Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən 12 nömrəli orta məktəbin əsaslı təmiri başa çatdırılaraq sentyabrın 1-i məktəblilərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, Ukraynada yeni təhsil ilinin başlaması münasibətilə məktəblilər yenidən bərpa olunan Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə gəliblər.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin təmirini üzərinə götürərək müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.
İrpen şəhərinin meri Aleksandr Markuşin deyib: “Şəhərimizin və xüsusilə 12 saylı orta məktəbin bərpasında iştirak etdiyinə görə Azərbaycan dövlətinə, SOCAR-a minnətdarıq. İndi uşaqlar təhsillərini yaxşı təmir edilmiş binada davam etdirə biləcəklər.
“Uşaqların öz doğma məktəblərinin divarları arasında təhsil almaq imkanını geri qaytarmaq bizim üçün böyük sevincdir. İstənilən vaxt və xüsusilə indi, bu qədər dağıntıların olduğu və çox sayda insanın köməyə ehtiyac duyduğu bir vaxtda Ukraynaya və ukraynalılara dəstək olmaq SOCAR üçün şərəf məsələsidir”, – deyə SOCAR-ın Şəbəkə direktoru İqor Orlov bildirib.
Məktəbin direktoru Valentina Antonenko deyib: “Müharibə zamanı Azərbaycan dövlətindən səmimi dostluq münasibəti gördük. Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm ki, müharibə zamanı ciddi ziyan görən məktəbin təmirinə göstəriş verib. “SOCAR Energy Ukraine” şirkəti, Azərbaycanın Ukraynadakı səfirliyi bu işə yaxından dəstək verib.
Qeyd edək ki, təmir işləri zamanı orta məktəbin dam örtüyü tamamilə yenilənib, sinif otaqları təmir edilib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər həyata keçirilib. Partlayışdan ən çox zərər çəkmiş idman zalı və bomba sığınacağı təmir edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen