1905.az portalının suallarını jurnalist, politoloq Kənan Quluzadə cavablandırır.
– Yeni ilin ilk günlərində Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər birinci dövlətin vətəndaşı olan şeyx Nimirin onlarca digər insanlarla birgə edam olunması nəticəsində son dərəcə gərginləşdi. İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum oldu, bir sıra ərəb ölkələri İranla diplomatik əlaqələri pozdular. Sizcə, bu proses yaxın aylar ərzində hansı istiqamətdə inkişaf edəcək?
– Düşünürəm ki, baş verən hadisə, İranla Səudiyyə Ərəbistanı və ya səfirlərini geri çağırmış digər ərəb ölkələri arasında qarşıdurma bu gün yaranmayıb. Bu hadisə mərhələ-mərhələ gəlib, bu həddə yetişib. Bunun davamı da müxtəlif cür ola bilər. Əgər bu qarşıdurmanın hərbi münaqişəyə çevrilib-çevrilməyəcəyindən danışırıqsa, onlar arasında hərbi münaqişə var. Bu münaqişə Suriya və Yəmən ərazisində gedir. Xatırlayırsınızsa, Bəhreyndə azlıq təşkil edən sünnilər, şiələr ayağa qalxanda yardım üçün Səudiyyə Ərəbistanı ordusunu dəvət etmişdi. Bu gün artıq Səudiyyənin ərazisində sünni və şiələr arasında qarşıdurma var. Bu ölkələr arasında böyük müharibə olcağını mən gözləmirəm. Çünki burada Qərb, ABŞ amili var, regionda ən real hərbi qüvvəyə malik Türkiyə amili var, əlbəttə həm də Rusiya amili var. Buradakı aktorlar Qərb ölkələri, ərəb ölkələri ilə İranın qarşıdurmasında maraqlıdır. Bu qüvvələr onların bir-biri ilə savaşmasını, amma bir-birini öldürməməsini istəyirlər. Amma qızışdıran qüvvələr, həm də tərəfləri bir növ aralamağa çalışan qüvvələr hadisələrin pik nöqtəsinə çatmasına imkan verməyəcəklər. Son vaxtlar ABŞ-ın İranla qarşılıqlı anlaşmaları, ABŞ və Qərbin neftin qiymətinin düşməsindəki maraqları imkan vermir ki, Yaxın Şərqdə problemlər indikindən də çox olsun. Əks təqdirdə qiymət strategiyası dağılacaq, ABŞ-ın yaxın müttəfiqi olan Türkiyə bu münaqişəyə müdaxilə edə bilər. NATO-nun Türkiyə ilə münasibətləri, Türkiyənin Rusiya təyyarəsini vurması, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi və bir-birilərnə sanksiyalar tətbiq etməsi göstərir ki, Türkiyənin özünün oynadığı başqa oyunlar var.
– Dediyiniz kimi, Ər-Riyad və Tehran arasındakı qarşıdurma real müharibəyə keçməyəcəksə, yəqin bu münasibətlərin zamanla istiləşmək ehtimalı da var.
– Əlbəttə. Bü qüvvələr artıq neçə əsrlərdir ki, bir-birinə qarşıdır. Son hadisələr müsəlman ümmətinin daha da parçalanmasına gətirib çıxaracaq. Əgər biz dünən sünni-şiə söhbətinin özündən utanırdıqsa, indi artıq sünni və şiələrin bir-biri ilə silahlanıb vuruşmasından danışırıq. Son 20 ilin hadisələri ona gətirib çıxardı ki, şiə şeyxi sünnilər əleyhinə çıxır, sünnilər isə həmin şeyxin başını kəsir. Bu artıq hər bir ailədə, hər bir cəmiyyətdə, hər bir ölkədə ciddi problem kimi müzakirə olunur.
– İraq-İran müharibəsi də hansısa formada sünni-şiə müharibəsi idi. Sizcə, hadisələri bu məcraya yönəldən “kuklavod”lar kimlərdir? 2012-ci ildə ölüm hökmü kəsilmiş şeyx Nimirin məhz İranın neft satmağa başladığı bir vaxtda edam olunması kimə lazım idi?
