1905.az portalının suallarını Gün.Az saytının parlament müxbiri Kamil Həmidov cavablandırır
– Kamil müəllim, orta statistik oxucumuzun media mənsubundan, mediadan gözləntiləri barədə nə demək olar?
– Hər bir oxucunun, izləyicinin öz baxışı, öz dünyagörüşü və buna uyğun olaraq da öz istəyi, arzusu, tələbatı var, o, öz istədiyi həqiqəti görmək, eşitmək, oxumaq istəyir. Eyni zamanda, bir oxucu üçün məqbul olanı digər oxucu tərəfindən birmənalı olmaya, qarşılanmaya bilər. Amma ümumən götürdükdə oxucu və oxucular mediadan, media mənsubundan və mənsublarından həqiqətə, obyektivliyə nisbətən daha yaxın olan məlumatı, informasiyanı əldə etmək istəyirlər. Heç də təsadüfi deyil ki, paytaxtdan fərqli olaraq əyalətlərdə hələ də–Sovetlər dövründə və müstəqilliyimizin ilik illərindəki kimi-medianın yazdığını az qala Quran ayəsi kimi qəbul edənlər var, onlar belə hesab edirlər ki, mətbuat yazdısa, demək hər şey o cürdür. Amma reallıq isə bunun çox zaman əksini deyir. Bunun da obyektiv və subyektiv səbəbləri və tərəfləri var. Burada həm də çoxlu suallar yaranır. Məsələn, mətbuat, media mənsubu tam azad və müstəqildirmi? Bəzən də bizdə belə bir yanlış təsəvvür yaranır ki, mətbuat, medaia mənsubunun azadlığı onun siyasi azadlığı ilə ölçülür. Burada həqiqət var, amma bu, yarımçıq həqiqətdir. Mətbuatın azadlığını şərtləndirən amil onun iqtisadi cəhətdən müstəqil olub-olmamasıdır. Mətbuatın iqtisadi müstəqilliyi yoxdursa, o kimdənsə asılıdırsa, kiminsə əlinə baxırsa, onun azadlığından da danışmaq olmaz. Ötən əsrin 80-ci illərinin sonlarından 90-cı illərinin axırlarına kimi mətbuatda az da olsa inkişaf, iqtisadi müstəqillik vardı. O vaxtlar daha çox dəbdə olan qəzet jurnalistikası özünün satışı və az da olsa, reklamdan əldə etdiyi gəlirləri hesabına özü təmin edə, ayaq üstə dura bilirdi. Bu, həm də çoxlu sayda peşəkarların jurnalistikada özünü göstərməsinə və meydana gəlməsinə imkan yaradırdı. Amma çox təəssüflər olsun ki, 1998-ci ildə senzuranın ləğvindən az müddət sonra mətbuatın iqtisadi çöküşü başlandı, mətbuat ayaqda qalmaq üçün zorən və ya könüllü şəkildə asılı vəziyyətə düşdü. Bu da nəticə etibarı ilə mətbuatın həm iqtisadi, həm də siyasi müstəqilliyinə çox ciddi mənfi təsir göstərdi. Eyni zamanda, peşəkarların böyük bir qisminin mətbuatdan uzaqlaşması, onların yerinin isə qeyri-peşəkarlar, diletantlar tərəfindən tutulması ilə nəticələndi…Yəni, demək istəyirəm ki, bu şərtlər daxilində istəsən belə orta statistik oxucunun gözləntisini, səndən umduqlarını verə bilmirsən və bilməyəcəksən…Amma burada bir vicdan məsələsi də var- vicdanı olan, vicdanlı media mənsubu az da olsa oxucuya nəsə verə bilər…Heç olmasa vicdanımızı tam itirməyək …
– Bu gözləntiləri doğrultmaq mümkündürmü?
– Əvvəlki suala cavabımda bu suala qismən də olsa cavab vermişəm. Yenə də qeyd etmək istəyirəm ki, mətbuatın, KİV-in iqtisadi müstəqilliynə nail olmaq, onu məngənədən, buxovdan azad etməyə, bunun yollarını axtarıb tapmağa çalışmaq lazımdır nə qədər zor olsa da belə…Əgər bunu bacarmaq mümkün olsa, yəni, mətbuatın, KİV-in iqtisadi müstəqiliyini öz reallıqlarımız çərçivəsində heç olmasa, təmin etmək mümkünləşsə, o zaman mətbuatın, media mənsubunun azadlığından, azad, vicdanlı sözdən də danışmaq olar. Yalnız o zaman oxucunun gözləntisini doğrultmaq mümkündür…Amma indiki reallıqda, yaşananların və baş verənlər fonunda da bunları reallaşdırmaq bir qədər qeyri-real görünür… Bütün zor şərtlərə rəğmən mətbuat da, media mənsubları da, bütövlükdə cəmiyyət də, mümkün olmayanı mümkünə çevirməyə, daha doğrusu, bunun əzabına qatlaşmağa çalışmalıdır. Başqa çarə yoxdur.
– Sizin media yolunuzdan danışaq.
