində qalmaq istəyənlər zorla köçürülməyəcəklər, burdan getmək istəyənlərə mane olmayacağıq. Ona görə də bu əyalətlərin boşaldılması haqqında indi sərəncam verilmişdir və mən sədaqətli və inanılmış bir adamı һəmin işə nəzarət etmək və onu yerinə yetirmək üçün ora göndərməyi, lazım hesab edirəm, daha doğrusu, orda olmaq və qərarların һəyata keçirilməsi üçün yüksək dərəcəli və yaxın bir məmuru, Məһəmməd Tahir xanı seçmişəm. Ona görə də siz cənablar əmr edin ki, heç kim erməniləri köçməyə məcbur etməsin və qorxuzub yoldan çıxartmasın. Çünki kim getmək [29-30] istəyirsə, gedə bilər, getmək fikri olmayanların isə qalmaq hüququ var. Şəvval ayı 1243-cü il (musəlman hesablaması ilə, yəni, 1828-ci il).
Şaһzadənin məktubundan son dərəcə açıq-aydın görünür ki, rusların uydurma zorakılığı onun beyninə yeridilmişdi. Şaһzadənin göndərdiyi məmur Lazarevin zorakılığından bərk şikayətlənərək onu ifşa etməyə nahaq yerə əlləşirdi. 200 ailədən ibarət olan dəstənin məcburiyyət qarşısında qalaraq köçdüklərini onlardan, guya, öz qulaqları ilə eşitdiyini nahaq yerə inandırmağa çalışırdı. Böhtanı ifşa etmək üçün Lazarev Urmiya xanlığının xalq hakimi Əsgər xana müraciət edərək bu işin ətraflı yoxlanılması üçün öz oğlunu göndərməyi tələb etdi. Polkovnik Lazarev və Əsgər xan Urmiyalının oğlu Xoy qalasının bir ağaclığında köçkünlərin yuxarıda adları çəkilən dəstəsinə çatdılar. Ermənilərin hamısı sorğu-suala tutuldu. Onların hamısı bir səslə təsdiq etdi ki, könüllü surətdə köçürlər və һəqiqətən də, ürəkdən gələn inandırıcı sözlərlə Əsgər xanın oğlunu һeyrətə saldılar. Onlar hamının qarşısında ucadan dedilər: “İran çörəyini yeməkdənsə, rus otunu otlamaq yaxşıdır!” Ermənilərin bu fədakarlığını Lazarev dəftərçəsinə qeyd etdi. Aprelin 13-də Lazarev Xoy qalasına gəldi. Bir sıra göstərişlər verdi, bütün lazımi məlumatları qabaqcadan hazırlayan mayor, knyaz Şalikova və podporuçik İskritskiyə köçürülmənin icrasını həvalə edərək Xoy qalasından yola düşüb, aprelin 18-də Dilman istehkamına gəldi və göndərilmiş İran məmurunun qeyri- səmimiliyini göstərərək onun birinci məktubuna cavab verdi.
S.N.Qlinka “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri” (Bakı, “Azərbaycan”, 1995) kitabından
07.05.2021