– Əlbəttə, şeyxin edam olunması qərarı siyasi qərardır. Məhkəmə qərarı çoxdan var idi. Hamı bilirdi ki, bu qərar ola bilər. Lakin nədənsə məhz bu günlərə təsadüf etdi. Siz dediyiniz İraq-İran müharibəsində sünni-şiə amili var idi, amma Səddam Hüseyn dini lider deyildi. Ona görə də onun edamı dini təfəkkürə malik insanlar tərəfindən emosionallıqla qarşılanmadı. Düzdür, Səddam Hüseynin o tərzdə öldürülməsini bir çox insanlar Azərbaycanda da pisləmişdi. Hətta bəziləri onun şəkillərini də asırdılar. Amma Səddam Hüseyn və şeyx Nimirin ölümü eyni səpkidən olan hadisələr deyildi. Bu qərarın İranın neft satmağa başladığı dövrdə verilməsi üzərində düşünmək olar, amma bəlkə də tamam başqa amil rəhbər tutulub. Səudiyyə Ərəbistanının bu ilki büdcəsində neftin qiyməti 30 dollar götürülüb. Bu hadisədən sonra neft qiymətlərinin artmasına ümid etmək yalnız üzərində düşünüləcək amillərdən biridir. Digər amil Suriya ilə bağlı, yaxud İranın “Hezbullah”ı dəstəkləməsi ilə bağlı ola bilər. Şeyx Nimir Qumda təhsil almış, Suriyada püxtələşmişdi. Səudiyyə şiələri arasında böyük nüfuza malik idi. Amma separatçı mövqedən çıxış edirdi. O açıq elan edirdi ki, Bəhreyn və Yəmən şiələri ilə birləşməlidirlər. Dövlətin ərazi bütövlüyünə qarşı çıxış etdiyindən edama rəvac verən amillərdən biri də daxili siyasətlə bağlı ola bilər. Əgər Səudiyyə Ərəbistanında təhsil almış bir İran vətəndaşı da İranda eyni məzmunlu çıxış etsə idi, iranlılar da onu edam edərdilər. Ümumiyyətlə isə şeyxin edamı məncə, rəmzi xarakter daşıyırdı. Və Səudiyyənin ABŞ-ın reaksiyasına cavabı da məncə çox sərt idi. Amerika tərəfləri masa arxasında problemləri müzakirə etməyə dəvət edirdi. Səudiyyə Ərəbistanı belə cavab verdi ki, bu, onların öz işləridir. Aydındır ki, baş verənlər böyük bir oyunun tərkib hissəsidir və əsas iştirakçılar öz içlərini bundan sonra daha açıq biruzə verəcəklər. Amillər şoxdur və hər biri bir-biri ilə sıx bağlıdır.
– Noyabr ayında Türkiyə silahlı qüvvələri tərəfindən Rusiyanın təyyarəsinin vurulması hadisəsi baş verdi. Nəticədə Türkiyə-Rusiya münasibətləri kəskinləşdi. Bu hadisələrin perspektivini necə görürsünüz?
– Biri var dövlət maraqları, biri də var, dövlətin başında duran şəxslərin maraqları, şəxsi ambisiyaları. Türkiyə Rusiyanın təyyarəsini vurmalı idimi – əlbəttə, vurmalı idi. Çünki Türkiyə dəfələrlə xəbərdarlıq etmişdi ki, hava sərhədləri pozulsa, qəti tədbirlər görəcək. Amma bir məsələ də var ki, daha əvvəlki insidentə görə, Rusiya prezidenti V.Putin R.T.Ərdoğandan üzr istəmişdi. Rusiyanın təyyarəsi vurulandan sonra Rusiyanın qoyduğu məsələ də Türkiyənin üzr istəməsi ilə bağlı idi. Türkiyənin üzr istəməməsi Putin üçün şəxsi problemə çevrildi. Və öz ambisiyalarını dövlətin ambisiyasından üstün tutan Putin bunu Ərdoğana bağışlamadı. Baş verən hadisələrdən sonra Türkiyə daha çox çalışırdı ki, iki ölkə arasında münasibətlər yumşalsın. Buna görə də vasitəçi tapmaq ümidilə, misal üçün, Serbiyaya müraciət etdi. Hamımız yaxşı bilirik ki, İsveçrə və ya Azərbaycan bu məqsəd üçün daha yaxşı meydança ola bilərdi. Amma Rusiya moderatorların axtarışına meyl göstərmədi.
– Üstəlik Putin özünün məşhur illik müraciətində Türkiyəni də təhqir etdi.
– Bəli, türk millətini təhqir etdi. Türk milləti şanlı tarixə malik millətdir. Türkiyə bu günə hörmətlə yanaşıb, tarixi ilə qürurlanan dövlətdir. Mən düşünürəm ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, türk milləti bu milli təhqir amilini heç vaxt unutmayacaq. Putin həmin təhqirdən istifadə etməməli idi. Ona görə də mən iki dövlət və iki millət arasında münasibətlərin istiləşməsinin onillərdən və ya yüzillərdən sonra mümkün ola biləcəyini düşünürəm.
