“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.7-ci maddəsinə əsasən mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 avqust tarixli 360 nömrəli Qərarı ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası” təsdiq edilib və Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli Qərarı ilə adıçəkilən Qaydalara dəyişiklik edilərək mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslər kimi ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər müəyyən edilib.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Qaydanın 1.3-cü bəndində həmin Qaydanın tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmədiyi qeyd edilir. Belə olan halda Qaydalarda müəyyən edilən subyektlər dairəsi mediasiya üçün müraciət edərkən qarşı tərəfin iştirak etməməsinə görə mediasiya xərcinin öz hesabına ödənilməsi məcburiyyətində qalır və Qanunun qeyd edilən imtiyazından istifadə edə bilmir. Mövcud uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Qaydanın 1.3-cü bəndi ləğv edilib.