Azərbaycan paytaxtında “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, Forumun birinci panel iclası “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma” mövzusuna həsr olunub.
Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Susan Elliottun moderatorluğu ilə keçirilən panel iclasında “hansı yanaşma ilə bombaları susdurub sülh üçün yol açmaq olar”, “postmüharibə dövründə gələcək Ukraynanın yenidən qurulması necə təmin ediləcək”, “müharibəni sülh sazişi ilə başa çatdırarkən necə əmin olmaq olar ki, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcək”, “kiberhücumlar daxil olmaqla, hibrid müharibənin yeni yollarını necə müəyyənləşdirmək mümkündür”, “iqtisadi sanksiyaların cəbhə xəttində daha yaxşı təşkilinə ehtiyac varmı” kimi suallara cavablar axtarılıb.
İclasa onlayn qoşulan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Ukraynada baş verənlərlə bağlı məsələnin bugünkü IX Bakı Qlobal Forumunun gündəliyinə salınmasından məmnunluğunu bildirib. O, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın münaqişələrlə üzləşdiyini qeyd edib. Ukraynada baş verənlərin qlobal məsələ olduğunu söyləyən sabiq prezident münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko panel iclasına onlayn qoşularaq bildirib ki, ölkəsində baş verənlər bütün dünyada vəziyyəti dəyişib. Bu müharibə dünya nizamına çağırış, təhdiddir. Eyni zamanda, bu müharibə dünya nizamına xələl gətirir. O qeyd edib ki, dünyanın gələcəyi Ukraynada həll olunur. Əgər hamı həmrəy olsa, birləşsə, bu müharibə dayandırıla bilər.
Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko isə diqqətə çatdırıb ki, dünyanın təhlükəsizliyinə yeni bir baxış olmalıdır. Hazırkı problemlərin nəticələri gələcək nəsillərə də təsir edə bilər. “Biz azad, demokratik ölkədə, öz doğma dilimizdə, milli dəyərlərimizi, keçmişimizi qoruyaraq yaşamaq istəyirik”, – deyə Katerina Yuşşenko əlavə edib.
Panel iclasında çıxış edən Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç diqqətə çatdırıb ki, diplomatiya münaqişələrin yeganə həll yolu olmalıdır. Bizim əsas prioritetimiz Ukraynada gedən müharibəni dayandırmaq, onun yayılmasının qarşısını almaq, milli dəyərləri müdafiə etmək, postmünaqişə dövrü və sülhdür. Hazırda sülh üçün əsas yaradılmalıdır.
Avropa Parlamentinin keçmiş üzvü, belçikalı siyasətçi Tom Vandenkendeler Ukraynada baş verənlərin hibrid müharibənin bariz nümunəsi olduğunu deyib, bunun həlli üçün addımların atılmalsının vacibliyini qeyd edib. O, həmçinin Avropa Parlamentinin əvvəldən Ukraynadakı müharibə ilə bağlı aydın mövqe nümayiş etdirdiyini söyləyib.
Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili Ukraynada baş verənləri sivilizasiyalararası müharibə adlandırıb. Bildirib ki, Ukrayna-Rusiya müharibəsinin nəticəsi qarşıdakı onilliklərin necə olacağını, övladlarımızın gələcəyini müəyyənləşdirəcək.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa çıxışında deyib ki, indi seçim etmək zamanıdır. Biz necə bir qlobal sistem istədiyimizlə bağlı qərar verməliyik və tarixin doğru tərəfində olmağı seçməliyik.
Çıxışlardan sonra “Sosial media, siyasət və XXI əsrdə müharibə” mövzusunda müzakirələr keçirilib.