– Ötən il başlanmış Rusiya-Türkiyə, bu il başlanmış Səudiyyə Ərəbistanı-İran qarşıdurmaları Azərbaycana nə vəd edir?
– Yaxşı bir şey görmürəm. Ona görə ki, biz eyni zamanda bir neçə regionun tərkib hissəsiyik. Bu regionları halqa kimi təsəvvür etsək, onların hər biri bizim üstümüzdən gəlib keçir. Avrasiya regionunu, postsovet məkanını götürsək, vaxtında oradan qaçmışıq. Yaxın Şərqdə daim müharibələr, qarşıdurmalar olduğundan, bu regionla yaxın olmağımızı istəməmişik. Bir az Qərbə yönəlmişik, o cümlədən də Türkiyə vasitəsilə. Bəzi qüvvələr bu qarşıdurmaların neft qiymətini artıra biləcəyini düşünür. Böyük müharibə olacağı təqdirdə lap çox qalxa bilər, amma onun ziyanı xeyrindən çox olacaq. Çünki həmin neft dollarları regionda firavan yaşamağımıza yol verməyəcək. Bu qarşıdurmaların heç birinin olmaması bizim üçün böyük xoşbəxtlik olardı. Amma təəssüf ki, var və biz öz addımlarımızı onlarla uzlaşdırmalıyıq. Ölkəmiz uzun illər boyu balanslaşmış siyasət yeridib, böyük qüvvələrə nə çox yaxınlaşmaq, nə də çox uzaqlaşmaq istəyib. Mən düşünürəm ki, bu siyasətin indi də alternativi yoxdur. Hər tərəfdən təzyiqlər var, belə ki, həm Səudiyyə Ərəbistanında, həm İranda, Türkiyədə və digər ölkələrdə də Azərbaycanın həm xeyrinə, həm də zərərinə olan qüvvələr mövcuddur. Rusiya postsovet məkanında revanşizm siyasəti yürüdür. Belə bir şəraitdə Azərbaycan diplomatiyası çevik olmalıdır. Mən hesab edirəm ki, mövcud şəraitdə Qərblə qarşıdurmaya getmək olmaz. Bizim iqtisadi maraqlarımız Qərblə bağlıdır. Bir sıra əsas ticarət tərəfdaşımız Avropa ölkəsidir. Böyük Britaniya, ABŞ, Fransa, Almaniya bizə ən çox sərmayə yatıran ölkələrdir. Bu iqtisadi əlaqələri nəzərdən qaçıra bilmərik. Amma Rusiya da çox ciddi siyasi amildir.
– ABŞ-la əlaqələrdə sərinlik var. Amma qeyd olunan qarşıdurmalarsız da Azərbaycan hər ötən gün daha çox dilemma qarşısında qalır – nağıllarda deyildi kimi, ya səs gələn tərəfə getməliyik, ya da işıq gələn tərəfə. Hamı aydın başa düşür ki, Azərbaycan öz mövqeyini bildirməlidir.
– Biri var istək, biri də var reallıq. Mən çox istərdim ki, biz heç birisini seçməyəydik. Ortada qalıb, daha çox Qərbə meyilli olaq. Biz 20 ildən bir qədər artıq müddətdir ki, müstəqil ölkəyik. Məncə, Türkiyə bu dövr ərzində bizə çox sahib çıxmadı. Türkiyə öz oyununu oynadı. Hər hökumətin Azərbaycanla bağlı öz niyyəti vardı. Biri çevriliş etmək, digəri iqtisadi marağını qorumaq, üçüncüsü regional lider olmaq üçün Ermənistanla razılığa getmək istəyirdi və s. Biz bunları görmüşük və hələ görəcəyik. Azərbaycanın bu gün hansısa tərəfin təzyiqi altında olması Türkiyənin böyük səhvidir. Amma təzyiq altında olmasına rəğmən, Azərbaycan nə satellitdir, nə də forpost. Azərbaycan qonşu Ermənistandan və eləcə də Gürcüstandan fərqli olaraq daha müstəqil siyasət yürüdür. Əlbəttə, bizdən daha konkret şəkildə tərəf seçməyimizi tələb edirlər. Düşünürəm ki, nə vaxta kimi imkanımız olacaqsa, hansı tərəfi seçdiyimizi deməməliyik.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az