Martın 10-11-də “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçiriləcək.
Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin perspektivləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi aktuallıq kəsb edən məsələlər müzakirə olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş üç forum mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini cəlb edib.
Dördüncü Forumun müzakirələri aşağıdakı istiqamətləri əhatə edəcək: Qlobal etimadsızlıq və təhlükəsizlik; regional dinamiklik və təhlükələr; iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya.
Forumun “Müasir dövrün qlobal çağırışı” adlı açılış sessiyasında bir sıra ölkələrin dövlət və hökumət başçıları çıxış edəcək, videomüraciətlər nümayiş olunacaq.
Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlər gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr aparacaqlar.
Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edəcəklər.
IV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılacaq, mövcud problemlərin həlli yolları araşdırılacaq.
Suriya, Ukrayna və dünyanın digər qaynar nöqtələrində davam edən münaqişələr, İŞİD və beynəlxalq terrorizmə, radikalizmə qarşı mübarizə, İran və Əfqanıstan, Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi, Yaxın Şərqdən və Afrikadan Avropaya miqrant axını, multikultural dəyərlərin inkişaf etdirilməsi, enerji bazarında qeyri-sabitlik və bununla əlaqədar qlobal iqtisadi problemlər – göründüyü kimi, Bakıya toplaşan dünya liderləri, ekspertlər beynəlxalq aləmi narahat edən ən mühüm problemləri müzakirə edib yaranmış vəziyyətdən çıxış yolları axtaracaqlar. Bu da bir daha Azərbaycanın aktual qlobal problemlərin müzakirə olunduğu bir məkana çevrildiyini göstərir.
IV Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç deyib ki, böyük problemlərin olduğu bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideyaların mübadiləsi liderlər üçün olduqca zəruridir. Bakı Forumu bu problemləri müzakirə etmək və ən vacibi isə müsbət təşəbbüslər irəli sürmək üçün böyük imkandır.
Latviya Respublikasının sabiq Prezidenti xanım Vayra Vike-Frayberqa deyib ki, IV Qlobal Bakı Forumunda səslənəcək fikirlər bütün dünyaya bir çağırış olacaq. Forum dialoq, müzakirə və debatların keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakı, eyni zamanda, Azərbaycanın həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko bildirib ki, Forumda müzakirə olunacaq məsələlər qlobal dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcək. O, Qlobal Bakı Forumunun dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.
Kanadanın keçmiş Baş naziri Jan Çretyen deyib ki, IV Qlobal Bakı Forumu keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Burada aparılacaq müzakirələrin gələcək nəsil üçün də önəmli olacağı şübhəsizdir.