Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səmimi qəbula görə dərin minnətdarlığını bildirən Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsi qeyd edilib, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolunun olduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Özbəkistana tarixi səfərinin səmərəli nəticələri qeyd olunub, bu səfərin münasibətlərin daha da inkişafında yeni bir mərhələ təşkil etdiyi bildirilib. Diqqətə çatdırılıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.
Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev onun da salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Şavkat Mirziyoyev iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu qeyd edib, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan televiziyasına müsahibə verib. Parlamentin sədri müsahibəsində Azərbaycan nümayəndə heyətinin Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirakı, Azərbaycan-Özbəkistan əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.