
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, komitə iclasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edir. İclasda əmək münasibətlərinin yenidən nəzərdən keçirilməsi, uşaq əməyinin aradan qaldırılması, ictimai səhiyyədə vəziyyət, sağlamlığın qorunmasına vahid yanaşma, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması, silahlı münaqişələrin ətraf mühitə təsiri, təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə strategiyaları və digər məsələlərə dair fikir mübadiləsi aparılacaq və müvafiq təkliflər irəli sürüləcək.
İclasın gündəliyinə Parlament Assambleyasının fəaliyyəti, Avropa Sosial Xartiyasının 2020–2021-ci illər üzrə nəticələri və islahatlar kimi mövzular da daxil edilib.
Azərbaycanlı deputat yuxarıda adları çəkilən sahələrdə ölkəmizin təcrübəsini bölüşəcək və müzakirə olunan məsələlərlə bağlı fikrini bildirəcək.
Xatırladaq ki, AŞPA sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Selin Sayek Böke sədrlik edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris