Ukraynanın paytaxtı Kiyev şəhəri raket hücumuna məruz qalıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 21-nə keçən gecədən başlayaraq Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın bugünkü hücumu zamanı Kiyev vilayəti üzərində və paytaxt ərazisində hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən ballistik raketlər də daxil olmaqla, təxminən 30 raketi vurulub.
Bundan əvvəl Kiyevə raket hücumu 44 gün əvvəl həyata keçirilib.
Martın 21-də həyata keçirilən hücum zamanı ruslar “Tu-95MS” strateji bombardmançı təyyarələrinin Kh-101/Kh-555/Kh-55 qanadlı raketlərindən və Rusiya ərazisindən ballistik raketlərdən istifadə ediblər.
Paytaxtda hava hücumu xəbərdarlığı təxminən üç saat davam edib.
Mürəkkəb manevrlərdən sonra raketlər müxtəlif istiqamətlərdə eyni vaxtda Kiyevə daxil olub.
“Düşmənin təxminən 30 raketi, o cümlədən ballistik raketlər Kiyev vilayəti üzərində və paytaxt ərazisində hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən vurulub. Hazırda iki nəfərin xəsarət aldığı məlumdur. Onlar 11 yaşlı qız və 38 yaşlı kişidir. Ölənlər yoxdur”, – deyə məlumatda bildirilib.
Paytaxt meri Vitali Kliçko isə qeyd edib ki, hücum nəticəsində on nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev