![](https://1905.az/wp-content/uploads/2021/11/milli-meclis-5-11-2021.jpg)
Azərbaycan Respublikasının Milli Məclisi 8 Noyabr- Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib.
AZƏRTAC xəbər verir ki, Bəyanat parlamentin noyabrın 5-də keçirilən iclasında qəbul olunub.
Bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizin bu il ilk ildönümü qeyd ediləcək. Azərbaycan dövlətinin və xalqının qeyrət rəmzinə çevrilmiş bu Qələbə ilə son 200 ilə yaxın dövrdə erməni şovinizminə sarsıdıcı zərbələr vurulmuş və xalqımız üçün mühüm taleyüklü məsələ öz həllini tapmışdır.
Ermənilər “dənizdən-dənizə” siyasətini yürüdərək müxtəlif illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Sovet hakimiyyəti illərində də azərbaycanlılara qarşı düşmənçilik siyasəti davam etdirilib. Ermənilərin havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb, qərbi azərbaycanlılar öz yurd-yuvalarından qovulub.
1988-ci ildə başladıqları və 1992-ci ildə yekunlaşdırdıqları işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt olunub. İşğal nəticəsində 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınıb, XX əsrin ən dəhşətli qətliamı – Xocalı faciəsi törədilib.
Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll olunmasına çalışsa da, Ermənistan bununla razılaşmayıb. Cəzasız qalan Ermənistan ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürərək yeni müharibə niyyətində olduğunu bildirdi. Nəhayət Azərbaycan 2020-ci il sentyabrın 27-də beynəlxalq hüquq normalarına riayət edərək əks-hücum əməliyyatına başladı və 44 gün ərzində öz ərazi bütövlüyünü bərpa etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanat imzalanıb.
Azərbaycan Zəfərindən sonra regionda yeni reallıq yaradıb.
Azərbaycan Milli Məclisi bəyan edir ki, beynəlxalq ictimaiyyət Ermənistana öz çirkin niyyətlərindən əl çəkmək üçün təzyiq göstərməlidir.
Bəyanatın mətnini Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib.