(birinci yazı)
Keçmiş sovet adamlarına yaxşı tanış olan bir lətifə var. Bu lətifədə ABŞ prezidenti ilə Sov.İKP MK-nın birinci katibinin kiçik mübahisəsi yer alır. Mövzu nə olur? Əlbəttə, demokratiya! Demək ən yaxşı halda cəmi 8 il prezidentlik edə biləcək amerikalı deyir ki, onun ölkəsində demokratiya var. Və bunu sübut eləmək elə də çətin deyil. İstənilən adam Ağ evin qarşısına gəlib ABŞ prezidentini söyə bilər. Bu şəxsi də heç kim tutmaz…
Buna cavab olaraq Kremldə ölənə qədər işləyəcəyini və öləndən sonra da elə yaxınlıqda dəfn ediləcəyini dəqiq bilən baş katib deyir ki, Sovet İttifaqında da demokratiya var. Bunu subut eləmək üçün hər hansı sovet adamı Leninin mavzoleyinin qarşısına gəlib ABŞ prezidentini istədiyi qədər söyə bilər. Əlbəttə, onu heç kim saxlamayacaq, hələ ola bilsin səsinə səs verənlər də tapıldı. Məgər bu fakt Sovet İttifaqında real demokratiyanın mövcudluğunu sübut etmirmi?
Bu lətifə yuxarıda qeyd olunduğu kimi sovet lətifəsidir. Sovet lətifələrinə çox gülmək müasir gülməcələrə vaxt ayırmağımızı əngəlləyə bilər. Bu isə məqsədəuyğun deyil.
Axı müasir gulməcələrimizin sayı lazım ola biləcəyindən də çoxdur.
Gülməcələr də çoxdur, eyni dərəcədə effektli sayıla biləcək real hadisələr, proseslər də.
Bu real proseslərdən biri haqqında danışaq.
Meyxana ətrafında aparılan söhbətlərdən.
Mütəmadi olaraq meyxananın gərəksizliyi, hətta zərərliliyi barədə açıqlamalar verilir. Bu açıqlamalar kimincə sosial şəbəkədəki statusunda da yer ala bilər, bu mövzuya səxavətlə efir vaxtı ayıran hansısa televiziya kanalında da.
Niyə?
Müxtəlif söz adamlarını meyxanaya qarşı səlib yürüşünə çıxmağa vadar edən nədir?
Hamımız bilirik ki, kimin harada hansı fikri səsləndirməsindən asılı olmayaraq meyxana deyənlər də olacaq, bu janra rəğbətini gizlətməyən auditoriya da.
Bəs ğörəsən “anti-meyxana” çıxışları niyə səngimir?
Bu janr doğrudanmı bu qədər təhlükəlidir? Düşünmürəm.
Bəlkə meyxananı yeri gəldi-gəlmədi tənqid eləmək tənqidçinin zövqlülüyünün təsdiqidir? Üstəlik, bu təkcə zövq məsələsi deyil, burada cəsarətli görünmə məsələsi də var deyəsən.
Kremlin həndəvərində uca səslə ABŞ prezidentini yamanlayan sovet adamı kimi cəsarətli görünmə.
Fuad Babayev