– 28 ilə yaxındır ki, mətbuatdayam. 1991-ci ilin iyulunda BDU-nun jurnalistika fakültəsinə daxil oldum. Maraqlıdır ki, biz SSRİ-nin ən sonuncu qəbulu olduq. Cəmi bir ay sonra məşhur “QKÇP” baş verdi və SSRİ dağıldı. SSRİ-nin vaxtında qəbul olunduq, müstəqil Azərbaycanın isə ilk tələbələrindən olduq. Onu da xatırladım ki, o vaxt dərslər sentyabrın 1-də başlamalı olsa da, prezident seçkilərinə görə Ayaz Mütəllibov dərsləri oktyabrın 1-nə keçirtdirdi. Nə isə,1996-cı ildə də universiteti bitirdim. Yuxarıda da qeyd etdiyim kimi, artıq həmin vaxtdan, daha doğrusu, 1988-ci ilin payızından bu günə kimi də 28 ildir mətbuatdayam. Əvvəlcə rayonumuzun “Mübariz”, 1991-94-cü illərdə “Aydınlıq” qəzeti ilə əməkdaşlıq etmişəm. 1995-ci ildə “De-fakto”, “7gün” qəzetlərində işləmişəm, nəhayət, düz 20 ildir ki, “525-ci qəzet”də işləyirəm. Həmçinin, 2007-2011-ci illərdə “1nyus”la əməkdaşlıq etmişəm, 2011-ci ilin aprelindən bu günə kimi isə Gün.Az saytının parlament müxbiri kimi çalışıram. Ötən ilin yayında-Milli Mətbuat Günündə isə ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm, iki kitabın müəllifiyəm…
– İndi də vətənpərvərlik haqqında. Daha doğrusu bu mövzunun medianın mövzu arsenalındakı yeri haqqında.
– Əslində cəmiyyətimiz, onun durumu necədirsə, mətbuatı da, vətənpərvərliyi də o cürdür. Bunları heç də ayrılıqda götürmək olmaz və mümkün də deyil. Vətənpərvərlik bir-iki şeir, bir-iki məqalə yazmaqla və ya bir-iki şeir əzbərliyib auditoriyada ifa etməklə, insanları kövrəltməklə olmur. Təxminən 17 il öncə bir həmkarımızın toyu idi. Nisbətən tanınmış müğənnilərdən biri toyda oxuyurdu və mahnılardan birini ifa edərkən də bir “şair”in Vətənllə, vətənpərvərliklə bağlı “şeir”indən” bir misra-guya ki muğam parçası ifa etdi. Sonra söz sözün hər mənasında böyük şairimiz Ramiz Rövşənə verildi…Təbii ki, həmin müğənninin ifası da, onun oxuduğu “muğam parçası” da əksəriyyət kimi, onda da gülüş, istehza doğurmuşdu…Ramiz bəy çıxışının bir yerində qeyd etdi ki, əgər biz işğal olunmuş rayonlarımız haqqında ayrı-ayrı şeirlər yazsaq, onları mahnı və muğam parçası kimi ifa etsək, o zaman deməli, həmin torpaqlarımızdan keçmiş zamanda danışmış oluruq, onların sanki işğalını qəbullanmış oluruq…Yəni, demək istəyirəm, Qarabağa, işğal olunmuş bölgələrimizə aid bir-iki şeir yazmaqla, manhı bəstələməklə, bir-iki film quraşdırmaqla vətənpərvərlik və ya insanlarda vətənpərvərlik coşğusu yaratmaq olmur. Əslinə qalanda isə heç Qarabağa aid ortaya çıxarılası düz-əməlli şeirlərimiz, mahnılarımız, kino və tamaşalarımız da yoxdur…Vətənpərvərlik həm də insanın ruhundan, içindən, daxili dünyasından gəlməli, qaynaqlanmalıdır, necə deyərlər, quyuya su tökməklə nəyəsə nail olmaq çətin məsələdir…Bir sözlə, cəmiyyətimzdə vətənpərvərlik hissləri heç də iddia edildiyi kimi güclü deyil, daha doğrusu, tam formalaşmayıb, formalaşdırılmayıb. Bunun üçün çox işlər görülməlidir çox. İlk növbədə də quru pafosu, bəlağəti yığışdırmaq lazımdır…
– Devalvasiyalarla bağlı sual verməyə bilmirəm. Mediaya təsiri necə olacaq?
– 21 fevral və 21 dekabr devalvasiyası nəinki olan-qalan mətbuatın, bütövlükdə cəmiyyətin belini bükdü…Devalvasiyanın bütün cahələrə sarsıdıcı zərbəsi ayaqüstə tir-tir titrəyən mətbuatımıza da böyük mənfi təsir göstərdi. Bunu bilmək üçün də Amerika kəşf və ya velosiped icad etməyə elə bir ehtiyac yoxdur. Hər şey gün kimi aydındır, ortadadır…Allah axırımızı xeyir etsin!
– Sonda planlarınızdan danışaq.
– Açığını deyim ki, elə bir dünyada, regionda, və cəmiyyətdə yaşayırıq ki, bu gündən sabaha belə etibar yoxdur…Ona görə hansısa plandan və planlardan da danışmaq olmur və ya mümkün deyil…Bu mənada hələ ki elə bir planım və ya planlarım yoxdur.
Nigar Babayeva, 1905.az