Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı məsələyə baxılıb.
AZƏRTAC xəbər verir ki, iclasda bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun azad, ədalətli və şəffaf şəkildə keçirilərək ölkəmizin tarixinə əlamətdar hadisələrdən biri kimi yazıldığı qeyd olunub. Komissiya üzvlərinin müzakirəsi zamanı dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutduğu, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla bütün seçki subyektləri üçün geniş maarifləndirmə tədbirlərinin keçirilməsi, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin istisnasız sərbəst fəaliyyəti üçün tam maneəsiz şərait yaradılması kimi mühüm tədbirlər və bütün digər layihələr MSK-nın hazırlayıb təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na əsasən ardıcıl, sistemli və keyfiyyətlə gerçəkləşdirilib.
Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi üzrə bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmadığına görə bələdiyyə seçkiləri 125 seçki dairəsinin 118-də, 5049 seçki məntəqəsi üzrə keçirilib. 1606 bələdiyyəni əhatə edən seçkilərdə 15156 bələdiyyə üzvlüyünə 41462 nəfərin namizədliyi qeydə alınıb və bütün namizədlərə seçkiqabağı təşviqat dövründə eyni imkanlar və bərabər şərait yaradılıb. Seçkilərlə bağlı daxil olmuş bütün müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə dəqiq, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılıb və Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.
Bələdiyyə seçkilərində aşkarlığın təmin edilməsi üçün digər vasitələrlə yanaşı, işğal altındakı ərazilər istisna olmaqla bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20 faizində) internet vasitəsilə səsvermə prosesini birbaşa izləmə imkanı yaradan veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb edilmədən, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri izləmək imkanına malik olublar.
Seçkiləri 17 beynəlxalq müşahidəçi ilə yanaşı, müxtəlif siyasi partiyaları, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 52636 yerli müşahidəçi, həmçinin respublikada fəaliyyət göstərən yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri sərbəst və maneəsiz şəkildə izləyib. Seçki günü səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olmaları üçün səsvermə başa çatdıqdan bir neçə saat sonra seçki məntəqələrinin protokol məlumatları birbaşa onlayn rejimdə qəbul edilərək operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirilib və bunun ardınca seçki məntəqələrinin təqribən 92 faizindən olan məlumatlara əsasən ilkin nəticələr açıqlanıb. Seçki məntəqələrindən məlumatların birbaşa qəbulu prosesi mütəmadi şəkildə davam etdirilərək qısa müddət ərzində bütün seçki məntəqələri üzrə ilkin nəticələr ictimaiyyətə təqdim olunub.
Bələdiyyə seçkilərində seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə ölkə üzrə seçicilərin ümumi sayının 32,69 faizi səsvermədə iştirak edib.
Komissiya üzvlərinin geniş müzakirəsindən sonra qəbul edilən qərarda yekun olaraq seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi, 9 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən 1595 bələdiyyənin tam tərkibdə formalaşması, 2 bələdiyyənin isə tam tərkibdə formalaşmamasının nəzərə alınması və bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısının elan olunması öz əksini tapıb.
Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 12 seçki məntəqəsinin – 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami birinci seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı, 69 saylı Cəlilabad-Masallı seçki dairəsi üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə 3 saylı və 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 13 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb. MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı yekdilliklə qəbul edilib.
Sonda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilib və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.
İclasda beynəlxalq müşahidə missiyalarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.